Advertisment

DSMF sədri Zəka Mirzəyev: Azərbaycanın sosial müdafiə modeli digər ölkələr üçün nümunəyə çevrilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev APA-ya müsahibə verib.

Herbiand.az müsahibəni təqdim edir:

– Dövlət Sosial Müdafiə Fondunun BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsi Azərbaycanın sosial müdafiə sistemi üçün hansı strateji əhəmiyyət daşıyır?

– İlin nüfuzlu beynəlxalq tədbirlərindən birində – Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda (tədbir 2026-cı il 2325 iyun tarixlərində Tbilisi şəhərində keçirilib) Azərbaycanı təmsil etmək və qeyd etdiyiniz mükafatı almaq bizim üçün qürurvericidir. BMT-nin Dövlət Xidmətləri Mükafatı istənilən ölkədə hər hansı dövlət orqanının əldə edə biləcəyi ən nüfuzlu beynəlxalq təltifdir və hər il yüzlərlə iddiaçı ona nail olmağa çalışır. BMT-nin rəsmi bəyanatına görə, bu mükafat dövlət xidmətləri sahəsində mükəmməlliyin tanınmasıdır.

 

Mükafat 2002-ci ildə BMT Baş Assambleyasının Dövlət Qulluğu Gününün təsis edilməsi haqqında qərarı ilə əlaqədar BMT tərəfindən təsis olunub. 2003-cü ildən hər il, 2024-cü ildən isə iki ildən bir təqdim edilir. Qaliblər dövlət xidmətlərini həyata keçirən qurumların ən çevik və səmərəli fəaliyyətinin qiymətləndirilməsi əsasında BMT-nin müvafiq komissiyaları və Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin yekun qərarı ilə müəyyən olunur. Əvvəlki illərdə də həm DSMF, həm də Azərbaycanın digər dövlət qurumları bu müsabiqələrdə iştirak edib. Bizə qədər Azərbaycandan yalnız iki qurum – 2007-ci ildə Dövlət Neft Fondu, 2015-ci ildə isə ASAN xidmət haqqında bəhs etdiyimiz mükafatla təltif olunub. Sonuncu müsabiqədə Dövlət Sosial Müdafiə Fondu olaraq, biz bu mükafata layiq görüldük.

Strateji əhəmiyyətinə gəlincə, bu mükafat DSMF-nin dövlət xidmətlərini beynəlxalq təşəbbüslərə və qlobal çağırışlara tam uyğun şəkildə həyata keçirdiyini təsdiqləyir. Mükafata aparan tədbirlərin hamısı çoxşaxəli dövlət islahatları çərçivəsində məhz sosial müdafiə sahəsində görülən işlərdir. Bu nəticə Azərbaycanın sosialyönlü siyasətinin digər islahatlardan geri qalmadığını, hətta bir sıra istiqamətlərdə öndə olduğunu göstərir. Bu da təsadüfi deyil, çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə Azərbaycan sosial dövlət olduğunu bütün sosial-iqtisadi qərarları və həyata keçirdiyi islahatlarla hər addımda sübut edir.

DSMF 63 ölkənin 700 layihəsi arasından qalib seçilib

– Qiymətləndirmə prosesi necə aparıldı və Azərbaycanın təşəbbüsündə BMT ekspertlərinin diqqətini xüsusilə nə cəlb etdi?

– Qiymətləndirmə BMT-nin müvafiq komissiyalarında çoxmərhələli qaydada aparılır. Layihə sənədlərimizi təqdim etdikdən sonra komissiyalar onları növbəti mərhələlərə buraxılış üçün qiymətləndirdi, daha sonra əlavə sorğular, təsdiqedici sənədlər, zəruri hallarda isə videomateriallar əsasında proses davam etdirildi. Yekun qərarı BMT Baş katibinə hesabat verən Dövlət İdarəetməsi üzrə Ekspertlər Komitəsi verir. Qiymətləndirmə 2026-cı ilin fevral ayınadək davam edib.

Ekspertlər ilk növbədə ən azı son iki ildə tətbiq edilən təşəbbüslərin innovativliyinə və nəticələrinə baxırlar. (Sözsüz ki, görülən işlərin BMT katibliyinə göndərilən sənədlərdəki, materiallardakı təqdimatının məzmunu, qısa arayışlarla əhatəliliyi və təqdimatından çox şey asılıdır.) Daha sonra həmin təşəbbüslərin təkcə təqdim olunan sahədə deyil, ümumilikdə cəmiyyətdəki təsirini qiymətləndirirlər. 2026-cı il müsabiqəsi üzrə layihələr 4 kateqoriya üzrə qəbul olunurdu. Biz “Heç kəsi kənarda qoymamaq naminə inklüziv və bərabər dövlət xidmətlərinin göstərilməsi” kateqoriyasına uyğun olaraq “Hamı üçün inklüziv və bərabər sosial müdafiə xidmətləri” layihəmizi hazırlayıb təqdim etmişdik. Sonrakı mərhələlərdə qeyd etdiyim kimi bu layihəni uğurla müdafiə etməyi bacardıq.

