Advertisment

Türkiyə ermənisi: “Nə Ermənistana, nə də Azərbaycana gedə bilmirəm”

Professor Toros Alcan İstanbulda yerləşən özəl diş klinikasının sahibi olmaqla yanaşı, həm də Türkiyədəki erməni icmasının liderlərindəndir. Ötən həftə Türkiyə və Ermənistan rəsmilərinin iki ölkə arasında münasibətlərin normallaşması prosesinə başladıqlarını açıqlaması sərhəddin hər iki tərəfində onun kimi düşünənlərdə sabit gələcəyə ümidlər yaradıb.

"Artıq şiddətlə, savaşla bu işin həll olunmayacağını, münaqişənin davamının hər iki ölkəyə zərər verdiyini görməlidirlər. Yumşaq desək, həm iqtisadi, həm də insan itkilərimiz olur. Həqiqətən mühit narahat bir mühitə dönür. Halbuki ən yolagedən, ən bir-birinə bənzər cəmiyyətlərik", professor Alcan BBC News Azərbaycancaya müsahibəsində bildirib.

Onun rəhbərlik etdiyi Tıbrevank Fondu ermənicə təhsil proqramının icra ediliyi Surp Haç Tıbrevank Ermeni Lisesini maliyyələşdirir.

O, yolların açılmasını dəstəklədiyini deyir: "Bütün yolların açılması, birinin Bakıdan qatara minib Naxçıvana gəlməsi, Yerevandan minib şimaldan Gəncə üzərindən Rusiyaya, Gürcüstana getməsi…Buranın bir sülh adası olmasını istərdim. Çünki başqa şəkildə məcburiyyət olur. Məcburi qərarlarla diplomatik görüşlər də irəliləmir. Çünki Azərbaycan xalqı haqlı olaraq dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilməsə, biz buna razı olmarıq.

Qarabağdakı ermənilərin də, Ermənistandakı insanların da razı olacağı, onların şərəfli bir şəkildə həyatlarını yaşamaları üçün mühit yaradılmalıdır".

"Mən İstanbuldan Qarsa gedə bilirəm, amma Ermənistana, Bakıya gedə bilmirəm. Bu qədər yaxın olub, bu qədər uzaq olmaq mənə tragikomediya kimi görünür. Biz də bunları geridə buraxıb ədalətli mühit yaratmalıyıq", deyə türkiyəli erməni professor əlavə edir.

28 ildir ki, bağlı olan sərhədlərinin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı danışıqları başlatmaq üçün ötən həftə Türkiyə və Ermənistan Xüsusi Təmsilçilərini təyin ediblər.

Münasibətlərin bərpasında irəliyə doğru atılmış bu addıma baxmayaraq, təhlilçilərə görə, iki ölkə arasında həll edilməli olan mürəkkəb məsələlər var.

BBC