Son günlər Azərbaycanda məktəblərdə hicabla bağlı yaranmış vəziyyət ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Məsələ ilə bağlı fərqli yanaşmalar səslənir: bir qrup hicabı dini inancın ifadəsi kimi qiymətləndirir, onun məktəblərdə qadağan edilməsinə qarşı çıxır, digər tərəf isə dünyəvi təhsil müəssisələrində dini geyim məsələsinin ayrıca tənzimlənməli olduğunu bildirir.
Müzakirələr fonunda diqqət çəkən suallardan biri də İslam dinində və şəriət qaydalarında qadının hicab taxmasına necə yanaşıldığıdır. İslam alimlərinin bu məsələ ilə bağlı izahlarında hicabın dini hökm kimi qiymətləndirilməsi ilə yanaşı, onun forması, tətbiqi və ictimai mühitdəki yeri barədə müxtəlif hüquqi yanaşmalar da mövcuddur. Bəs şəriət hicaba necə baxır və dini baxımdan bu məsələyə hansı çərçivədə yanaşılır?

İlahiyyatçı Tural İrfan Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində edilən son dəyişikliklər şagirdlər üçün xüsusi geyim formasını təsbit edir və bu, ölkənin dünyəvi təhsil sisteminin tələblərinə uyğundur: “Əvvəlki qaydalarda da müəllimlərin təhsil sisteminə və etik normalara uyğun geyinməsi nəzərdə tutulurdu.
Müvafiq qanun dəyişikliyi edilmiş yeni müddəalarına görə şagirdlər üçün xüsusi geyim forması təsbit olunmuşdur. Bununla yanaşı əvvəlki qaydalara görə də eyni zamanda təhsil verənin, yəni müəllimlərin təhsil sisteminə və etik qaydalara uygun olaraq geyinməsi nəzərdə tutulub. Şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti dünyəvi dövlətdir, hüquqi dövlətdir və eyni zamanda məcburi təhsil sistemi də dünyəvi təhsil sisteminə dayanır. Bununla yanaşı dünyəvi təhsil sisteminin də özünün beynəlxalq standartlara uyğun olaraq, həm də ölkə qanunlarına müvafiq olaraq öz qaydaları və tələbləri var. Bu da mütəmadi olaraq yenilənməkdədir, dövrlə, zamanla uyğunlaşdırılmaqdadır.
Bu cümlədən də məktəbli geyimləri, xüsusi şagirdlər üçün nəzərdə tutulmuş geyim formaları da yenilənməkdədir və bunların tətbiq olunması haqqında müvafiq qanunlar, qaydalar nəzərdə tutulmaqdadır. Burada şübhəsiz ki, bəzən dini inanclı kəsim və yaxud da müxtəlif kənar təsirlərə uymuş insanlar sanki bu dünyəvi sistemlə dini məsələləri üz-üzə qoymağa çalışırlar. Əksinə, burada heç bir ziddiyyət yoxdur”.
Tural İrfan hesab edir ki, Azərbaycanda inanc azadlığı var, ancaq hüquqi dövlətdə qanunlar hər şeydən ucada durmalıdır: “Azərbaycan Respublikasının müvafiq qanunlarına görə vicdan azadlığı var. İnsanların inanclarını ifadə etmək azadlıqları və hüquqları var. Öz ayinlərini, ibadətlərini icra etmək, təzahür etdirmək, təbliğ etmək hüquqları var – şübhəsiz ki, qanun çərçivəsində.
Ancaq onu unutmaq olmaz ki, dinimiz də qanunlara tabe olmağı buyurur. Ümumiyyətlə, din xaosdan, anarxiyadan, təxribatdan, etirazçılıqdan, hər şeyə qara görməkdən, narazılıqdan insanları çəkindirir və sülhə, əmin-amanlığa, vəhdətə, humanizmə səsləyir. Eyni zamanda Həzrəti Peyğəmbərimiz təhsilin vacibliyini vurğulayıb. Deyib ki, hətta elm Çində də olsa, gedin. Quranı-Kərimin, unutmayaq ki, ilk nazil olan ayəsi də oxumağı əmr edir insanlara. Ona görə ilk növbədə insanlar oxumağa, təhsilə önəm verməlidirlər”.