Bu mərhələlərdən keçərək DSMF olduqca rəqabətli qiymətləndirmə prosesində qalib gələn qurumlardan biri oldu. Qeyd olunduğu kimi, bu il Forumda iştirak edən ölkələrin 63-nün müvafiq dövlət qurumları layihə sənədləri ilə BMT-yə müraciət etmişdi və DSMF 700 layihə sənədi içərisindən seçilmiş 8 qalib ölkənin qurumlarından biridir. Mükafatın təqdim olunduğu Foruma isə BMT-yə üzv olan 100-ə yaxın ölkədən rəsmi 420, ümumilikdə 500-ə yaxın nümayəndə qatılmışdı.

5 sosial islahat zərfinə əlavə illik 8 milyard manat vəsait yönəldilib

– Bu mükafatı Azərbaycanın son illərdə həyata keçirdiyi sosial islahatların beynəlxalq təsdiqi kimi qiymətləndirdiniz. Həmin islahatların mahiyyəti nədən ibarətdir?

– Son illərdə həyata keçirilən islahatları iki əsas istiqamətə bölmək olar. Birincisi, əhalinin layiqli həyat səviyyəsinin və rifahının yaxşılaşdırılmasına yönələn, dövlət başçısının Fərman və Sərəncamları, qanunvericiliyə edilmiş dəyişikliklər əsasında icra olunan islahatlardır. Bu islahatlar barədə məlumatları mütəmadi olaraq ictimaiyyətlə bölüşürük; insanlarımız da islahat nəticələrini gündəlik həyatında hiss edir. Bunlar son 7 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, xüsusən də DSMF-nin funksiyalarına aid icra mexanizmlərinin tətbiqini tələb edən sosial islahat zərfləridir: 2019-cu ildən etibarən həyata keçirilmiş 5 sosial islahat zərfinə həm dövlət büdcəsi, həm də dövlət sosial müdafiə büdcəsi hesabına indiyədək ümumilikdə əlavə illik 8 milyard manat vəsait ayrılıb və bu islahatlar 4 milyon insanı əhatə edib.

İslahatların ikinci istiqaməti kimi inzibati-təşkilati innovativ tədbirləri qeyd edə bilərik. BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə bağlı müsabiqə üzrə qiymətləndirilmədə əsas götürülən də məhz bu tədbirlərin məzmunu, keyfiyyəti və nəticələridir. Çünki əhalinin maddi rifahı ilə bağlı məsələlər ölkənin iqtisadi imkanlarından asılıdır və Ekspertlər Komitəsinin qiymətləndirmə predmetinə daxil deyil. Buna baxmayaraq 5 sosial islahat zərfinin mahiyyəti, habelə əhalinin rifahında müşayiət olunan təsirləri birmənalı olaraq innovativ tədbirlərimizə həm əsas verib, həm də onun sosial siyasətdə tamamlayıcı fundamentini təşkil edib. Çünki dövlətimizin əsas məqsədi hüquq və azadlıqlarla yanaşı, Konstitusiyamızda qeyd olunduğu kimi həm də Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir.

Korrupsiya meylləri sıfıra enib

İnzibati islahatların özünü üç istiqamətə bölmək olar: rəqəmsal transformasiya, mərkəzləşdirilmiş xidmət modeli və keyfiyyətli idarəetmə.

Rəqəmsal transformasiyaya 2019-cu ildən başlamışıq. 2018-ci ildə DSMF-nin xidmətlərinin cəmi 6-sı rəqəmsal platforma üzərindən göstərilirdisə, bu gün 77-si – yəni 98 faizi – elektronlaşdırılıb. Elektron xidmətlərin 65 faizi proaktiv xidmətlərdir: proaktiv xidmətlər müraciət əsaslı modeldən fərqli olaraq, informasiya bazalarındakı məlumatlar əsasında göstərilir və vətəndaşın hüququ yarandığı tarixdən heç bir müraciət olmadan sosial ödəniş hüquqlarının tanınmasını və müəyyən edilməsini nəzərdə tutur.

2019-cu ildən etibarən apardığımız ciddi mərkəzləşdirmə islahatları isə vətəndaşların əyani müraciətini minimuma endirib və vətəndaş-məmur ünsiyyəti demək olar ki, aradan qaldırılıb. Bu gün vətəndaş-məmur təması yalnız qəbul mərkəzlərindədir: Sosial ödəniş təyinatı aparan heç bir əməkdaş vətəndaşla görüşmür. Bu da onu göstərir ki, vaxtilə bu sahədə cəmiyyətin, həmçinin dövlətimizin narahat olduğu korrupsiya meylləri sıfıra enib.

DSMF illik 11 milyard manata yaxın sosial ödənişlər həyata keçirir

– BMT-nin Dövlət Xidmətləri Mükafatına aparan yolu necə xarakterizə edərdiniz? DSMF-in beynəlxalq uğurlarını hansı istiqamətlərdə davam etdirməyi, hansı beynəlxalq təşəbbüslərdə iştirak etməyi planlaşdırırsınız?

– Bu yolun dönüş nöqtəsi 2018-ci ildə cənab Prezidentin imzaladığı dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə görülmüş əhəmiyyətli işlərin davamı olaraq sosial müdafiə və sosial təminat sahələrində şəffaflığı və operativliyi təmin etmək üçün dövlət xidmətlərinin tam elektronlaşdırılmasını, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsini, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə əlavə tədbirləri nəzərdə tutan 258 nömrəli müvafiq Fərmanla qoyuldu. Dövlət başçısı bütün sosial müdafiə xidmətlərinin elektronlaşdırılması ilə bağlı tapşırıqlar verdi. Məqsəd şəffaflığın və əlçatanlığın təmin edilməsi, vətəndaş-məmur ünsiyyətinin azaldılması üçün tədbirlərin kompleks şəkildə həyata keçirilməsi idi. Bundan sonra atdığımız hər addım həm qanunvericilik təşəbbüsləri, həm də inzibati təcrübənin dəyişməsi ilə müşayiət olundu.

