30 aprel tarixində Azərbaycan Gəncliyə Yardım Fondunda tələbə-gənclərin iştirakı ilə yekun maarifləndirici görüş təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının möhkəmləndirilməsi və müasir dövrün çağırışları fonunda milli kimliyin qorunması istiqamətində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri kimi dəyərləndirilir.
Tədbiri giriş sözü ilə açan Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənli iştirakçıları salamlayaraq bildirib ki, belə görüşlər gənclərin vətəndaş məsuliyyətinin formalaşmasına və cəmiyyət həyatında daha fəal rol almalarına mühüm təsir göstərir. O, layihənin əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verərək vurğulayıb ki, layihə Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik şüurunun gücləndirilməsinə, milli-mənəvi dəyərlərin və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir.
Emin Həsənli çıxışı zamanı onuda qeyd edib ki, gənc nəslin milli şüurunun inkişafı, onların tarixi köklərə bağlılığının möhkəmləndirilməsi və milli dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində sistemli maarifləndirmə işlərinin aparılması təşkilatın əsas prioritetlərindəndir. O əlavə edib ki, həyata keçirilən bütün layihələrdə gənclərin vətənpərvərlik ruhunun artırılması, cəmiyyətdə birlik və həmrəylik dəyərlərinin təşviqi xüsusi yer tutur və bu istiqamətdə fəaliyyət ardıcıl şəkildə davam etdiriləcək.
Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq qeyd edib ki, qloballaşmanın sürətləndiyi müasir dövrdə gənclər müxtəlif ideoloji və mədəni təsirlərə daha açıqdırlar. Bu səbəbdən onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və düzgün istiqamətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, milli ruhda yetişən gənclik hər bir dövlətin dayanıqlı inkişafının, ictimai sabitliyinin və gələcək uğurlarının əsas təminatçısıdır. O, həmçinin qeyd edib ki, bu cür maarifləndirici layihələr gənclərin tənqidi düşüncə bacarıqlarının inkişafına, milli dəyərlərə müasir yanaşma formalaşdırmasına və sosial fəallığının artmasına müsbət təsir göstərir.
Görüş interaktiv müzakirələrlə davam edib. Tələbə-gənclər çıxışçılara suallar ünvanlayıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, onların təklif və təşəbbüsləri dinlənilib. İştirakçılar bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq layihəyə maraq və dəstəklərini ifadə ediblər.
Məlumat üçün qeyd edək ki, üç ay müddətində həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlər təşkil olunub və bu günki yekun təqdimat tədbiri keçirilir. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun daha da möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin genişləndirilməsinə xidmət edir.