Advertisment
  • MÜSAHİBƏ
  • 17-12-2021 16:43

Dövlət qurumlarında çalışan rəhbər şəxslər də səlis nitq dərsi alır

Məsəl var ki, insanı geyiminə görə qarşılayıb, ağlına yola salarlar. İnsanın ağlının göstəricisi isə onun nitqidir. Yaxşı, bəs səlis danışmaq yalnız jurnalist və ya rəhbər şəxlərə lazımdırmı? Təbii ki, xeyr.  Bütün bu problemlər və problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycanda Azərbaycan dilində nitq təlimi verən yeganə mərkəz Diksiya Akademiyasının ictimaiyyətlə əlaqələr üzrə meneceri Ümid Orucovun Herbiand.az-a verdiyi müsahibəni sizə təqdim edirik.

-Diksiya Akademiyasında fərdi və qrup dərslərini fərqləndirən əsas cəhət nədir?

-Diksiya Akademiyasında həm fərdi, həm qrup, həm real, həm də onlayn təlimlər keçirilir. Təbii ki, təlimin real və ya onlayn olması konsultasiya zamanı müraciət edən şəxsdə təyin olan problemə görə qərarlaşdırılır. Hər iki halda, real və ya onlayn fərq etmir, effektivliyini biz özümüz də müşahidə edirik. Sadəcə olaraq, bəzən müraciət edən şəxslər ofisə gələ bilmirlər (burda müəyyən məqamlar var, məsələn, regionlardan qoşulurlar, gərgin iş qrafikində çalışırlar və sairə), onlayn təlimlərə qoşulur və ya qrup dərslərinə qatılmaq istəyirlər. Təbii ki, bu zaman iştirakçıların rəqabətinin də təlimə öz müsbət təsiri olur.

Fərdi və qrup dərslərinin əsas fərqi ondadır ki, qrup dərslərində, məsələn, bir saatlıq təlim zamanı 10 nəfər üçün ayrılırsa, fərdi təlimlərdə bir saatlıq təlim zamanı 1 nəfər üçün ayrılır.

-Əgər “Danışığınla həyatı qazan” kitabı varsa, bu təlimlər nə üçün lazımdır?

-Diksiya Akdemiyasının təsisçisi, tanınmış jurnalist Cəlalə Nəzəroğlunun müəllifi olduğu “Danışığınla həyatı qazan” kitabı iki dəfə dərc edilib və oxuyucular tərəfindən çox maraqla qarşılanıb. Hazırda müraciətlərin çoxluğunu nəzərə alaraq üçüncü dəfə kitabı dərc etdiririk. “Danışığınla həyatı qazan” kitabını bir çox dilçilər ali məktəblərdə nitq mədəniyyəti dərsliyi kimi istifadə edirlər, amma bu kitabda yazılanlar nitqi təkmilləşdirməyin, nəzəri və təcrübi tərəflərini təqdim etməklə kifayətlənib. Bu gün bir çox ingilis dili kitablarında da müəyyən səviyyədə ingilis dilini öyrənmək üçün detallar qeyd olunub, amma bir çoxumuz yenə də həmin kitabları da alıb xarici dil müəlliminə müraciət edirik. Eyni zamanda “Danışığınla həyatı qazan” kitabında da nitqi təkmilləşdirmənin variantları qeyd edilib, amma bir çox şəxslər bu kitabdakıları oxuyur, nitq məşqlərini doğru metodla icra edə bilmir. Məhz Diksiya Akademiyası da bunun üçündür. Nitqini təkmilləşdirmək istəyənlər əvvəl akademiyamıza ödənişsiz konsultasiya üçün müraciət edirlər, daha sonra təlimçilərin həmin şəxsdə təyin etdikləri problemlərə əsasən müştərilərə təlim paketlərə təqdim edilir.

-Təlimlərin ödənişi barədə hər hansı bir anonim sorğu həyata keçirmisinizmi?