Nəticələr göz qabağındadır. 2018-ci ilə nisbətən Fond tərəfindən daha optimal əməkdaş sayı ilə, daha az, lakin mərkəzləşdirilmiş struktur bölmələrlə daha böyük həcmli və əlçatan, operativ, şəffaf və uğurlu vətəndaşyönlü xidmət göstərilir. 2018-ci ildə dövlət sosial ödənişlərinin illik həcmi 4 milyard manat civarında idisə, bu gün Fond dövlət adından bu istiqamətdə illik 11 milyard manata yaxın vəsaitin ödənilməsini təmin edir.

Bununla belə, DSMF-nin fəaliyyətinin hədəfləri beynəlxalq qiymətləndirmələrə yönəlməyib, yəni əldə etdiyimiz nailiyyətlərin dəyəri təkcə beynəlxalq mükafat və təltiflərlə ölçülmür. Bizim üçün ən böyük mükafat xalqdan qazandığımız etimaddır. Vətəndaşlar dövlət başçımızın tapşırıqları əsasında həyata keçirdiyimiz islahatların nəticəsini sosial rifahlarının yaxşılaşmasında hiss edirlərsə, ən böyük uğurumuz budur. Bu uğurun qlobal müstəvidə ən yaxşı beynəlxalq təcrübələrdən biri kimi tanınması isə bizə həm əlavə motivasiya verir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Eyni zamanda, biz bu nöqtəyə gələnə qədər yuxarıda haqqında bəhs etdiyim tədbirlərlə həm də beynəlxalq əməkdaşlığımızı inkişaf etdirmiş, qabaqcıl beynəlxalq təcrübəni öyrənib sosial müdafiə sistemimizdə tətbiq etməklə yanaşı, daima ölkəmizi, dövlətimizi beynəlxalq müstəvidə, o cümlədən regional və universal beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə təmsil etməyə çalışmışıq və düşünürəm ki, buna böyük ölçüdə nail ola bilmişik. Bundan sonra da qeyd olunan istiqamətdə daha həvəslə, əldə etdiyimiz bu son uğurun, konkret desək, yüksək beynəlxalq etimadın doğruldulması üçün də səylərimizi davam etdirəcəyik.

DSMF-nin təcrübəsi ən yaxşı beynəlxalq təcrübələrdən biri kimi qəbul edilir

– 63 ölkədən təqdim olunan 700 təşəbbüs arasından seçilərək bu nüfuzlu mükafata layiq görülməyinizin – belə rəqabətli seçimdə qalib gəlməyinizin əsas uğur amilləri nələr olub?

– İlk növbədə keyfiyyətli idarəetmə. BMT-nin müvafiq komissiyaları və ekspertlər komitəsi ilə müzakirələrdə də onların daha çox kökləndiyi məqamları – keyfiyyətli idarəetməni əsaslandıran məqamları önə çəkmişik. Biz ciddi mərkəzləşdirmə tədbirlərini başa çatdıraraq kadr potensialımızı xeyli gücləndirdik: əməkdaşlarımızın həm bilik və bacarıqlarının artırılmasına, həm də dövlət vəzifələrinin icrasında sosial ədalətə sadiqliyə yönələn mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirdik.

İkinci amil institusional əməkdaşlıqdır. Nəinki DSMF, heç bir qurum belə bir uğurun öhdəsindən təkbaşına gələ bilməzdi. Elektron xidmətlərimizin istifadə etdiyi informasiya bazalarında elə məlumatlar var ki, onlar DSMF-də yalnız emal olunur – mənbəyi isə digər dövlət qurumlarıdır. İnstitusional əməkdaşlıqda toxunmaq istədiyim xüsusi bir məqam var ki, o da vətəndaşlara açılan qapımız, Birinci vitse-prezidentin təşəbbüsü ilə 2019-cu ildən tətbiq edilən DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyasıdır. Nazirliyin göstərdiyi 150 xidmətin hər biri DOST mərkəzləri vasitəsilə vətəndaşlara açıqdır və ən şəffaf şəkildə çatdırılır. Bu xidmətlərin yarısından çoxu –79-u DSMF-yə aiddir. Nazirlik daxilində fəaliyyət göstərən daha bir qurumumuz – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Fondun göstərdiyi xidmətlərin rəqəmsallaşmasına və proaktiv təyinat təşəbbüslərinə texnoloji dəstək göstərməklə innovativ tədbirlərimizin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb. Yəni DSMF-də elektron və ya proaktiv təyinatların aparılması ilə bağlı qaldırdığımız məsələlərin, tərəfimizdən hazırlanan funksional idarəetmənin elektron informasiya müstəvisinə köçürülməsi DOST RİM-in dəstəyi ilə mümkündür.

