Mənzil böhranı Avropa İttifaqının siyasi gündəliyində prioritet mövzulardan birinə çevrilib.
Herbiand.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Avropa Parlamentinin üzvü Markos Ros Sempere bildirib.
Onun sözlərinə görə, artan mənzil xərcləri, ipoteka təzyiqləri, regional bərabərsizliklər və iqlim riskləri mənzili dövrümüzün əsas siyasi, sosial və ərazi problemlərindən birinə çevirib.
Markos Ros Sempere qeyd edib ki, Avropa İttifaqında ilk dəfə olaraq mənzil məsələlərinə cavabdeh Avropa komissarı təyin edilib və münasib qiymətli mənzil planı hazırlanır.
O bildirib ki, Avropa Parlamenti 2028–2034-cü illəri əhatə edəcək yeni büdcə çərçivəsində mənzil layihələrinin maliyyələşdirilməsinin gücləndirilməsini müdafiə edir.
Avropa Parlamentinin üzvü vurğulayıb ki, mənzil siyasəti torpaq istifadəsi, nəqliyyat, ictimai xidmətlər və enerji səmərəliliyi siyasətlərindən ayrı nəzərdən keçirilə bilməz.
Onun sözlərinə görə, yerli hakimiyyət orqanlarının maliyyə imkanlarının məhdud olması əsas maneələrdən biridir və bu səbəbdən daha güclü çoxsəviyyəli idarəetmə və əlavə maliyyə resurslarına ehtiyac var.