-Doğrusunu söyləmək lazımdırsa, uzun müddətdir ki, xeyr. Bir çox hallarda müraciət edən şəxslərin qiymətlərin çox münasib olduğu fikri ilə rastlaşsaq da, bəzən sosial şəbəkələrdə dilin saflığı uğrunda görülən işin kommersiya məqsədli edilməsinə təəssüf edənlərlə də rastlaşırıq. Fürsətdən istifadə edib burda bir məsələyə aydınlıq gətirmək istərdik. Bizim Azərbaycan dilinin saflaşdırılması, təbliğatı və bunun kimi bir çox sosial layihələrimiz olub ki, bunların heç biri kommersiya məqsədli olmayıb. Amma digər məsələlərdə təbii ki, maddi məvacib önəm daşıyır. Çünki Diksiya Akademiyası heç bir dövlət qurumu tərəfindən maliyyələşməyən, özü özünü maliyyələşdirən özəl şirkətdir. Bu gün xarici dil öyrənmək üçün kifayət qədər pul xərcləyən şəxslər, ana dilində səlis, axıcı, doğru, bir natiq kimi nitq səsləndirmək istəyirsə, müəyyən ödəniş qarşılığında bu vərdişlərə yiyələnməsini məqsədə uyğun olduğunu düşünürük.

-Dərslər müştərinin yoxsa təlimçinin vaxtına uyğun olaraq müəyyən olunur və səbəb?

-Adətən təlimçi və müraciət edən şəxs təlim üçün müəyyən zaman təyin edirlər.

-Sizdə həssas şəxslər üçün hazırda  güzəştli paketlər var? Və ya növbəti təlimlərdə bu haqda nə isə nəzərdə tutulubmu?

-Bəli. Həssas qrup ailələrdən olan şəxslər üçün müəyyən güzəştlərimiz olur və bəzi məqamlardan heç bir ödəniş olmadan xüsusi dəvət etdiyimiz şəxslər də olur. Məsələn, ən son reallaşdırdığımız “Müəllimlərin şəxsi inkişaf marafonu” layihəmizdə də nəzərdə tutduğumuz addımı atdıq. Amma bir çox hallarda bunu məxvilik əsasında edirik ki, reklam olmasın.

-Diksiya Akademiyasının təlimçilərini bir birindən fərqləndirən cəhətlər hansılardı?

-Diksiya Akademiyasının təlimçilərinin spesifik olaraq fərqli çalışma metodları var.

-Burada sırf uşaqlarla çalışan və komandasında bir uşaq psixoloqu olan təlimçi də var, sırf hərflərin korreksiyası, yanıltmaclarla məşq, incəsənət yönümlü çıxışlara hazırlaşdıran təlimçi də var, televiziya sahəsində peşəkar nitqlə çıxış etmək üçün dərs deyən təlimçilər də var, həmçinin digər təlimçilər də belə çalışırlar. Digər təlimçilərdən fərqli olaraq Cəlalə Nəzəroğlu daha böyük qruplarla çalışır. O, eyni zamanda müəyyən özəl və dövlət qrumlarında çalışan rəhbər şəxslərlə də əməkdaşlıq edir, təlim keçir.

-Təlimçilərin bilik səviyyəsinə görə qiymətlər fərdi və ya qrup şəklində dəyişirmi?

-Təlimçilərin hər biri bilikli və Azərbaycan dilini kifayət qədər yaxşı bilən şəxslərdir. Akademiyada təlim paketlərinin qiyməti adətən standart olsa da, yeniyetmə qrupları və digər qrupların ödənişləri arasında qismən fərq olur.

Digər təlimlərdən ödəniş baxımından qismən fərqlənən Cəlalə Nəzəroğlunun təlimləridir. Buna səbəb də az öncə sadaladığım nüanslardır.

-Diksiya Akademiyasını digərlərindən fərqləndirən nədir?

-Öncə bu sualı dəqiqləşdirək. Diksiya Akademiyası nitq dərsləri verən, müəyyən komanda və xüsusən psixoloqla çalışan, rəhbər şəxslərə təlim keçən, həmçinin təkcə nitq deyil, eyni zamanda bir natiq üçün lazım bilinən bütün xüsusiyyətləri öyrədən, 2014-cü ildən fəaliyyət göstərən ölkədə bu sahədəki yeganə özəl şirkətdir.

Bir çox təlimçilər, natiqlik, auditoriya önündə çıxış və sarə kimi mövzularda təlimlər keçirlər və biz də bunu təqdirəlayiq hesab edirik. Amma bu təlimçilərin heç birində çənə məşqləri, ç, c, k, q səslərinin formalaşma xüsusiyyətlərini və sarə öyrədilmir. Bunun kimi nitqlə bağlı yüzlərlə məşqlər və metodlar var ki, bunu Azərbaycanda yalnız Diksiya Akademiyası reallaşdırır.

-Son olaraq oxuyuculara nə demək istəyərdiniz?

-Müasir dönəmdə hər kəs dəblə ayaqlaşmağa çalışır. Siz fərqli olun. Nitqiniz tərzinizdir. Tərzinizlə dəb yaradın.

Emin Şirvanzadə





Oxşar xəbərlər