Bu kadrlar Bakının Xətai rayonunda çəkilib. Rayonun Nəsrəddin Tusi küçəsinin sakinləri ərazidə fəaliyyət göstərən “Afrodita” şadlıq sarayının fəaliyyətindən narazıdır. Sakinlər bildirib ki, restoranın mətbəxindən hər gün havaya bu cür qalın tüstü yayılır.
Xüsusilə gün ərzində və iaşə obyektinin daha intensiv fəaliyyət göstərdiyi saatlarda havaya buraxılan tüstü ətrafda yaşayan insanların narahatlığına səbəb olur.
Sakinlər hesab edirlər ki, bu cür tüstülənmə yalnız ətraf mühitin çirklənməsi baxımından deyil, insan sağlamlığı üçün də risk yarada bilər.
Ekoloq Sadiq Həsənov Herbiand.az-a açıqlamasında bildirib ki, bu cür hallarınq arşısı alınmalıdı.
“Mətbəx avadanlıqlarında yanacağın və ya yağların natamam yanması, həmçinin havalandırma və tüstüçıxarma sistemlərinin düzgün işləməməsi nəticəsində havaya xırda hissəciklər (PM2.5 və PM10), karbonmonoksid, azot oksidləri, uçucu üzvi birləşmələr, həmçinin yağ və yanma məhsullarından yaranan digər çirkləndiricilər yayıla bilər. Tüstünün tərkibi isə istifadə olunan avadanlıq, yanacaq və texniki sistemlərdən asılı olaraq dəyişir. Xüsusilə qalın tüstünün davamlı şəkildə yaşayış ərazisinə yayılması ciddi narahatlıq doğurur. Çünki havadakı xırda hissəciklər tənəffüs yollarına daxil olaraq uzunmüddətli təsir zamanı insan sağlamlığı üçün arzuolunmaz nəticələr yarada bilər”.
Ekoloq vurğulayıb ki, restoranın tüstü bacası və havalandırma sistemi mütəmadi olaraq texniki baxışdan keçirilməli və vaxtında təmizlənməlidir.
“Tüstü bacasında yağ, his və digər çöküntülərin toplanması həm tüstünün daha çox yayılmasına, həm də yanğın təhlükəsinin artmasına səbəb ola bilər. Məsələ ilə bağlı aidiyyəti qurumların obyektin tüstüçıxarma və havalandırma sistemlərini, eləcə də ətraf mühitə atılan emissiyaları yoxlaması məqsədəuyğun olardı. Əgər normadan artıq çirkləndirici maddələrin havaya buraxılması müəyyən edilərsə, obyektin fəaliyyətində müvafiq texniki tədbirlərin görülməsi təmin olunmalıdır”-deyə, o, bildirib.
E.Cəfərli