Advertisment

D-8-in Baş katibi: WUF-13 yüksək səviyyədə təşkil olunub

20 mayda xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud ilə görüşüb.

 

XİN-dən Herbiand.az-a verilən xəbərə görə, Baş katib iştirakçısı olduğu Ümumdünya Şəhərsalma Forumunun (WUF-13) yüksək səviyyədə təşkilinə və bu çərçivədə faydalı müzakirələrə görə təşəkkür edib. 


 

Görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, energetika, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib. 
 


 

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb. Bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

 

Ümumilikdə, siyasi və iqtisadi cəhətdən mühüm ölkələri, 1,3 milyarda yaxın əhalini və 5 trilyon ÜDM-i birləşdirən D-8-nin nüfuzunun daha da artırılması istoqamətində birgə səylərin vacibliyi vurğulanıb. 
 


 

Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri nəzərdən keçirilib, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.