Advertisment

Səmərəli suvarma ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək-QHT layihənin icrasına başladı

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsinin icrasına başlayıb. Bu barədə ictimai birliyin sədri, layihənin rəhbəri Elman Cəfərli məlumat verib. 
Qlobal istiləşmənin artıq hər gün real həyatımıza təsir etməyə başladığını vurğulayan Elman Cəfərli deyib ki, bu dövrdə üzə çıxan ən böyük problemlərdən biri də su çatışmazlığıdır: "Avropa Birliyinin "Copernicus" iqlim xidmətinin məlumatına görə, 2023-cü il son 100 ilin ən isti ili olub. Həmin ilin may ayında planetdə rekord istilər qeydə alınıb. Su çatışmazlığını isə yaradan əsas amillərdən biri də dünya əhalisinin artmasıdır. Müasir dünyada istehsal olunan ərzaq məhsullarının 80 faizindən çoxu suvarma suyu hesabına başa gəlir. Ərzaq təhlükəsizliyini təmin etmək üçün daha çox suya ehtiyac var. Hazırkı dövrdə su mənbələrinin çatışmazlığı planetdə canlı həyatı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Problem ölkəmiz üçün də aktualdır. Çünki Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir. Ölkəmizin şirin su mənbələrindən götürülən suyun miqdarı getdikcə artır". 


Layihə rəhbəri deyib ki, yaranmış problem modern su idarəçiliyinin tətbiqini tələb edir. Bunun üçün isə cəmiyyətdə suya qənaət, effekti su idarəetməsi təşviq edilməli, ərzaq istehsalı ilə məşğul olan fermerlər maarifləndirilməlidir.
Onun sözlərinə görə, Bakı, Salyan və Saatlıda icra olunacaq 2 aylıq layihənin əsas  məqsədi cəmiyyətdə su ehtiyatlarına qənaət və ətraf mühitə sevgi hissinin aşılanması, ümumilikdə cəmiyyətdə ekoloji şüurun formalaşdırılmasına dəstək verməkdir. 
"Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövründə günün başlıca tələbi vətəndaşlarda ekoloji şüurun, təbii sərvətlərdən, xüsusilə içməli və suvarma suyundan qənaətlə istifadə vərdişinin formalaşdırılması olmalıdır"-deyə, o, bildirib.
E.Cəfərli bildirib ki, layihə ölkə ictimaiyyətin diqqətini Azərbaycanda yaşanan su çatışmazlığına, su qıtlığının yaxın gələcəkdə yaradacağı problemlərə çəkəcək. Həmçinin problemin həlli ilə bağlı təşəbbüslər öyrəniləcək, su idarəetməsini düzgün təşkil etməyən şəxsləri və qurumları ictimai qınaq hədəfinə gətiriləcək, effektiv su idarəçiliyinin tətbiqi təşviq ediləcək. 
Layihə mediada və sosial şəbəkələrdə geniş işıqlandırılacaq, keçirilən ictimai müzakirələrdə, hazırlanan video müsahibələrdə, məqalələrdə qeyd olunan problemlər və onların həlli yolları göstəriləcək.