Türkiyədə fəaliyyət göstərən hərbi yönümlü QHT-lər və veteran birlikləri son günlər sosial şəbəkələrdə iki qardaş ölkə arasında gərginlik yaratmaq istəyən dairələrin cəhdlərindən ciddi narahatlıqlarını ifadə ediblər. Bununla bağlı 6 hərbi yönümlü təşkilat birgə bəyanat qəbul edib.
Bəyanatda deyilir:
“Türkiyə və Azərbaycan Respublikaları günümüzdə siyasi, hərbi və iqtisadi əlaqələri sürətlə inkişaf edən iki qardaş ölkədir.
Bu gün onların "Bir millət, iki dövlət" kimi anılmasının səbəbi çox güclü tarixi və mədəni bağlara sahib olmalarıdır.
Türkiyə-Azərbaycan əlaqələri yalnız coğrafi yaxınlıqları və dil bənzərlikləri ilə deyil; tarixi bağları, soy və mədəni ortaklıqları, eləcə də hər iki xalqın əsrlər boyu bir-birinə yaxın olmasından doğan qarşılıqlı dostluq və qardaşlıq hissələri ilə bu yaxınlığın möhkəmlənməsindəndir.
Azərbaycan Respublikası; 1999-cu il Mərmərə zəlzələsində və 2023-cü ilin fevralında mərkəzi Qəhrəmanmaraş olan və bir çox vilayətimizi əhatə edən zəlzələlərdə həm hökuməti, həm də bütün vətəndaş cəmiyyəti təşkilatları və xalqı ilə Türkiyəyə maddi və mənəvi humanitar yardım dəstəyi göstərən ölkə olmuşdur.
Türkiyə Respublikası 9 noyabr 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.
Regional və qlobal miqyasda mühüm bir güc formalaşdıran Türkiyə və Azərbaycan ortaq mənafeləri və strateji əməkdaşlıqları çərçivəsində yeni imkanlar yaratmağa davam edir.
Türkiyə Respublikasının banisi Qazi Mustafa Kemal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamı hər iki ölkənin anlıq siyasi proseslərə sığışdırılamayacaq dərəcədə dərin bir bağa sahib olduğunu göstərir.
Son günlərdə müxtəlif platformalarda Türkiyə-Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarını hədəf alan cəhdlərin və bu çərçivədə yaradılan psixoloji təsir əməliyyatları ilə bəzi dairələrin əsl məqsədinin nə olduğu məlumdur.
"İki dövlət, tək millət" ifadəsi ilə xülasə edilən Türkiyə-Azərbaycan qardaşlığı bu növ cəhdlərlə sarsılmayacaq qədər köklüdür. Qardaşlığımıza kölgə salmaq istəyən bu təfəkkürə qarşı ayıq-sayıq olunmalı, regional birliyimizi hədəf alan bu cür süni gündəmlərə əhəmiyyət verilməməlidir.
Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla yad edir, sağ olan qazilərimizə sağlam və uzun ömür diləyir, bu uğurda əməyi keçən və tər tökənlərə minnətdarlığımızı bildiririk”.
Bəyanat bu sözlərlə bitir: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”
Bəyanatı bu təşkilatlar imzalayıb:
Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyi
Türkiyə Ehtiyatda olan Gizirlər Dərnəyi
Türkiyə Müharibə Qaziləri Dərnəyi
Türkiyə Müharibə Əlilləri Qazilər, Şəhid Xanımları və Övladları Dərnəyi
Türkiyə Müddətdən Artıq Xidmət edən Hərbi Qulluqçular Dərnəyi.