Advertisment

Forbes: Azərbaycan Cənubi Qafqazın ən güclü hərbi hava qüvvələrinə sahib olur

Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi istiqamətində mühüm addım ataraq 4,2 milyard dollar dəyərində 40 ədəd JF-17C Block III qırıcı təyyarəsinin alınmasını təsdiqləyib.

Forbes yazır ki, bu, ölkə tarixində ən iri döyüş təyyarəsi alışı olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda ən güclü hərbi hava qüvvələrinə malik ölkəyə çevrilməsinə imkan verəcək. Pakistan və Çin tərəfindən birgə istehsal olunan 4,5-ci nəsil JF-17C təyyarələri köhnə MiG-29 qırıcılarını əvəz edəcək.

Nəşrin məlumatına görə, Bakı ilk JF-17 təyyarəsini 2024-cü ilin sentyabrında qəbul edib. Daha sonra sifariş 16 təyyarədən 40-a çatdırılıb və müqavilənin dəyəri 1,6 milyard dollardan 4,2 milyard dollara yüksəlib. Bu, Pakistanın müdafiə sənayesi tarixində ən böyük ixrac müqavilələrindən biri hesab olunur.

Forbes qeyd edir ki, Azərbaycan bununla yanaşı Çin istehsalı olan HQ-9BE uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini də silahlanmaya daxil edib. Yeni komplekslər mövcud S-300 və Barak sistemləri ilə birlikdə ölkənin hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.

Nəşrin qiymətləndirməsinə görə, JF-17C qırıcıları və HQ-9BE sistemlərinin alınması son onilliklərdə Azərbaycan Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemində həyata keçirilən ən böyük modernləşdirmə proqramıdır.