Qarabağ savaşında Tərtər düşmən qarşısında dik dayandı. Bu dayanış sözsüz ki, həm də Tərtərin qəhrəman insanlarının xidməti idi. Düşmən qarşısında sipər olan oğullardan biri də Vətən Müharibəsi işrirakçısı Xəyyam Hüseynlidir.
Xəyyam müharibənin birinci aktiv fazası başa çatandan sonra 1994- cü il 26 iyunda dünyaya gəlib. Elə Silahlı Qüvvələr Günü dünyaya gəlməsi də onun gələcək taleyini müəyyənləşdirib. Evin yeganə övladı olsa da taleyindən qaçmayıb.
2016-2017-ci ildə MAXE kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində “kəşfiyyatçı-sanitar” kimi xidmət edib. 2017-ci ildə ailə vəziyyətinə görə ordudan tərxis olusa da 2020-ci il 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid xəbərini TV-dən eşidən vaxt yenidən hərbi komissarlığa gedib…
– Tərtər rayonundan könüllü kimi qeydiyyata düşən 3-cü şəxs idim.
– Müharibə başlayanda harda idiniz ?
– 27 sentyabrda səhərçağı təxminən 07:20 də atılan mərmilərdən döyüş başlayacağını bilib ailəmi və anamı Bərdə rayonuna yola saldım və Tərtər rayon Mərkəzi Xəstəxanasına yollandım. Ora getməyimdə məqsədim özüm kəşfiyyatçı sanitar olduğum üçün yaralılara ilkin-tibbi yardım göstərmək idi. 27 sentyabr günortaya qədər yaralıların maşınlardan düşürülməsinə və cərrahiyyə otaqlarına daşınmasında köməklik edirdim. 28 sentyabr təxminən saat 11:50 də məsciddən qayıdarkən Tərtər rayon məhkəmə binasının qarşısına top mərmisi düşdü bizim maşında olan sürücümüz sol dizdən aşağı yaralandı.
Hərbi polisimiz də yaralandı və mən onlara ilkin tibbi yardım göstərdim. Mən yaralılara ilkin tibbi yardım göstərərkən ikinci mərmi məhkəmədən bir az aralı bir obyektin üzərinə düşdü. Mən özümü xəstəxanaya çatdıranda mərmi düşmüş ərazidə mülki şəxs Mehmanın şəhid olma xəbərini eşitdim. 29 sentyabr saat 07:00-da komisarlıqda oldum. 30 sentyabrda biz hərbi hissələrə yola salındıq. Sonra mən döyüşlərə qatıldım. Əvvəllər bizim tapşırığımız düşmənin diqqətini yanlış istiqamətə yönəldərək yayındırmaq idi. Bu digər istiqamətdən bizim qüvvələrin əks-hücuma keçməsi üçün edilirdi. 4 oktyabrda biz Suqovuşan istiqamətinə gəldik. Və yenidən eyni taktika ilə biz düşməni aldatdıq. Qüvvələrimizin bu dəfə də hücumu da uğurlu alındı. 6 oktyabr Malakanlar kəndini ələ keçirəndən sonra orada qaldıq. Biz orda da onlara hücum etdik. Bu hücum nəticəsində biz 3 şəhid verdik. Şəhidlərimiz Tağıyev Əkbər, Xəlilov Ayaz, Hüseyinov Elnur qardaşlarımız idi. Allah bütün şəhid qardaşlarımız rəhmət eləsin. Komandirimiz şəxsi heyətin içində məni qrup komandiri təyin etdi və irəlidə getməyimi tapşırdı.Bu zaman artıq mən ön cəbhədə olduğum üçün ilkin tibbi yardımı arxa cəbhədə yaradılmış xüsusi qruplar edirdi. Amma mən öz yoldaşlarıma ilkin tibbi yardımla bağlı məlumatlar vermişdim.
– Hansı istiqmətlərdə döyüşmüsüz ?
– Mən Ağdamın Təzkənd, Tərtərin Talış, Suqovuşan kəndləri və Ağdarə istiqamətində də döyüşmüşəm.
– Özünüz döyüşlər zamanı yaralandınız ?
– Düşmən biləndəki biz hələ də Malakanlar kəndindəyik, sonra onlara dəstək qüvvələr gəldi, səhəri gün düşmənlə güclü atışma zamanı düşmən snayperindən atılan güllə dəbilqəmi yarıb keçdi. Bununla da dəbilqəmdən çıxan qəlpələr məni yaralamışdı.İlk dəfə orda yaralanmışam. Ordan özüm çıxıb gəlib komandirimə məruzə etdim, döyüş yoldaşlarım mənim başımı orda sardılar və mən oranı komandirimin icazəsi ilə tərk etdim. Sonra mənə Tərtər rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərildi, 3 qəlpədən ikisi çıxardıldı və sonra mən Bərdə rayon mərkəzi xəstəxanasına aparıldım. 5 gün orda qaldım.12 oktyabr özümü döyüşə tam hazır hiss edirdim və raport yazaraq baş həkimə yaxınlaşıb yenidən döyüşlərə qatılmaq istədyimi bildirdim. 12 oktaybr Bərdədən qayıdarkən Seydimli kəndinin yaxınlığında yolumuzun üstünə top mərmisi düşdü, xoşbəxtlikdən heç kim xəsarət almadı.Təkrar yoxlanışdan sonra mən öz bölməmə yola salındım. Burada hələ əmrimi 1 həftə gözləməli idim. Amma mən bunu gözləyə bilməzdim. Silah anabarında düşməndən qənimət kimi əldə etdiyimiz silah, 3 daraq və bir qədər güllə götürərək, gizli şəkildə hərbi qulluqçuları ön cəbhəyə aparan maşına mindim. 13 oktaybrda mən yenidən döyüşlərə qatıldım.
– Son döyüşünüz nə vaxt oldu ?
– Son döyüşümüz qələbə qazandığımız gün oldu. Bizə xəbər gəldi ki, artıq atəşkəs elan olunub. Buna baxmayaraq qarşı tərəf yenə təxribat törətmək məqsədi ilə bizə atəş açırdı. Amma biz yuxarı komandanlığın əmrin əsasən, qarşı tərəfə cavab vermirdik. Göstərişə əsasən cavab atəşi qadağandır. Əgər düşmən üzərinizə gələrə, əsirgötürmə əməliyyatına keçin.
Sonda isə qəhrəmanımız vurğuladı ki, qalib Ordunun əsgəri olmaq çox qürurvercidir. Mən bununla fəxr edirəm. Düşmənin növbəti təxribatı olarsa, mən yenə də vətəni qorumağa, bir qarış torpağı düşmənə verməmək üçün canımı qurban verməyə hazıram.
Nursəfa Abbasov