Advertisment

“Birliyin Gücü” türk dövlətlərinin müdafiə qabiliyyətini artırır” - Firidun Məmmədov

Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimləri davam edir.

Bu təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin və hərbi koordinasiyanın gücləndirilməsi baxımından diqqət çəkir. Təlimlər müasir döyüş şəraitinin tələblərinə uyğun olaraq yeni texnologiyaların, pilotsuz uçuş aparatlarının və elektron müharibə vasitələrinin tətbiqi məsələlərini də gündəmə gətirir.

Belə təlimlər iştirakçı orduların birgə fəaliyyət imkanlarının sınaqdan keçirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyır.

Eyni zamanda, keçirilən hərbi təlimlərin regionun təhlükəsizlik mühitinə mümkün təsirləri də müzakirə mövzusudur. “Birliyin gücü–2026” təlimləri hansı mesajı verir və türk dövlətləri arasında hərbi əməkdaşlığın gələcəkdə müttəfiqlik səviyyəsinə yüksəlməsi mümkündürmü?

Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri və “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firidun Məmmədov Herbiand.az-a açıqlamasında bildirib ki, bir sıra güclərin imperialist maraqları fonunda bu cür hərbi təlimlərin keçirilməsi və hərbi müttəfiqliyin gücləndirilməsi olduqca vacibdir:

“Son zamanlar dünyada baş verən mürəkkəb siyasi proseslər, dövlətlərarası gərginliklər və yeni dünya müharibəsi təhlükəsi ilə bağlı artan həyəcan siqnalları diqqətlə izlənilməlidir.

Bəzi imperialist dövlətlərin 100 ildən bir xəritələri yenidən cızmaq həvəsi və yürütdükləri təcavüzkar, müharibəyönümlü siyasət bütün ölkələri öz müdafiə sənayesini, hərbi gücünü, eləcə də beynəlxalq dostluq və birliklərini möhkəmləndirməyə məcbur edir.

Bu baxımdan, “Birliyin Gücü – 2026” hərbi təlimləri yalnız sırf hərbi xarakter daşımır. Mənim fikrimcə, bu təlimlər daha çox hərbi-siyasi mahiyyət kəsb edərək mövcud regional və qlobal mənzərəyə verilən mühüm bir cavabdır”.

Firidun Məmmədov deyib ki, “kim-kimi” məsələsinin gəll olunduğu müasir dünyada hərbi əməkdaşlıq, ordunun hazırlığı kimi məsələlər ön planmmda tutulmalıdır:

“Dünya müharibələrlə çalxalanır. Üçüncü Dünya Müharibəsi qapının kandarındadır. Bəzi dövlətlər gücündən istifadə edib fürsət gözləyir ki, digər dövlətlərin torpaqlarına müdaxilə eləsin. Bir sıra supergüclər ümumiyyətlə, bəzi dövlətləri xəritədən silməyə çalışır.

Belə olduğu təqdirdə daha az gücü daha az idddiası olan dövlətlər özlərini qorumaq üçün müəyyən birliklər yaradırlar. Və bu birliklərlə birgə müdafiənin təşəkkül tapmasına çalışırlar. Bu Azərbaycanın da qatıldığı bu hərbi təlimlər burda iştirak edən dövlətlərin birlikdə müdafiəsi ilə bağlı bir mesaj təlimləridir. Bu, hər şeydən əvvəl gözünü bizim torpaqlarımıza dikən dövlətlərə və yaxud düşmənlərimizə bir gövdə göstərisidir, güc nümayişidir.

İkinci məsələ isə ondan ibarətdir ki, təlimdə iştirak edən dövlətlərin gələcəkdə zərurət yarandığı halda bir-birini müdafiə etməsi və ya kollektiv müdafiənin təmin olunması üçün orduların, hərbi birləşmələrin koordinasiyalı fəaliyyətinin məşq etdirilməsidir. Bu baxımdan, hərbi hissələrin birgə fəaliyyətinin idarə olunması və qarşılıqlı koordinasiyanın təkmilləşdirilməsi olduqca vacib məsələdir.

Əgər tutaq ki, bu dövlətlərdən birinə hardansa müdaxilə olarsa, digəri onu müdafiə etmək üçün, bir-birlərini qorumaq üçün bunlar mütləq ordularının bir-biri ilə kompakt şəkildə, bir ordu kimi, vahid ordu kimi fəaliyyət göstərmələrinə çox ciddi ehtiyac olacaq”.

F.Məmmədovun sözlərinə görə, bu təlimlərin keçirilməsi birliyin, sözün əsl mənasında, gücünü ortaya qoymaq, onu yalnız nümayiş etdirmək deyil, həm də real gücə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır:

“Fikrimcə, dünya bölünməyə, parçalanmağa doğru gedir. Hazırkı çalxalanan dünyada hamı hazırlaşır. Böyük dövlətlər də, imperialist dövlətlər də, kiçik dövlətlər də özünü qorumaq üçün buna hazırlaşırlar”.

Bəs türk dövlətlərinin əməkdaşlığı hansı səviyyəyə çata bilər?

F.Məmmədov hesab edir ki, türk birliyi zaman keçdikcə güclənəcək: “Türk birliyi bütün digər ittifaqlardan fərqli olaraq həm də qan birliyi, can birliyi, bir milli birlik havasında yaradılan bu ittifaqdır. Çünki burada sırf türk xalqlarının, türk dövlətlərinin birliyindən söhbət gedir. Elə qardaş dövlətlər ki var, Türk birliyində də iştirak etmək həvəsindədirlər-məsələn, Pakistan kimi. Pakistan da qoşulsa türk biliriy böyük güc mərkəzi olacaq. Hesab edirəm ki, proseslər elə buna doğru gedir.

Ətrafımızda baş verən müharibələrdən də göründüyü kimi, hələlik, şükürlər olsun, bu münaqişələr bizim dövlətlərdən yan keçir. Bunun əsas səbəblərindən biri isə artıq türk dövlətlərinin birlik və birgə güc formalaşdırdığını görənlərin onlara qarşı hər hansı müdaxiləyə əl atmaqdan çəkinməsidir”.

Murad Muradlı

Herbiand.az