Advertisment

Şahbuz və Şərur rayonlarında 44 günlük Vətən müharibəsi şəhidlərinin ad günləri qeyd edilib

Şahbuz rayonunun Kolanı kəndində Vətən müharibəsi şəhidi İman Alməmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, DİN polis əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, polis əməkdaşları, kənd sakinləri və qonaqlar iştirak ediblər.

Əvvəlcə dövlət himni səsləndi, ardınca şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub.

Tədbir zamanı çıxış edənlər Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək, İman Alməmmədovun igidliyinin gənc nəsil üçün nümunə olduğunu vurğulayıblar. Qeyd edilib ki, İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Orta təhsilini Kolanı və Babək rayonunun Vayxır kənd məktəblərində alıb. Hərbi xidmətdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib.

O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edərək Füzuli, Hadrut, Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Xocalının Çanaqçı kəndinin azadlığı uğrunda döyüşüb. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib və 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şəhid İman Alməmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Anım tədbirinin sonunda şəhidin ailəsinə və yaxınlarına bir daha başsağlığı verilib, onun xatirəsinin daim uca tutulacağı bildirilib.

Şərur Rayon Şəhidlər Xiyabanında Vətən müharibəsinin şəhidləri Cəlilov Sahil Oqtay oğlunun və Əbilov Kamal Vidadi oğlunun ad günlərində xatirələri yad edildi.

Anım mərasimində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Əlahiddə ümum qoşun ordunun əsgər və zabit heyəti, qazilər, müharibə veteranları, Şəhid ailələri, Naxçıvan MR Ali Məclisinin deputatları, dövlət və hökümət nümayəndələrinin də iştirak etdiyi tədbirdə şəhidlərimizin ruhuna dular oxunub, məzarları üstünə tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində, ondan əvvəlki illərdə və antiterror əməliyyatlarında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb, belə gənclərin gələcək nəsillərə nümunə olduqlarını qeyd ediblər. Ziyarətçilər şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Sahil, Kamal və onların timsalında Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi daim Azərbaycan xalqının yaddaşında yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Sahil Oqtay oğlu Cəlilov 17 may 1998-ci ildə Naxçıvan MR Şərur rayonu Dərvişlər kəndində anadan olub. Tam orta təhsilini Dərvişlər kənd tam orta məktəbində alan Sahil 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2019-cu ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlayıb.

Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak edib.

Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşub. Sahil Cəlilov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", " Fizulinin azad olunmasına görə", " Xocavəndin azad olunmasına görə" və "Hərbi Xidmətlərə görə" medalları ilə təltif edilib.

Mövlud günü qeyd edilən şəhidimiz Əbilov Kamal Vidadi oğlu 1996-cı ilin mayında Şərur rayonunun Oğlanqala kəndində dünyaya göz açıb. 2004-cü ildə Oğlanqala kənd tam orta məktəbində ilk təhsilinə başlayan Kamal 2011-ci ildə hərb sənətinin təməl biliklərinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

 2014-cü ildə bu təhsil ocağını bitirən Kamal Əbilov Bakıya yollanıb. Burada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq kursant kimi təhsilini davam etdirir.

2018-ci ildə AAHM-i bitirən Kamal leytenant rütbəsi alaraq N saylı hərbi hissədə fəaliyyətə başlayıb. Leytenant Əbilov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində savaşıb. Kamal sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" , döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik göstərdiyi üçün "İgidliyə görə" və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında böyük şücaət nümayiş etdirdiyi üçün "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi