Advertisment

Şəhid ailələrini ziyarət edən jurnalist: “Özümü onların xidmətçisi bilirəm”

Tanınmış jurnalist, Etikxəbər.az saytının baş redaktoru Kamil Həmzəoğlu (Həmidov) 1 ildən çoxdur ki, şəhid ailələrini ziyarət edir, onların problemlərini, məişət qayğılarını ictimaləşdirib müvafiq qurumların diqqətinə çatdırır. Onu da qeyd edək ki, həmkarımız bu humanist missiyanı şəhid ailələrinin hansı bölgədə yaşamağından asllı olayaraq həyata keçirir. Yəni istər Astaranın ən ucqar kəndi olsun, istərsə də Gədəbəyin və ya Balakənin, Kamil Həmidov üçün fərq etməz, orda şəhid ailəsi varsa istiyə, soyuğa, qara, şaxtaya baxmayaraq yolundan qalmır.

Jurnalist gördüyü işlər barədə Modern.az-a müsahibə verib. Herbiand.az onunla söhbəti təqdim edir:

- Kamil müəllim, əvvəllər parlament müxbiri olmusunuz. Bir il öncəki paylaşımlarınız daha çox Milli Məclisin iclaslarından, deputatlarla müsahibələrdən ibarət idi. Amma artıq neçə aylardı tamamilə fərqli yöndə fəaliyyət göstərirsiniz. Necə oldu ki, şəhid ailələrini tanıtmağa qərar verdiniz?

- 15 yaşımdan jurnalistika sahəsindəyəm və şəhidlər, qazilər mövzusu mənim üçün heç vaxt ikinci dərəcəli olmayıb. Orta məktəbi bitirənə yaxın Birinci Qarabağ müharibəsi başlandı. 1991-1995-ci illərdə mütəmadi olaraq şəhid ailələrini ziyarət edirdim. Özüm cəbhə bölgəsi olan Goranboy rayonundanam. O vaxtı qazi sözü yox idi, yaralılarla xəstəxanalarda görüşürdüm. Onda “Aydınlıq” qəzeti ilə əməkdaşlıq edir, ora şəhid ailələri və qazilərlə bağlı yazılar verirdim.

1996-ci ildən “525-ci qəzet”də çalışmağa başladım. Artıq 26 ildir ki, parlament müxbiri kimi fəaliyyət göstərirəm. Bəzən zarafatla deyirəm ki, mən də 6 çağırış Milli Məclisin üzvüyəm. 26 ildə nə qələmimə, nə də şərəfimə xəyanət etmişəm.

Həyatımda heç nəyi əvvəlcədən planlaşdırmamışam. İkinci Qarabağ Müharibəsindən bir gün qabaq doğma Qızılhacılı kəndindəydim və tam dəqiqliqlə bilirdim ki, müharibə olacaq. Səhər açılanda toplar elə guruldamağa başladı ki, yatdığımız çarpayı belə yerindən oynayırdı. 44 günün cəmi 4-5 günü Bakıda oldum. Çünki anam Goranboyda idi və səhhəti ilə əlaqədar olaraq Bakıya gətirə bilmirdik. Müharibə bitəndən sonra şəhid və qazi ailələri ilə tanış olmağa, onlarla söhbətlər aparmağa başladım. O söhbətlərin məğzini sosial şəbəkə hesabımda da paylaşırdım. Heç bir plan, proqram olmadan bu işə yönəldim və beləcə tədricən şəhid ailələri ilə doğmalaşdım.  Daha çox tanınmayan, haqqında bir cümlə belə olsun məlumat olmayan şəhid ailələri ilə görüşməyə başladım.  Elə olub ki, bir gündə 4 rayonda, 10 evdə olmuşam. Bunu mən özümə borc yox, borcdan da ötə bilirəm.


- Parlamentdən reportaj yazmaqla bu işin bir arada həyata keçirilməsi çətin deyilmi?

- Əlbəttə ki, çətindi. Ancaq balaları şəhid olmuş anaların göz yaşları qarşısında hər şey mənim üçün borc idi. Səhhətimlə, maddiyatla bağlı problemlər yaşasam da, heç vaxt geri addım atmamışam, atmayacam da. Nur üzlü övladların ruhu qarşısında mən “səhhətim imkan vermir” ifadəsini işlədə bilmərəm. Şəhidlərimizin ailələrini, gözü yaşlı analarımızı ziyarət etmək bir vicdan məsələsi, borcdur.  Səhhətim hara qədər imkan versə, o qədər də gedəcəm. Mən qalstuk taxıb, şəhid ailələri ilə birgünlük tədbirdə şəkil çəkdirməklə məşğul ola bilmərəm. O ailələrin ağrısını, acısını hiss etmək lazımdır. Mən çox kövrək və həssaas adamam. Şəhid ailələri ilə görüşəndə özümü nə qədər tox tutmağa çalışsam da, gözümün yaşını saxlaya bilmirəm. Onlarla görüşüb evə gəldikdən sonra saatlarla ağlamışam.

- Rayonlara gedirsiz, günlərlə evdə olmursuz. Heç olub ki, ailədə narazılıq yaransın? Uşaqlar etiraz edibmi “ata sənin üçün darıxırıq getmə”?

- Ailəm mənim xasiyyətimi bilir. Yumşaq insanam, sərt xarakterim yoxdu, amma tərs damarım tutanda onlar məni başa düşürlər. Əgər bir yoldayamsa, Allahdan başqa heç kim məni o yoldan çəkindirə bilməz. Anadan müqəddəs heç nə  yoxdur, dəfələrlə zəng edib ki, səhhətin pisdir, artıq evə gəl, ancaq mən işimin arxasınca getmişəm. Balaca oğlum danışanda həmişə demişəm ki, darıxma, bu gün gələcəm. Amma evə qayıdıb gələ bilməmişəm. İşimə görə övladıma belə yalan danışmışam. Mən özümü şəhidlərimizin, qazilərimizin xidmətçisi bilirəm. Bəzi imkanlı həmkarlardan incik qaldım,  maliyyə imkanları yaxşı olan media qurumlarını şəhid ailələrinin yanında görmədik. Hər yerə vaxt tapıb gedən adamları şəhid ailələrinin tədbirlərində görmədim. Onsuz da şəhid ailələrini acısı heç vaxt bitməyəcək, heç olmasa şəhidlər haqqında bir məlumat yazıb onları tanıtmaq lazımdır.
Bilirsizmi o şəhid ailələri necə sevinir övladları haqqında 5 cümlə yazılanda? Bezən yekə-yekə danışan, “Feysbuk”u “dağıdan” həmkarlarımız 1 il 3 ay ərzində nə şəhid ailələrini, nə qaziləri gedib ziyarət ediblər.  Onların problemlərini yazmaqdan, dilə gətirməkdən min kilometr uzaqda durdular. Bu müsahibədən sonra məni qınasalar da, vecimə deyil.


- İndiyə kimi yüzlərlə şəhid ailəsi ilə tanış olumusunuz, onların dərdlərini bilirsiniz, bu haqda yazmısınız. Sizi ən çox təsirləndirən nələr olub? Şahidi olduğunuz ən acınacaqlı məqamlar yadınızdadır?


- Övlad itkisindən acı heç nə ola bilməz. “Kaş əvvəlikdən pis və ya bir daxmada yaşayardıq, ancaq balam yanımda olardı” deyən o qədər ailə var. Yuxarılarda yox, aşağıda məmirlar daha çox sərt və qəddar olurlar. Şəhid ailələrinə qarşı məmur sayğısızlığı, cəmiyyət laqeydsizliyi var. Onların mənzil problemləri çoxdur. Vaqon evdə qalan şəhid ailələri var, o mənzərələri görəndə dəhşətə gəlirəm. Başa düşürəm, müharibədən çıxmışıq, 32 il qaçqın-köçkün problemi yaşamışıq. Amma bunlar şəhid ailələrinin problemlərinə biganə qalmağa əsas vermir.
Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tutduğu yol, etdiyi sayğısızlıq prezidentimizin qərarlarını, addımlarını gözdən salır. Təbii ki, vicdanlı, öz işinin öhdəsindən gələn məmurlar da var.

- Şəhid ailələrinin problemlərini ictimailəşdirməklə onların bir qisminin həllinə nail olmusunuz. Amma sözsüz ki, həllini gözləyən məsələlər az deyil. Bu haqda nə deyə bilərsiniz?

-Bəli, belə məsələlər az deyil. Bəzi ailələrin özündə ailədaxili problemlər olub. Ata övladını atıb gedib, ana həyatın amansız axarına buraxılıb. Bizim qanunlarımızda olan boşluq da xoşagəlməyən formada cəmiyyətə sirayət edib. Bəzən övladının dəfninə belə gəlməyən atalar, qohumlar sonradan ortaya çıxıb pul davası edir. Anaların dərdini birə-beş artırırlar. Bu cür problemlərin qarşısında aciz qalmışam. Ərkim çatan, ünüm yetən dairələrlə əlaqə saxlayıb o analara yardım etmək istəmişəm.


- Qeyd etdiniz ki, övladının dəfninə gəlməyən atalar olub. Bəs şahidi olmusuz ki, ana da övladının dəfnində iştirak etməyib?

- Çox təəssüf ki, getdiyim rayonlardan birində nə şəhid atası, nə də anası onun yas yerinə gəlmişdi. Heç bu gün də gedib övladının qəbrini ziyarət etmirlər. Şəhidi bibisi böyütmüşü, ata-ana ayrılıblar, başqa ailə qurublar, övladlarına isə yaxın durmayıblar. Bir ananın vicdanı necə “balam şəhid olub” deyə sızlamır? Bir gün vaxt tapıb ziyarət edə bilər, amma etmir. Onsuzda o şəhid küskün gedib. Bacı var ki, tək qalan anasını sonradan gəlib talan edir, ana küçədə qalmaq həddinə gəlib çıxıb.

- İşinizlə bağlı xüsusi bir planınız var?

- Mən bir az əvvəl dedum ki, planla hərəkət etməyi sevmirəm, ana uyğun nə olursa onu edirəm.  Səhhətim və maddiyat imkan versə, şəhid ailələri və qazilər haqqında yazdığım məlumatları iki-üç cildlik kitaba çevirmək istəyərəm.