Postmüharibə dövrünün müxtəlif problemləri var. Amma ən ciddi problem müharibə olan ərazilərdə mina və partlamamış hərbi sursatlardır. Vətən müharibəsindən sonra azad olunmuş ərazilərdə minatəmizləmə işləri sürətlə apaılır. Vaxtaşırı rəsmi orqanlar həm ərazilərin təmizlənməsi, həm də minaların törətdiyi fəsadlarla bağlı informasiyalar verir.
Herbiand.az olaraq aktuallığı nəzərə alıb bu problemlə bağlı hərbi ekspert Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyevdən suallarımıza cavab verməyi xahiş etdik.
-Gəlin əvvəl ondan başalayaq ki, mina xəritələri nədir?
-Mina xəritələri son məhsuldur. Minalar basdırılarkən birinci xəritə yox, konkret olaraq maqnit azimutlara bərkidilmiş mina sahələrinin formulyarı tərtib edilir. Hansı ki, o, formulyar hərbi hissənin məxfi hissəsində saxlanılır. Mina formulyarına əsasən mina xəritələrində ümumi minaların sahəsi göstərilir. Məsələn onun yanında hər hansı bir məlumat yazıla bilər, amma xəritəyə baxaraq mina sahələrini dəqiq müəyyən etmək qeyri mümkündür. Bununla bağlı konkret olaraq mina sahələrinin formulyarı olmalıdır.
-Bir vaxtlar Azərbaycanın müdafiə mövqeyində olduğu vaxt basdırılan minaların xəritələri varmı?
-Bilirsiniz ki, müharibə başlayan dövrdə hərb sahəsində bir çox səriştəsiz mütəxəsislər oluğundan həddindən artıq istər tank, istərsə də piyada əleyhinə minalar basdırılıb, amma xəritə tərtib olunmayıb. Artıq müharibənin gedişi zamanı, təqribən 1992-1993- cü illərdə bəzi hərbi hissələr tərəfindən basdırılan minaların formulyarı tərtib olundu. 1994 cü ildə atəşkəs elan oluna kimi basdırılan mina sahələrinin 50 %-in formulyarı yoxdur.
-Ermənistan xəritələri verdiyi bildirib. Bu reallığı necə qiymətləndirirsiz?
-Bu gün biz qalib tərəfik və Ermənistandan mina xəritələrini vermələrini tələb edirik. Onlar ya mina xəritələrini vermirlər, ya da saxtalaşdırılmış mina xəritəsini bizə təqdim edirlər. Onların təqdim etdiklərinə qəti inanmaq lazım deyil və həssaslıqla axtarışları davam etdirmək lazımdır. Onların saxta xəritə verməkdə məqsədləri bundan iarətdir ki, Azərbaycan ordusuna, əhalisinə müəyyən qədər xəsarət yetirsinlər, ziyan versinlər. Çağırışlara baxmayaraq insanlar icazəsiz torpaqlara öz evlərini, yaxınlarının məzarını ziyarətə gedirlər və minaya düşürlər. Basdırılan minaların əksəriyyəti döyüş əməliyyatı gedən sahələr deyil. Evlərin giriş qapılarında, yol kənarında olan ağacların dibində basdırılır. Biz üçtərəfli bəyanata əməl edirik. Xatırayırsınızsa, biz bəzi rayonların boşaldılması üçün Ermənistana vaxt vermişdik. Amma düşmən bunun qarşılığında ehtiyatında olan minaları yerli-yersiz, xaotik şəkildə bulaqların yanında, pilləkənlərin altında, yaşayış məskənlərinə basdırmışdır. Fürsətdən istifadə edib mən əhaliyə çağırış etmək istəyirəm ki, müvəqqəti qadağalara əməl etsinlər. Bu qadağalar məhz bizim əhalinin sağlam qalması vəs abah o ərzailərə gedib sevinclərini doya-doya yaşasınlar deyə qoyulub. Bu gün o ərzailərə icazəsiz gedənlər əksinə kədərə və ömrünün sonun qovuşa bilər.
-Bu gün Azərbaycanda ANAMA var, eyni zamanda MN-nin istehkamçıları var. Sərhəd Xidmətinin və FHN-nin minatəmizləyənləri var. Minatəmizləmə kimin işidir?