Başqa bir məqam: Məcburi sosial sığorta haqlarının ödənilməsinə, hesabatların vaxtında təqdim edilməsinə nəzarət İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aiddir və həmin məlumatların vaxtında düzgün emal olunaraq DSMF-yə ötürülməsi bizim üçün vacibdir. Yaxud nazirliyimizə tabeli qurumlar olan Dövlət Məşğulluq Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət sahəsinə aid əmək müqavilələri altsistemindəki məlumatların dəqiqliyi və etibarlılığı da eyni dərəcədə əhəmiyyətlidir. Əvvəllər əmək müqaviləsi bağlanır, lakin müvafiq sistemlərə işlənmirdi – nəticədə, məsələn, işləyən şəxslərə qanunla qadağan olunan bəzi sosial müavinətlər təyin edilir, yaxud əksinə, qüvvədən düşmüş müqavilə səbəbindən əsassız imtinalar verilirdi. İndi isə qurumlararası məlumat inteqrasiyası belə halları istisna edir. Ötən il inteqrasiyasına nail olduğumuz Dövlət İmtahan Mərkəzinin məlumat bazasındakı faktlar əsas götürülməklə ali təhsil alan və davam etdirən 23 yaşadək şəxslərdən artıq arayışlar almadan ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət təyinatını proaktiv davam etdiririk. İnstitusional əməkdaşlığın sosial müdafiə fəaliyyətimizə töhfə verdiyi onlarla bu cür misal gətirmək olar.

Əldə etdiyimiz uğurun üçüncü mühüm amili kimi daim istifadə etdiyimiz qabaqcıl beynəlxalq təcrübə göstərilməlidir. İstər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli və çoxtərəfli platformalarda qabaqcıl təcrübənin öyrənilməsinə daim önəm vermişik. Sevindirici haldır ki, bu gün DSMF-nin öz təcrübəsi də ən yaxşı beynəlxalq təcrübələrdən biri kimi qəbul edilir. Nailiyyətlərimiz təkcə BMT mükafatı əsasında deyil, əvvəlki dövrlərdə də sosial müdafiə sahəsində əsas beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində dəfələrlə təqdir olunub və ən yaxşı təcrübələrdən biri kimi tanınıb.

Hər ay 2,2 milyon vətəndaşa 900 milyon manat ödəniş edilir

– BMT tərəfindən xüsusi qiymətləndirilən “Hamı üçün inklüziv və bərabər sosial müdafiə xidmətləri” təşəbbüsünün əsas üstünlükləri nədir və vətəndaşlar bunun faydasını gündəlik həyatda necə hiss edirlər?

– Təşəbbüsün mahiyyəti elə adında əks olunub: söhbət hər kəsi əhatə edən, inklüziv və bərabər sosial müdafiə xidmətlərindən gedir. Dövlət adından həyata keçirdiyimiz sosial müdafiə xidmətləri hüququ çatan hər bir şəxs üçün əlçatan olmalıdır. DSMF-nin 80-ə yaxın xidmətinin hər biri ölkəmizin təxminən 10 milyon 300 min nəfərlik əhalisinin hər biri üçün hüququ yaranan anda açıqdır və bu hüquq əksər hallarda heç bir müraciət tələb olunmadan, proaktiv qaydada təmin edilir. Bu, inklüzivliyin bariz göstəricisidir.

Gündəlik həyatda bunun ifadəsi konkret rəqəmlərdədir: hər ay 2 milyon 200 min vətəndaşa sosial ödəniş həyata keçiririk ki, bu da təxminən aylıq 900 milyon manat vəsait deməkdir. Bu vəsaitin 74 faizi əmək pensiyalarının, qalan hissəsi isə sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, Prezident təqaüdlərinin, kompensasiyaların, səlahiyyətlərimizə son illərdə aid edilən bəzi icbari sığorta növlərinin payına düşür.

Bu il ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 465 milyon manat nəzərdə tutulub

– Ünvanlı dövlət sosial yardımı üzrə bu il hansı həcmdə vəsait nəzərdə tutulub? Ümumiyyətlə, Fondun ödənişlərinin əhatə dairəsi son illərdə hansı istiqamətlərdə genişlənib?

– Bu ilin dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üzrə 465 milyon manat vəsait proqnozlaşdırılıb. Aylıq bu istiqamətdə Fond tərəfindən təxminən 35 milyon manat vəsait ödənilir. Qeyd edək ki, islahatlara başlamazdan əvvəl – 2018-ci ildə bu rəqəmlər müvafiq olaraq illik 109 milyon, aylıq təxminən 9 milyon manat təşkil edirdi. Hazırda 78 min ailənin 350 mindən çox ailə üzvünə ünvanlı dövlət sosial yardımı xidməti göstərilir. Bu, aztəminatlı ailələr üçün qanunla tənzimlənən proqram çərçivəsində həyata keçirdiyimiz sosial ödəniş növüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, Fondun əsas fəaliyyəti pensiya sisteminin tənzimlənməsinə, bu sistem çərçivəsində çoxşaxəli xidmətlərin göstərilməsinə - təyinat, yenidən hesablama, müraciətlərə baxılma və s. yönəlib. Pensiya xərclərimiz 2026-cı il üçün 8 milyard manat ətrafında proqnozlaşdırılıb ki, bu da ümumi xərclərimizin 74%-ni, dövlət sosial müdafiə fondu büdcəsinin isə 95%-ni təşkil edir. Pensiya xərclərimiz də, yəni əhalinin pensiya gəlirləri 2018-ci illə müqayisədə ümumilikdə 2,3 dəfə artıb. Təkcə orta pensiya məbləğinin artımını nəzərə alsaq - hazırda 594 manatdır, ötən 7 il ərzində illik orta artım faizi 13%-dən çoxdur. Sosial müavinət ödənişlərimizin ümumi həcmi 1,5 milyard manatdan artıqdır ki, bunun 203 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına, qalan 1,2 milyard manatı isə dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir. Müqayisə üçün təkcə bir faktı deyək ki, 2018-ci ildə dövlət büdcəsindən Fondun ödədiyi sosial ödənişlərə ayrılan vəsait cəmi 549 milyon manat idisə, 2022-ci ildə bu rəqəmlər 1,6 milyard, cari ildə isə 2,6 milyard manat təşkil edir.

Səlahiyyətlərimiz də genişlənir: 2022-ci ilin əvvəlindən dövlət icbari şəxsi sığortası DSMF-nin fəaliyyət istiqamətlərinə daxil edilib. Bu ildən isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərin dövlət sektoruna aid hissəsi də Fonda həvalə olunub.

Göründüyü kimi, inklüzivlik baxımından DSMF-nin fəaliyyəti Azərbaycan Respublikasının bütün əhalisini əhatə edir. Biz başa düşürük ki, əhaliyə ödənişlər üçün nəzərdə tutulan bu qədər əhəmiyyətli bir büdcənin şəffaflıq və əlçatanlıq təmin edilməklə idarə olunması bizdən ciddi məsuliyyət və səy tələb edir. Keyfiyyətli idarəetmə burada çox mühüm rol oynayır.

Yanlış pensiya təyinatı hallarına artıq rast gəlinmir

– Sözsüz ki, əhaliyə ödənişlərin şəffaflığı vətəndaş məmnunluğu üçün əsas amillərdən biridir. Rəqəmsallaşma vətəndaşların etimadına və müraciətlərin dinamikasına necə təsir edib? Bu sahədə konkret statistika varmı?

– Rəqəmsal müstəvidə göstərilən xidmətlər insan amilini və subyektiv qərarları tamamilə kənarlaşdırır. Mərkəzləşdirilmiş elektron informasiya sistemimizin altsistemlərinin funksionallığı sayəsində eyni statusda olan, hüquq tanınması üçün tələb edilən eyni göstəriciləri olan şəxslərə fərqli sosial ödənişin təyin edilməsi mümkün deyil. Əvvəllər əl ilə aparılan təyinatlarda yanlışlıqlar istisna deyildisə, indi inteqrasiya olunmuş sistemlər üzərindən aparılan təyinatlarda yanlışlıq ehtimalı sıfıra bərabərdir, bir şərtlə ki, həmin sistemlərə vaxtilə təqdim olunmuş məlumatlar doğru olsun. Yəni rəqəmsal transformasiyaya keçid və onun uğur qazanması tək rəqəmsal müstəvidə təyinatların aparılması, xidmətlərin göstərilməsindən ibarət deyil. Qeyd olunduğu kimi, burada məlumatların etibarlılığı çox mühüm rol oynayır. Həm biz dövlət qurumu olaraq istifadə etdiyimiz məlumatların doğruluğuna əmin olmalıyıq – bunun üçün biz artıq qeyd etdiyim kimi ötən 6 il ərzində xeyli iri həcmli tədbirlər həyata keçirmişik: 1 milyona yaxın sosial ödəniş işini həm kağız, həm də elektron daşıyıcılarda bir-bir inventarlaşdırıb staj, xidmət illəri, pensiya kapitalı, ailə tərkibi, hüquqi statusu təsdiq edən digər çoxsaylı məlumatlara dair milyonlarla faktı səhihləşdirmiş, ödənilmiş, lakin fərdi hesablarda qeydə alınmamış 1,2 milyard manatdan artıq vəsaitin hesablar üzrə bölüşdürülməsini təmin etmişik və s. Ümid edirik ki, emal etdikləri məlumatları informasiya sistemləri üzərindən qəbul etdiyimiz digər qurumlarda da bu cür təmizləmə işləri mütəmadi aparılıb. Eyni zamanda həm də vətəndaşlar dövlətin informasiya sistemlərindəki məlumatlarına etimad göstərməlidirlər. Bundan əvvəl isə hər bir kəs dövlət orqanlarına təqdim etdiyi sənədlərin və məlumatların düzgünlüyünə fikir verməlidir, əks halda bu, gələcəkdə onun tanınan hüquqlarının mübahisələndirilməsinə səbəb ola bilər.

Statistika göstərdiyimiz xidmətlərə etimadın müsbət dinamikasını aydın göstərir. 2019-cu ildə rəqəmsal dəyişikliklərə başladığımız dövrdə yaşa görə əmək pensiyası təyinatlarının yalnız 11 faizində vətəndaşlar geri müraciət etmirdilər – təyinat alanların 79 faizi pensiyanın düzgün hesablanmadığını düşünərək yenidən müraciət edirdi. Çünki proaktiv təyinatlarımıza etimad az idi, həmçinin vətəndaşlarımız bu innovativ yeniliyə alışmamışdılar, düşünürdülər ki, məsələn, pensiya məbləğinin doğruluğunu mütləq hansısa məmurun dilindən eşitmək lazımdır. Hazırda isə belə hallar minimuma enib: vətəndaş bu müddət ərzində əmin olub ki, elektron informasiya sistemlərindəki məlumatları doğrudur və pensiyası düzgün məbləğdə təyin edilir.

