ABŞ Prezidenti Donald Tramp ölkəsinin sursat ehtiyatları ilə bağlı narahatlıqların əsassız olduğunu bildirib və müdafiə sənayesinin istehsal imkanlarının tarixi maksimum səviyyəyə çatdığını açıqlayıb.
APA-nın məlumatına görə, Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, ölkənin, xüsusilə də müəyyən növ döyüş sursatları üzrə böyük ehtiyatı mövcuddur və ehtiyac yarandıqca yeni sursatların istehsalı fasiləsiz şəkildə davam etdirilir.
“ABŞ-ın kifayət qədər, xüsusilə də bəzi növ sursatlardan çox böyük ehtiyatı var. Bununla yanaşı, zərurət olduqca böyük həcmdə yeni sursat istehsal edilir və silahlı qüvvələrə çatdırılır. Müdafiə sənayesi tariximizdə görünməmiş miqyasda yeni zavod və istehsal müəssisələri qurur”, – deyə Tramp bildirib.
Prezident paylaşımında məxfi məlumatların mediaya ötürülməsinə də toxunaraq bunun qəbuledilməz olduğunu vurğulayıb.
Tramp bildirib ki, məxfi məlumatları sızdıran şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və onların ciddi məsuliyyətə cəlb olunmasını dəstəkləyir.
“Bu xəyanət xarakterli məlumatları mediaya ötürən şəxslər axtarılır. Onlar üçün uzunmüddətli həbs cəzalarının tələb olunacağını düşünürəm”, – deyə ABŞ Prezidenti qeyd edib.