Bakıda son illər avtomobillərin sayının artması şəhərin əsas küçə və prospektlərində tıxac problemini daha da kəskinləşdirib. Demək olar ki, hamı hər gün şikayət edir. Lakin tıxacdan qaçmağın alternativ yolları heç kimi ağlına gəlmir. Avropanın inkişaf etmiş ölkələrinin şəhərlərində velosiped, skuterlər yayğındır. İnsanla rişə velosiopedlə və ya digər elektromobillərlə gedirlər.
Velosiped mədəniyyəti bizdə niyə yayğın deyil?
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Herbiand.az açıqlamasında deyib ki, tıxacı azaltmaq üçün alternativ yollardan istifadə etmək lazımdır.
“Şəhərdə velosiped yollarının salınmasına baxmayaraq, velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı çox azdır. Velosiped mədəniyyətinin formalaşması üçün insanların bu nəqliyyat vasitəsindən yalnız əyləncə məqsədilə deyil, gündəlik həyatın bir hissəsi kimi istifadə etməsi vacibdir.
Xüsusilə tələbələrin universitetlərə velosipedlə gedib-gəlməsi geniş yayılmış vərdişə çevrilməyib. Halbuki tələbələrin velosipedlə dərsə getməsi həm şəhərdə nəqliyyat yükünün azalmasına, həm də ekoloji vəziyyətin yaxşılaşmasına töhfə verə bilər”-deyə, o, bildirib. Ekspert onu da qeyd edib ki, velosiped yolları salınıb, amma təhlükəsiz hərəkət və parklanma imkanları da təmin edilməlidir.
E.Cəfərli vurğulayıb ki, velosiped mədəniyyətini yayğınlaşdırmaq üçün tanımmış şəxslərin fərdi nümunəsi böyük rol oynaya bilər:
“Məsələn, hər gün tıxacdan şikayət edən media kapitanları, baş redaktorlar, QHT rəhbərləri və ali məktəb müəllimləri, alimlər, aktyorlar işə velosipedlə gedib-gəlsələr, bu, cəmiyyətdə müsbət nümunə yarada bilər. Belə nümunələrin artması velosipeddən istifadənin adi və qəbulolunan nəqliyyat seçiminə çevrilməsinə təsir göstərə bilər.
Velosipeddən geniş istifadə həm avtomobillərin yaratdığı tıxacların, həm də nəqliyyat vasitələrindən atmosferə atılan zərərli emissiyaların azalmasına kömək edə bilər. Bununla yanaşı, velosiped sürmək insanların gündəlik fiziki aktivliyini artıraraq daha sağlam həyat tərzinin formalaşmasına da şərait yaradır.
Bakıda velosiped mədəniyyətinin inkişafı üçün isə infrastrukturla yanaşı, cəmiyyətin bu nəqliyyat vasitəsinə münasibətinin dəyişməsi də vacib amillərdən biri olaraq qalır”.
Yunis İsrəfilov