YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə
- Cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edir, elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq sahəsində böyük uğurlar əldə edirlər. Müasir gənclərimiz ölkəmizin dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.
- Bu gün müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri də, vətənpərvər, mərd, igid, savadlı, dünyagörüşlü gənclər ordusunun yetişməsidir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” deyən, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyev gənc nəslə qayğını hər zaman önə çəkib. Məhz böyük şəxsiyyətin hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi gənclər sahəsində də böyük işlər görülüb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılan əsaslı addımların başlanğıcı oldu. Gəncliyə göstərilən xüsusi diqqət və qayğının nəticəsində 2 fevral tarixi Azərbaycan Gəncləri Günü kimi elan edildi, Azərbaycan gəncliyinin inkişafında müstəsna rol oynadı.
Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqləri gənclərin qarşısında duran vəzifələri müəyyənləşdirdi. Dahi rəhbərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında onların daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən etdi. “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”. Ulu Öndərin proqram xarakterli bu fikirləri gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı.
Bu gün Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin fərman və sərəncamlarının tələbi və tövsiyələri istiqamətində milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı və vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Bunu 2016-cı il dördgünlük Aprel döyüşlərində, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində daha aydın gördük. Azərbaycan gəncliyindən formalaşmış Silahlı Qüvvələrimiz bu savaşla təkcə işğalçı Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğradaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı.
- 44 günlük Vətən müharibəsi Azərbaycanda yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edib.
- Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qətiyyəti, gənc hərbçilərimizin fədakarlığı ilə sentyabrın 27-də işğalçı Ermənistana qarşı başlanan əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında saxlanılan əzəli-əbədi torpaqlarımız azadlığa qovuşdu. Həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi. İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclər Vətənə sadiq olduqlarını təsdiq etdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə apardılar.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi sayəsində gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasına zəmin yaradıb. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq dövlətimiz azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Ölkəmizdə gənclərin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclərə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir. Gənclərimizin ölkəmizin inkişafındakı rolu sizi qane edirmi?
- Dövlətin yaratdığı geniş imkanlar nəticəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır. Məhz bunun sayəsində Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncam gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsini yazdı. 2020-ci ilin ölkəmizdə Prezidentimiz İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsi, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verdi. Gənclərin sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsində “Könüllülər ili”nin də öz payı oldu. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar gələcəyə hesablanmış siyasətin təcəssümü oldu. Azərbaycan gəncləri öz növbələrində onlara yaradılan imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özlərini təsdiq edirlər. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmləndirilməlidir. Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.
yap.org.az