Advertisment

​Naxçıvanda Sədərək döyüşlərinin ildönümü münasibətilə anım tədbirləri keçirilib - FOTO

​Sədərək döyüşlərinin ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər təşkil olunub.

Naxçıvan "Şəhid Ailələri" İctimai Birliyi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan mərasimlər ilk olaraq Şərur rayon Şəhidlər Xiyabanından start götürüb. Ziyarətçilər qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzərək ruhlarına dualar oxuyublar. Anım proqramı daha sonra Sədərək rayon Şəhidlər Xiyabanında davam etdirilib.

​Mərasimlərdə Muxtar Respublikanın Ali Məclis deputatları, Sədərək və digər rayonların icra hakimiyyətlərinin rəhbərləri, aparat əməkdaşları, idarə və müəssisə rəsmiləri iştirak ediblər. Həmçinin şəhid ailələri, qazilər, müharibə veteranları, məktəblilər, ictimaiyyət nümayəndələri, eləcə də Daxili İşlər Nazirliyinin polis əməkdaşları və Əlahiddə Ümumqoşun Ordusunun zabit heyəti tədbirə qatılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

​Tədbirdə Fazil Zamanov, Mübariz Zeynalov, Şamil Hüseyinov, Səyyad Məmmədov, İbrahim Məmmədov, Abbasəli Seyidov, Vəli Məmmədov, Taleh Məmmədov və digər igidlərin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. Natiqlər qeyd ediblər ki, bu cəsur oğulların Naxçıvanın müdafiəsində göstərdikləri mərdlik, qətiyyət və fədakarlıq xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindəndir.

​Çıxışlar zamanı o da xüsusi vurğulanıb ki, həmin taleyüklü dövrdə Naxçıvana rəhbərlik edən Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımları və xalqla çiyin-çiyinə nümayiş etdirdiyi sarsılmaz iradə Muxtar Respublikaya qarşı planlaşdırılan genişmiqyaslı hərbi təcavüzün qarşısını alıb. Əhalinin vahid mövqedən çıxış etməsi və milli həmrəylik nümayiş etdirməsi Naxçıvanın daha böyük faciələrlə üzləşməsindən xilasında mühüm rol oynayıb.

​Bildirilib ki, Sədərək döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizin mübarizəsi bu gün gənc nəsil üçün böyük vətənpərvərlik örnəyi olmaqla yanaşı, Vətən müharibəsində zəfər çalan Azərbaycan əsgərinin mənəvi güc və ruh mənbəyinə çevrilib.

​Anım tədbirləri eyni zamanda Muxtar Respublikanın Culfa, Kəngərli və digər bölgələrində də təşkil olunub. Həmin rayonlarda da şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, məzarları ziyarət olunub və günün xatirəsinə şəkillər çəkdirilib.

Bəxtiyar Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Naxçıvan "Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi