Türkiyədə işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti İzmirin Doğanbey bölgəsində keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Herbiand.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel məruzə edərək təlimin ümumi gedişatı, qarşıya qoyulmuş tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.
Qeyd olunub ki, “EFES - 2026” təlimində ilk dəfə olaraq T625 GÖKBEY helikopterləri, 105 mm Boran yedəkli haubitsaları, MEMATT minatəmizləmə vasitələri, KARAOK, UMTAS və L-UMTAS tank əleyhinə raket sistemləri, eləcə də ASLAN SARP UKKS insansız yerüstü idarə olunan kəşfiyyat və atəş vasitələrindən istifadə edilir.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler bu cür təlimlərin əhəmiyyətini qeyd edib və hərbi qulluqçulara uğurlar diləyib.
Təlimi izləyən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçılarını salamlayıb, "EFES - 2026" təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğulayıb.
Sonra təlimə cəlb edilən bölmələr praktiki olaraq müxtəlif taktiki epizodları icra ediblər. Daha sonra yüksək səviyyəli nümayəndələr aviasiya vasitələrinin nümayiş uçuşlarını, xüsusi təyinatlıların paraşüt tullanışlarını və Mehteran Birliyinin çıxışlarını izləyiblər.
"Yüksək Səviyyəli Müşahidəçi Günü" çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisinə gələn qonaqlar nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.
Beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçularımızın peşəkarlığı yüksək qiymətləndirilib.