Nobel mükafatı laureatı və süni intellekt üzrə qabaqcıl tədqiqatçı, AI-nin “xaç atası” kimi tanınan Ceffri Hinton özünü öyrənmə texnologiyalarının sürətli inkişafının riskləri barədə xəbərdarlıq edib və bu sahədə daha sərt tənzimləməyə ehtiyac olduğunu bildirib.
Herbiand.az-ın BMT xəbərlərinə istinadla verdiyi məlumata görə, təşkilatın Sosial İnkişaf üzrə Tədqiqat İnstitutu ilə birlikdə təşkil edilən “Rəqəmsal dünya: Sosial inkişaf naminə süni intellekt” qlobal konfransında çıxış edən professor Hinton süni intellekti “sükansız və çox sürətli avtomobil” ilə müqayisə edib.
Onun sözlərinə görə, əyləci olmayan avtomobil də enişdə çox təhlükəlidir, lakin sükanı olmayanda vəziyyət daha pisdir. Alimin fikrincə, tənzimləmə süni intellektin cəmiyyətin təməllərini sarsıtmaq əvəzinə, ona xidmət etməsinə imkan verəcək “sükanı” təmin etməlidir.
Hintonun açıqlamaları süni intellekti idarəetmə prinsipləri və onunla əlaqəli risklərin azaldılması ilə bağlı fəal beynəlxalq müzakirələr fonunda səslənir. Bu həftə hökumətlər və BMT-nin ekspert qrupları süni intellektin qlobal iqtisadiyyata və cəmiyyətə sürətlə nüfuz etməsi fonunda onun tənzimlənməsi mexanizmlərini müzakirə edir.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “Texnologiya və innovasiya – 2025” hesabatına görə, qlobal süni intellekt bazarı 2033-cü ilə qədər 2023-cü ildəki 189 milyard dollardan 4,8 trilyon dollara qədər artacaq. Bu inkişaf cəmi bir onillikdə Yaponiyanın iqtisadiyyatı ilə müqayisə edilə bilən bir iqtisadiyyat yaradacaq.
Eyni zamanda, BMT qlobal bərabərsizliyin artması riski barədə xəbərdarlıq edir. UNCTAD baş katibinin müavini Pedro Manuel Moreno qeyd edib ki, süni intellektin inkişafı hələ də məhdud sayda ölkə və şirkət tərəfindən idarə olunur.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Doren Boqdan-Martin Qlobal Şimalın sənayeləşmiş ölkələrində generativ süni intellektin tətbiqinin Qlobal Cənubun inkişaf etməkdə olan ölkələrinə nisbətən təxminən iki dəfə sürətlə baş verdiyini vurğulayıb. O qeyd edib ki, heç bir tədbir görülməzsə, bu, süni intellekti yaradan ölkələrlə sadəcə onun nəticələrindən faydalanan ölkələr arasında daha böyük bir uçuruma səbəb olacaq.
Süni intellektin potensialını və risklərini qiymətləndirmək üçün BMT bu sahədə tənzimləmə məqsədilə sübutlara əsaslanan tövsiyələr hazırlamaq vəzifəsi daşıyan Süni intellekt üzrə Müstəqil Beynəlxalq Elmi Panel yaradıb. Panel çərçivəsində ilk görüş Madriddə baş tutub.
Qrupun həmsədri, Nobel Sülh Mükafatı laureatı, filippinli jurnalist Maria Ressa bildirib ki, güclü süni intellekt vasitələri yalan məlumatların kütləvi şəkildə yayılması və “rəvayət müharibəsi” yolu ilə demokratik institutların aşınmasını sürətləndirə bilər və bununla da medianın, habelə məhkəmə sisteminin rolunu zəiflədər.
Qrupun gəldiyi qənaət iyul ayında Cenevrədə keçiriləcək Süni İntellektin İdarə Edilməsi üzrə Qlobal Dialoq zamanı istifadə olunacaq. BMT-nin 193 üzv dövlətinin hamısı, eləcə də biznes, vətəndaş cəmiyyəti, akademiya və texnologiya sənayesinin nümayəndələri bu mötəbər tədbirdə iştirak edəcəklər. Təşəbbüsün məqsədi süni intellektin təhlükəsiz və ədalətli inkişafına ümumi yanaşmalar hazırlamaqdır.