Hindistanın cənub bölgələrində aramsız yağan leysan yağışları, daşqın və torpaq sürüşmələri insan tələfatına səbəb olub.
"Reuters"in məlumatına görə, ən ağır vəziyyət Kerala ştatında qeydə alınıb. Təbii fəlakət nəticəsində burada azı 11 nəfər həyatını itirib. Güclü yağışların yaratdığı təhlükə səbəbindən 7 700-ə yaxın sakin təhlükəsiz ərazilərə təxliyə olunaraq 275 müvəqqəti sığınacaq mərkəzinə yerləşdirilib.
Kerala ştatının hökumət rəhbəri V.D. Satheesan bildirib ki, bazar ertəsindən etibarən rayon rəhbərləri ilə birgə sığınacaq mərkəzlərindəki vəziyyət qiymətləndiriləcək. Onun sözlərinə görə, daşqından zərər çəkmiş ərazilərdə artıq bərpa və təmizləmə işlərinə start verilib.
Ştatın Fövqəladə Halların İdarəetmə Təşkilatı isə bəzi bölgələrdə güclü külək və yağıntının davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Əlverişsiz hava şəraiti səbəbindən Kerala ştatında bir sıra məktəblərdə tədris dayandırılıb. Bundan başqa, müəllimlərin işə qəbulu üzrə keçirilməsi planlaşdırılan ştat səviyyəli imtahan da təxirə salınıb.
Təbii fəlakətin təsirləri qonşu Karnataka ştatında da hiss olunub. Yerli The Hindu qəzetinin məlumatına görə, torpaq sürüşməsi nəticəsində eyni ailənin üç üzvü – ər, həyat yoldaşı və övladı həyatını itirib.