Şəhid Rəşad Hüseynlinin Doğum Günü Qeyd Olunub.
2022-ci ilin sentyabr ayında mənfur düşmən təxribatının qarşısını alarkən Zəngilan rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalan Hüseynli Rəşad Ramiz oğlunun doğum günü münasibətilə məzarı başında anım tədbiri təşkil edilib.
Tədbir Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Sara Hüseynova, şəhid atası Məhəmməd Nəcəfov və şəhid anası Xuraman Zeynallı qəhrəmanımızın keçdiyi qısa, lakin şərəfli ömür yolundan, göstərdiyi şücaətdən söz açıblar. Vurğulanıb ki, Rəşad kimi oğulların qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Tədbirdə məktəblilərin ifasında Vətəni, qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib, şəhidimizin ruhuna dualar oxunub.
Daha bir anım mərasimi Birinci Qarabağ müharibəsinin çətin günlərində canını fəda etmiş qəhrəmanımızın xatirəsinə həsr olunub. 1992-ci il mayın 21-də Sədərək kəndinin Miltəpə istiqamətində gedən olduqca ağır və həlledici döyüşlərdə Vətən uğrunda qəhrəmancasına şəhid olan Ağayev Əliqulu İbrahim oğlunun anım günü rayon ictimaiyyəti tərəfindən dərin ehtiramla qeyd edilib.
Bu ehtiram tədbirində də rayon rəhbərliyi – Sara Hüseynova, rayon polis şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin aparat işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhid doğmaları bir araya gəliblər. Ziyarətçilər şəhidin keçdiyi döyüş yoluna nəzər salaraq, Sədərək müdafiəsinin Naxçıvanın qurtuluş tarihindəki xüsusi önəmini xatırladıblar. Qəhrəmanın əziz xatirəsi yad edilərək, məzarı üzərinə tər çiçəklər düzülüb.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi