Paytaxt Bakının ictimai nəqliyyatında avtobus parkının yenilənməsi istiqamətində son illər mühüm işlər görülüb. Lakin bəzi marşrut xətlərində hələ də köhnə avtobuslara rast gəlinir. Texniki cəhətdən nasaz, ekoloji standartlara cavab verməyən nəqliyyat vasitələrinin istismarı həm sərnişinlərin rahatlığı, həm də şəhərin ekoloji vəziyyəti baxımından ciddi suallar doğurur. Salonunun təmizliyi və texniki vəziyyəti qənaətbəxş olmayan bu avtobusların bəzilərində hələ də nağd ödəniş sistemi tətbiq edilir. Üstəlik, belə nəqliyyat vasitələrinin atmosferə buraxdığı işlənmiş qazlar şəhər havasının çirklənməsini artıran amillərdən biridir. Xətlərdə hələ də qalan bu avtobuslar nə zaman tamamilə yeniləri ilə əvəzlənəcək?
Nəqliyyat eksperti Elməddin Muradlı Hərbiand.az-a açıqlamasında bildirib ki, əvvəlki illərə nisbətdən bu cür avtobusların sayı kifayət qədər azalıb.
“Yəni, xeyli avtobus artıq xətdən çıxarılıb. Təxminən bir 15% bu cür avtobus qalıb. Qalanlarının ümumiyyətlə xətdən çıxarıldığını deyə bilərik. Ümumilikdə baxsaq, bu çox böyük bir göstəricidir. Yəni, əvvəlki illərə baxsaq, bir təxminən iki-üç il bundan qabaq təxminən 50%-i elə köhnə avtobuslar idi. İndi 85% üzərində dayanır bu rəqəm, bu yaxşı bir göstəricidir. Ümid edirik ki, yaxın bir bir il ərzində onun daha böyük, belə deyək də, bir rəqəmə çevrildiyini görəcəyik ki, artıq köhnə avtobuslardan canımız qurtarsın. Bu gün başqa bir sistem yoxdur, başqa bir mexanizm yoxdur, kimsə durub deyə bilməz ki, mən bu məsələni bir gün içində həll eləyəcəyəm, bütün avtobusları yeniləyəcəyəm. Bu, çox qəliz bir sistemdir. Yəni, kifayət qədər bahalı texnologiyadır, bir gün içində həll olunası bir məsələ deyil. Və bu texnologiyanı nə ölkədə istehsal eləyə bilmirik, nə də başqa bir imkanlarımız yoxdur. Başqa yerlərdən alırıq, onun da qiyməti kifayət qədər baha gəlir çıxır. Xüsusən hökumətin qərarına görə dizel və digər yanacaqla işləyən avtobuslara icazə yoxdur. Yalnız elektrik avtobuslar gələ bilər və sıxılmış qazla işləyənlərin də müəyyən bir məhdudiyyətlə gətirilməsinə imkan verilir. Bax bu cür problemlər var. İndi bunları həll etmək nə zaman tam mümkün olacaqsa, o zaman durub biz artıq “yeni avtobus parkımız var” deyə bilərik”.
Hərbiand.az
Məhəmməd Əliyev