Advertisment

Müdafiə sənayemiz inkişafda: Atıcı silahlardan PUA-lara qədər...

Azərbaycanın müdafiə sənayesi son illərdə istehsal etdiyi müasir texnologiyalar və hərbi təyinatlı məhsullarla beynəlxalq diqqət çəkir. Ölkənin müdafiə sənayesinin inkişafı yeni istehsal imkanlarının yaradılması və innovativ texnologiyaların tətbiqi ilə müşayiət olunur. Bu baxımdan Bakıda keçirilən “ADEX” sərgisi mühüm beynəlxalq platforma kimi çıxış edir. Sərgidə Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları ilə yanaşı, müxtəlif ölkələrin aparıcı müdafiə sənayesi şirkətlərinin yeni məhsulları və texnologiyaları nümayiş etdirilir. Tədbir həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyət daşıyır.

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müdafiə sənayesi sektoru son 20 ildə özünün təşkilatlanma və inkişaf dövrünü keçir: “Bu illər ərzində müdafiə sənayesinin ali rəhbərlik tərəfindən qarşısına qoyulan tapşırıq ilk növbədə Azərbaycan ordusunun tələbatına daxil olan məhsulların yaradılması və həmçinin rentabelli məhsulların ixracının təmin olunmasıdır. Müdafiə sənayesi nazirliyi və ona tabe olan qurumlar bu istiqamətdə müvafiq işlər həyata keçirib. Artıq uzun illərdir, yəni bir neçə ildirdir ölkənin müdafiə sənayesi sektoru, nazirliyə daxil olan şirkətlər, müəssisələr əsasən atıcı silahlar və onların mərmiləri, patronları, iri çaplı pulemyotlar və s. istehsalı üzərində ixtisaslaşıblar. Həmçinin pilotsuz uçuş aparatlarının yaradılması, zirehli texnikaların yaradılması və modernləşdirilməsi istiqamətində ixtisaslaşıblar”.

Ramil Məmmədli həmçinin bildirib ki, Azərbaycan özünün istehsal etdiyi bütün məhsulların ixracını həyata keçirir.

“Azərbaycanın xaricə satdığı məhsulların arasında müxtəlif təyinatlı atıcı silahların, yəni kiçik çaplı və iri çaplı, həmçinin zirehli maşınları, texnikaları, müxtəlif ölçülü mərmiləri və həmçinin pilotsuz uçuş aparatlarını görə bilərik. Azərbaycan müdafiə sənayesi sektoru davamlı olaraq inkişaf edir. Artıq özəl sektorda da bir sıra müəssisələr yaradılıb və yeni məhsulların yaradılması və ixracı istiqamətində də işlər aparılır”-deyə, o, bildirib.

 

Məhəmməd Əliyev

Herbiand.az