Döyüş əməliyyatları gedən zonalarda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mühəndis istehkam taqımı, və ya bölüyünün qarşısında duran əsas vəzifə hərbi hissənin döyüş tapşırığını yerinə yetirməsi istiqamətində zəruri tədbirlərdir. Yəni, hücum zamanı o sahələrdən keçid açmaq, ərazini genişləndirmək və ya minalanmış ərazini tamamilə ləğv etməkdir. Mövqe irəli çəkilirsə, əvvəlki minalanmış sahə ləğv edilir və qarşıda yenidən bərpa edilir. Öz müdafiə üçün minalanmış sahələrimizi keçdikdən sonra düşmənin minalanmış ərazilərini yardıqdan sonra düşmənə çatıb onları zərərsizləşdirmək mümkündür. Əgər indiki kimi mövqelər dəyişilibsə, arxadakı bütün ərazilər minadan təmizlənmiş olmalıdır. Bu artıq Müdafiə Nazirliyinin işi deyil, artıq bu işlər mülki sahəyə, yəni Fövqəladə Hallar Nazirliyinin işidir. 1995 ci il də ANAMA yaradıldı. ANAMA-nın bu illər ərzində böyük işlər görüb və kifayət qədər təcrübəsi var. İstər axtarş üslubunda, istər aşkar olunan partlayıcı maddələrin tiplərinin öyrənilməsi, qadağan olunan və olunmayan olduğunun aşkar olunması, insanlara və yaşayış məskənlərinə zərər vermədən məhv edilməsini peşəkarcasına bilən bir qurumdur. ANAMA işini bitirdikdən sonra zama-zaman yenə ərzailərdə partlamamış partlayıcılar aşkar olunacaq. Artıq bununla FHN məşğul olacaq. Düzdür, illər lazımdır ki, ərazilərdən minalar tam təmizlənsin. Çünki gələcəkdə bu ərazilərdə yaşayış binaları inşa ediləcək, təsərüfat işləri aparılacaq. Elə bu işlər aparılarkən elə o ərazilərdə partlamamış silah sursat, piyada və tank əleyhinə minalar aşkar olunacaq.
-Ümumiyyətlə, sizcə, basdırıldığı yer qeyd olunmamış nə qədər mina ola bilər? Yəni mövcud minaların neçə faizi qeydə alınmadan basdırılıb?
-Bu gün dünyada mövcud olan minatəmizləmə cihazlarının öz müəyyən texniki göstəriciləri var ki, hansı dərinliyə qədər onları müəyyən edə bilər. Misal olaraq dağın yamacında və ətəyində mina basdırılıb. Külək və yağış nəticəsində dağın yamacı sürüşərək və dərədə olan minaların üstünə gələcək. Burada dağın yamacında basdırılan minaları tapmaq asan olacaq. Amma dərədə olanı yox. Əgər mina axtaran cihaz 50 sm dərinlikdə olan minanı aşkar edə bilirsə, bu zaman dağın yamacından sürüşüb gələn torpağn qalınlığn təqribən 20- 40 sm olacaq. Təbii ki, o minanı tapmaq mümkün olmayacaq. O ərazilərdə şumlama işləri və binalaın inşası zamanı o minalar ya partlayacaq, ya da partlamdan zərərsizləşdiriləcək.
-Sizcə bu gün azad edilmiş ərazilərdə minatəmizləmə işləri bir mərkəzdən idarə olunsa yaxşıdır, yoxsa hərənin öz məsuliyyət sahəsi olmalıdr?
-Təyinatı üzə minaların axtarışı məqsədi ayrıdır. Ordunun minaları axtarma prinsipi fərqlidir, o cümlədən ANAMA və FHN-nin məqsədi fərqlidir. Onların hüquqi normativləri, axtarış cihazları belə müxtəlifdir. ANAMA –da onların geyim formasından belə, axtarış forması belə fərqlidir. Orduda qısa müddət ərzində verilmiş tapşırığı yerinə yetirmək üçün cığır açılmalıdır ki, qoşunlarımız düşmənə zərbə vurmaq üçün irəliləyə bilsin. ANAMA və FHN isə sülh dövründə rahat şəkildə, ağır və yüngül cihazlarla öz işlərini görə bilərlər. Bu baxımdan bunları birləşdirmək məntiqli görsənmir.
-Bu gün mina və sursatdan təmizlənmiş ərazilərin təhlükəsizliyini 100 faizli hesab etmək olarmı?
-ANAMA təmizlədiyi əraziləi aktla təhvil verir və təmizlədiyi ərazilərə zəmanət verir. Qeyd edim ki, bu düzənlik ərazilərə şamil edilə bilər. Amma müxtəlif dərələr, təpələr, arxlar, qurumuş çay ərazilərə zəmanət vermək qeyri mümkündür
Emin Şirvanzadə