Şəffaflığı təmin edən vasitələrdən biri də “e-Sosial” elektron sistemimizdir. Cari ilədək hər bir vətəndaşımıza müstəqil funksionallıqla tək sosial ödənişlər sahəsində deyil, bütövlükdə nazirliyimizin bütün fəaliyyət istiqamətləri üzrə açıq olan sözügedən portal bu ilin 1 may tarixindən “my.gov.az” portalına birləşdirilməklə hökumətin vahid elektron informasiya sisteminə tam inteqrasiya olunan ilk rəsmi elektron tətbiq olub. Bu sistem vasitəsilə vətəndaş ödəniş təyin edilməmişdən əvvəl öz pensiya kapitalına baxa, onu pensiya kalkulyatoru ilə hesablaya, stajını və işlədiyi yerləri görə bilir. Hər hansı iş yeri üzrə məlumat çatışmırsa, təyinatadək iş yerinə müraciət edərək məlumatın sistemə daxil edilməsinə, pensiya kapitalında uyğunsuzluq görürsə, onun işəgötürəni tərəfindən düzəldilməsinə nail ola bilər. Şəxsi kabinet üzərindən izlənə bilən bu məlumatlara əlillik statusu, təhsil, ailə tərkibi və s. ilə bağlı məlumatlar da daxildir. Beləliklə, hər hansı sosial ödəniş təyinatı aparılanadək bütün məlumatların dəqiqləşdirilməsi imkanı mövcuddur.

DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının idarəetməsində iştirak edən yeganə qurumdur

– İnklüziv sosial təminat modelinin qurulmasında Azərbaycan hansı beynəlxalq qabaqcıl təcrübələrdən faydalanıb və artıq hansı təcrübələriniz digər ölkələr üçün nümunə ola bilər?

– Biz müxtəlif platformalarda beynəlxalq əməkdaşlığa böyük önəm veririk. Ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə ikitərəfli anlaşma memorandumlarımız, sosial təminat sahəsində ikitərəfli sazişlərimiz və çoxtərəfli razılaşmalarımız var.

Qabaqcıl təcrübənin vaxtında öyrənilməsində və tətbiqində Beynəlxalq Sosial Təminat Assosiasiyasındakı (BSTA – beynəlxalq teminologiyada ingiliscə “ISSA” kimi tanınır) fəal iştirakımız xüsusi rol oynayır. 1927-ci ildən fəaliyyət göstərən bu təşkilat sosial müdafiə və sosial təminat sahəsində əsas beynəlxalq təşkilatdır. 160 ölkədən bu sahədə fəaliyyət göstərən 340-a yaxın qurum onun üzvüdür. DSMF 2004-cü ildən Assosiasiyanın üzvüdür və Azərbaycandan bu təşkilata daxil olan ilk qurumdur. Biz həm də Assosiasiyanın idarəetməsində təmsil olunuruq: 160-dan çox ölkədən yalnız 48-nin müvafiq qurum rəhbərləri təşkilatın ali idarəetmə orqanı olan Büronun üzvüdür və DSMF sədri həmin 48 üzvdən biridir. Bu status təcrübəmizin bölüşülməsində və beynəlxalq çağırışlara uyğun istiqamətlərin daha tez müəyyənləşdirilməsində əlavə imkanlar və fürsətlər verir – mükafata gedən yolda Assosiasiyadakı fəaliyyətimizin, qurumun rəhbərliyində təmsil olunan inkişaf etmiş sosial müdafiə sistemlərinə malik ölkələrlə mütəmadi müzakirələr və təcrübə mübadiləsindən əldə etdiyimiz təcrübənin xüsusi rolu olub.

Bundan əlavə, regional beynəlxalq təşkilat olan Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasına sədrlik edirik. Sədrliyimiz dövründə təşkilatın funksionallığı həm regional, həm də universal səviyyədə xeyli artıb və bunu üzv ölkələrin səlahiyyətli nümayəndələri də təsdiq edirlər. Təşkilatın ildə ən azı bir dəfə konfransı keçirilir. Ötən il may ayında Bakıda, payızında isə Qırğız Respublikasında 2 konfrans keçirdik. Bu il isə payız aylarında Özbəkistanın Səmərqənd şəhərində növbəti beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bakıda olduğu kimi bu il də bizim təşəbbüsümüzlə BSTA-nın rəsmilərinin növbəti konfransda da iştirakı planlaşdırılır.

O ki qaldı Fondun hansı təcrübələri beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib məzmunundakı sualınıza, elə BMT Dövlət Xidmətləri Mükafatının təltif edilməsində səslənən bütün xüsuslar – DSMF-nin fəaliyyətində nail olduğu müstəsna liderlik, innovasiyalar, inklüzivlik, hesabatlılıq və şəffaflıq, həmçinin keyfiyyətli idarəetmə və səmərəlilik meyarları üzrə təcrübəmiz və tətbiq etdiyimiz proqramlar beynəlxalq ekspertlər tərəfindən təqdir edilir. Sosial ödənişlər sahəsində tətbiq etdiyimiz rəqəmsal xidmətlər, mərkəzləşdirilmiş xidmət şəbəkələrimiz ən çox diqqət cəlb edən istiqamətlərdir.

– BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində digər ölkələrin nümayəndələri ilə görüşlərdə Azərbaycan modelinə maraq necə oldu?

– Dövlət Xidmətləri Forumu dövlət orqanları üçün mühüm beynəlxalq platformadır, çünki orada yalnız dövlət xidmətlərini bilavasitə həyata keçirən qurumlar iştirak edir – ədliyyə, səhiyyə, kənd təsərrüfatı, yerli idarəetmə orqanları və digər sahələr üzrə təcrübələr bölüşülür, müzakirələr aparılır və qlobal çağırışlar səsləndirilir, risklər və problemlərdən çıxış yolları təqdim olunur. Biz öz təcrübəmizi həm plenar, həm də ayrı-ayrı sessiyalarda 100-ə yaxın ölkənin nümayəndələri ilə bölüşdük, eyni zamanda rəhbər səviyyədə ikitərəfli görüşlər keçirdik.

Təbii ki, 200-ə yaxın BMT üzvü arasında mükafata layiq görülən 8 ölkə qurumunun üzərində, o cümlədən Fondun fəaliyyətinə daha çox maraq var idi. Hətta bizə yaxınlaşıb ən çox maraq doğuran layihənin məhz bizim təqdim etdiyimiz layihə olduğunu deyənlər də oldu. Bunun izahı sadədir: sosial xidmətlər əhalinin hər bir üzvünə aiddir. Göstərdiyimiz xidmətlər insana hələ o dünyaya gəlməmişdən başlayır ta ki dünyasını dəyişəndən sonra da davam edir – hamiləlik dövründə analara verilən müavinətlərin də təyinatı və ödənilməsi DSMF tərəfindən aparılır, pensiyaçının və ya sığortaolunanın öldüyü halda onun dəfn xərclərini çəkən şəxsə dəfn müavinətinin verilməsi də. Yaşadığı dövrdə isə uşağa 3 yaşadək qulluğa görə, əlilliyə görə, iş yerində bədbəxt hadisəyə, əmək qabiliyyətini itirməyə, aztəminatlı ailəyə ünvanlı sosial yardıma, müvafiq yaşa çatıb pensiya hüququ qazananlara əmək pensiyası, digərlərinə sosial müavinətlərə və s. qədər çoxsaylı hallar və ödənişlər DSMF tərəfindən icra olunan xidmət funksiyaları ilə bağlıdır. Yəni əhalinin hər bir fərdinə göstərilən xidmətlər məhz DSMF-də kəsişir və bu model iştirakçılar üçün xüsusilə maraqlı idi.

 

– Bu beynəlxalq mükafat DSMF-nin qarşısında hansı yeni məsuliyyətlər və hədəflər formalaşdırır?

– Dövlət qurumu üçün mümkün olan ən nüfuzlu beynəlxalq mükafatı almaq üzərimizə böyük məsuliyyət qoyur: dövlətimiz qarşısında bu mükafata layiq olduğumuzu bundan sonra da sübut etməliyik. Eyni zamanda, Azərbaycan xalqının özümüzə olan etimadını daha da artırmaq üçün çalışmalı, daha əlçatan və şəffaf xidmətlərə nail olmalıyıq. Heç kəs deməməlidir ki, bu qurum dünyanın ən ali dövlət xidmətləri mükafatına layiq görülüb, amma göstərdiyi xidmətin keyfiyyətində hansısa çatışmazlıqlar var. Ona görə də istənilən çatışmazlığı aradan qaldırmaq, xidmət keyfiyyətində vətəndaşlarımızın gözləntilərini ən yüksək səviyyədə yerinə yetirmək üçün bundan sonra daha səylə çalışacağıq.

DSMF rüşvətxorluğa qarşı mübarizə üzrə ISO sertifikatını alan ilk qurumdur

– Bu uğur Azərbaycanın dövlət idarəçiliyində rəqəmsal transformasiya sahəsində beynəlxalq nüfuzuna necə təsir göstərə bilər?

– Sözsüz ki, nail olduğumuz beynəlxalq nüfuzun mərkəzində Azərbaycan dövlətinin son illər beynəlxalq arenadakı, xüsusən regional liderlikdə əldə etdiyi mövqeyi, uğurlar, dövlət başçımızın istənilən xarici siyasət müstəvisində qəbul edilən söz sahibliyi durur. Biz bunu keçirdiyimiz bütün ikitərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə hiss edirik. Düşünürəm ki, bunu ölkənin daxili siyasətinin sosial müdafiə sahəsində əsas qurumu olaraq DSMF səviyyəsində görürüksə, xarici siyasətlə sıx bağlı olan dövlət orqanlarımızın fəaliyyətində daha aydın müşahidə edilir. Haqqında danışdığımız mükafatın beynəlxalq nüfuzumuza təsirinə gəldikdə isə, təkcə bir faktı deyək ki, üzvü olduğumuz Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti bu barədə məlumat aldıqdan dərhal sonra DSMF-yə təbrik məktubu ünvanlayıb. O, bu uğuru təkcə DSMF-nin deyil, bütövlükdə BSTA ailəsinin uğuru kimi qiymətləndirib. Bu, sosial müdafiə sahəsində beynəlxalq səviyyədə qazandığımız nüfuzun göstəricisidir. Bu mükafat həm də beynəlxalq tərəfdaşlarımıza bir mesajdır: öz ölkəsində daha uyğun sosial siyasət qurmaq istəyənlərin ilk müraciət edəcəyi ünvanlardan biri məhz DSMF ola bilər.

