Qəhrəman Tərtərin Birinci Qarabağ savaşından qəhrəman övladları olub
Vətən Müharibəsində də Qəhrəman Tərtərin igid oğulları tarix yazanlar sırasında oldu. Bu igidlərdən biri də XTQ-də xidmət etmiş, Tarix fakültəsinin məzunu Sabirzadə Mehdi Zöhrab oğludur. Şuşa fatehlərindən olan Vətən Mübaribəsi iştirakcısı Mehdi Sabirzadənin istəyi FHN-nin əməkdaşı olmaqdır.
O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Sabirzadə Mehdi Zöhrab oğlu ilə olan müsahibəni təqdim edirik.
– Özünüzü təqdim edin.
– Mən 1997-ci il sentyabrın 25-də Tərtər rayonunun Sərdərabad kəndində anadan olmuşam. 2004-ci ildə 2 saylı orta məktəbə daxil olmuşam, 2015-ci ildə həmin məktəbi bitirmişəm. Elə həmin ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Regionşünaslıq” ixtisasına qəbul olmuşam. Universiteti 2019-cu ildə bitirib hərbi xidmətə çağırıldım. Hərbi xidmətimi Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində yerinə yetirdim. Bir illik hərbi xidmətimi bitirdikdən sonra 6 ay da əlavə xidmət etdim.
– Döyüş yolunuz haradan başladı?
– Atıcıydım, birinci döyüş yolum Murovdağda başladı, daha sonra Gamışdağda davam etdi. Sonra bizi Füzuliyə, Cəbrayıla, Hadruda, oradanda Xocavəndə qaytardılar. Sonra isə Daşaltı, Topxana meşəsi və Şuşaya getdik.
– Şuşaya girişinizdən danışın, ruh yüksəkliyi necə idi?
– Bizdə ruh yüksəkliyi heç vaxt ölməyib. Bizdə qorxu, demək olar ki, yox idi. Çünki biz sonranı düşünmürdük. Yaralı olan döyüşçülər belə bizlə bərabər döyüşə gedirdilər. Yəni o dərəcədə vətənpərvərlik yüksək idi. Hadrudda bizim 4 nəfər yaralımız bir BMP-ni pusquya salıb içindəki düşmənləri məhv etmişdilər. Şuşaya girərkən istehkam qrupları bizi vurmağa başladı. Başına top gəldi və gizlənməyə cəmi 3 saniyə vaxtın var. Atılan toplardan biri çox yaxınmıza düşdü, birini isə elə atdılar ki, düz qulağımın dibindən keçdi. Ayağa qalxanda gördüm ki, qulağımı sürtüb keçib.
Bir dəfə ermənilərlə qabaq-qabağaydıq, dronlar bizi çəkirdi, ermənilər bizi gördülər və minamiyotla bizi vurmağa başladılar. Çıxılmaz vəziyyət idi, qabağa getsən, ölümdür, açıqlığa çıxsan, ermənilər görəcəkdi.
Dəstənizdə şəhid oldu?
Xeyr. Biz 8 nəfər idik. Şəhidimiz olmasa belə, yaralılarımız oldu. Baş leytenant Qurbanov Şəmsəddin, Niftəliyev Mehrab.
Mehrab Niftəliyevlə bir döyüşdə olmusunuz?
Döyüşdə bir yerdəydik, əsgərlərinə canı yanan idi, elə yerlər olurdu qoymurdu biz gedək, özü gedirdi. Ailəsi bir dəfə mənlə əlaqə saxladı. Yoldaşı dedi ki, onun döyüş yolundan mənə danış, heç olmasa təskinlik tapım. Ayın 7-si günü təminat maşınının içinə tv qoydu, uşaqlara oyuncaq qoydu, dedi, inşallah müharibə bitsin gedəndə apararam. 8-i günü eşitdim ki, şəhid olub.