Advertisment

Luqansk sakini Ukrayna ordusunun Rusiyanın hərbi hədəflərinə zərbələrini tənzimləyirmiş

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Luqansk vilayətinin sakinini saxlayıb. O, Ukrayna hərbi kəşfiyyatına işləməkdə şübhəli bilinib.

Herbiand.az bu barədə FTX-nin regional şöbəsinə istinadən bildirir.

Məlumata görə, saxlanılan şəxs Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün Rusiya hərbi hissələrinin bölgədə yerləşdirilməsi barədə məlumatlar ötürüb. Xüsusilə hərbi texnikanın yeri və təmir müəssisəsinin yeri barədə məlumatlar verilib. Daha sonra Ukrayna Silahlı Qüvvələri bu məlumatlar əsasında hədəflərə zərbələr endiriblər.

Saxlanılan şəxs deyib ki, onun hərəkətlərinə özünü İqor kimi təqdim edən bir nəfər nəzarət edirdi. O, hərəkətlərindən peşman olduğunu və başqalarını onun səhvlərini təkrarlamamağa çağırıb.

Tutulan şəxsə “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.

Bəxtiyar CƏFƏRLİ