Onu da qeyd edim ki, BMT mükafatınadək DSMF-nin 80-ə yaxın təltifi var və onların əksəriyyəti beynəlxalq mükafat və sertifikatlardır. Biz BSTA çərçivəsində 5 ISO sertifikatı əsasında fəaliyyət göstərən ilk qurum olmuşuq; bu sertifikatlar əsasən sosial inklüzivlik və sosial məsuliyyətlə bağlıdır. Onlardan ən mühümü isə rüşvətxorluğa qarşı mübarizə üzrə idarəetmə sistemini təsdiqləyən ISO 37001 sertifikatıdır – DSMF Azərbaycandan bu sertifikatı alan ilk qurum olub. Bu, korrupsiya meyllərinə qarşı nə dərəcədə həssas olduğumuzun və bunu beynəlxalq standartlarla da təsbit etdiyimizin sübutudur.

– Mükafatı qazandıqdan sonra beynəlxalq təşkilatlar və digər ölkələrlə əməkdaşlıq imkanlarının genişlənəcəyini gözləyirsinizmi? Artıq konkret müraciətlər varmı?

– Əgər əvvəllər hər hansı ölkənin təcrübəsini öyrənməkdə ikitərəfli görüşlər üçün əksər hallarda biz təşəbbüs göstərirdiksə, dövlətimizin artan beynəlxalq nüfuzu ilə, habelə BSTA və BPSFA-dakı fəal mövqeyimiz, beynəlxalq tədbirlərdə innovativ fəaliyyətimizi əks etdirən təqdimatlarımız nəticəsində son dövrlərdə ikitərəfli müzakirələrin, təcrübə mübadiləsinin aparılması üçün bizə müraciətlərin sayı xeyli artıb. Artıq son 1 ildə demək olar ki, iştirak etdiyimiz ikitərəfli və çoxtərəfli beynəlxalq tədbirlərin hamısı qarşı tərəflərin təşəbbüsü ilə olur və qatıldığımız hər bir beynəlxalq konfrans və forumda Azərbaycanın sosial müdafiə modelinin təqdimatı üçün çıxışlar və təqdimatlar edilməsi təkidlə xahiş olunur. Həmçinin əgər əvvəllər yalnız bizə ərazi, əhali sayı, iqtisadi inkişafı baxımdan yaxın ölkələrin ikitərəfli əməkdaşlıq müraciətləri olurdusa, son vaxtlar inkişaf etmiş ölkələrin aidiyyəti qurumları da DSMF ilə əlaqələr qurmaqda maraq göstərirlər. Təkcə bu il üçün daxil olmuş müraciətlərin siyahısına baxsaq, Albaniya, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğız Respublikası ilə yanaşı, İtaliya, Danimarka, Finlandiyadan da əməkdaşlığın qurulması və ya inkişaf etdirilməsi üçün görüşlərin keçirilməsinə təşəbbüslər var. Bu ilin ikinci yarısında Albaniyanın və Bosniya və Herseqovinanın müvafiq qurumlarını Azərbaycana dəvət etmişik. BMT mükafatını aldıqdan dərhal sonra ötən həftə Ərəb Ölkələrinin Pensiya və Sosial Sığorta Konfransına BSTA vasitəsilə məruzəçi kimi dəvət olunduq.

Beynəlxalq müstəvidə fəaliyyət göstərən istənilən təşkilat və qurumla əməkdaşlıq bizim üçün inkişaf baxımından müsbət haldır. Bu, həm də ölkəmizdə həyata keçirilən islahatlar baxımından qlobal tendensiya və beynəlxalq çağırışlardan geri qalmamaq üçün vacibdir, həm də ölkəmizi, onun nailiyyətlərini sərhədlərimizdən kənarda da təmsil etmək, tanıtmaq üçün əhəmiyyətli platformalara çıxmağa imkan yaradır.

– Qarşıdakı 3–5 il üçün Fondun əsas prioritetləri nələr olacaq və vətəndaşlar sosial xidmətlər sahəsində hansı yenilikləri gözləyə bilərlər?

– Qarşıdakı 3–5 ildə əsas prioritetimiz indiyədək qarşıya qoyduğumuz hədəflərin ardıcıl davam etdirilməsidir: hər kəs üçün əlçatanlıq, vətəndaşyönlü xidmətlər, şəffaflığın və səmərəliliyin daha da artırılması prinsipləri fəaliyətimizin əsasıdır. Dövlət başçısının qarşımıza qoyduğu tapşırıqların icrasında, habelə qanunvericiliklə müəyyən edilən vəzifələrimizin həyata keçirilməsində məhz bu prinsiplərə sadiqliyimizi qoruyacağıq. DSMF bundan sonra da layiqli həyat səviyyəsinin təmin olunması üçün səlahiyyətləri daxilində sosial müdafiə tədbirlərinin gücləndirilməsi, sosial sahədə dövlət siyasətinin formalaşdırılmasına töhfə verilməsi, sosial ödənişlərin təyinatı və ödənilməsində keyfiyyət artıran mümkün yeniliklərin tətbiqi, vətəndaş məmnunluğunun təmin olunması üçün inzibati tədbirlərin gücləndirilməsi istiqamətlərində səylərini artıracaq.