İlahiyyatçının sözlərinə görə, inanclı şəxslər də unutmamalıdırlar ki, bizim ölkəmiz dünyəvi dövlətdir, dünyəvi qanunların işlədiyi bir ölkədir. “Yəni burada hansısa inanclı kəsimin və yaxud da kəsimlərin öz inanclarına görə müxtəlif tələblər irəli sürməsi, hərənin öz xüsusi ayrı geyiminin olması, bu əslində dinin mahiyyətinə də ziddir. Çünki Quranı-Kərimdə insanlar vəhdətə və həmrəyliyə səslənir, bu vacib buyurulur.
Orta məktəbdə hər kəsin müxtəlif geyimlərdə gəlməsi, inanclarına uyğun olaraq və yaxud da normalarına uyğundur. Artıq bu, ümumiyyətlə, nəinki dünyəvi təhsilin, elə bütün təhsil sistemlərinin qaydalarına müxalif olan bir məsələdir. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının da etnik, milli köklərinə uyğun olaraq, mədəni, milli-mənəvi dəyərlərimizə uyğun olaraq biz bilirik ki, bu sahədə ümumiyyətlə tarix boyu heç bir problem, heç bir narazılıq olmayıb.
Ancaq müəyyən yad təsirlərdə olan qüvvələr bu gün sanki dinlə dünyəvi sistemi üz-üzə qoymaq istəyir, sanki müəyyən bir narazı təbəqə meydana gətirmək istəyir. Bu, təbii ki, tamamilə yanlışdır və əsassızdır, süni cəhdlərdir. Dinin də bu kimi elmi məsələlərdə, elm-təhsil sisteminə qarşı məsələlərdə müvafiq təsbitləri var. Bu, Qurani-Kərimin mahiyyətində də, vəhy məntiqində də öz təsdiqini tapmışdır. Şübhəsiz ki, nəzərdə tutulan geyim forması da heç də dini dəyərlərə, əxlaq normalarına, etik qaydalara zidd olan bir məsələ deyil. Əksinə, qeyd etdiyim kimi, həm müasirliklə, dünya standartlarına uyğun olaraq, həm də bizim milli xalqımızın özünün mədəni-mənəvi dəyərlərinə uyğun olaraq vəhdət şəklində nəzərdə tutulub təsbit olunmuş geyim formasıdır.
İslam dinində ümumiyyətlə etiqadi məsələlərdən başqa məsələlər, şəriət hökmləri doqma deyil. Yəni bu məsələlərdə hətta məcburiyyət qarşısında olsa belə, çıxış yolları göstərilib. İslam dinini, İslam hüququnun dərinliklərini bilənlər bilirlər ki, buna İslam dininin bir cərəyanına görə əzimət və rüxsət deyilən bir üsuli-fiqhdə, İslam hüququnun metodologiyasında belə müddəalar var ki, insan zərurət məqamında ümumiyyətlə dünyəvi təhsil sistemində, əsgərlikdə hərbi geyim geyinməlidir. Artıq burada inanclı şəxslər və yaxud da din xadimləri dini qiyafədə gedə bilməzlər.
Bax bu kimi məsələlərdə İslam hüququnun rüxsət deyilən bir metodu var. Və yaxud da buna ikinci kəsimin, İslam dininin digər qolunun hüquq metodologiyasına uyğun olaraq ifadə etmiş olsaq, buna hökmü-əvvəl və hökmü-sanəvi deyirlər. Yəni birinci dərəcəli hökmlər, ikinci dərəcəli hökmlər. Zaman, şərait və zəminə görə bir hökmün qüvvəsini itirməsi və yaxud da başqa hökmlə əvəz olunması. Doğrudur, hicab vacibdir, həddi-buluğa çatandan sonra insanların, qadınların mühafizə olunması üçün bu hicab olmalıdır. Ancaq onu da unutmayaq ki, bura təhsil müəssisəsidir, dünyəvi təhsil müəssisəsidir, birbaşa dövlətin nəzarətində olan bir müəssisədir.
Bu, hansısa insanın zaman və şəraitə uyğun olaraq uzaq səfərə çıxması və yaxud da qorxulu və təhlükəli məqamlarda olması zəmini deyil ki, orada hicabın üstündə bu dərəcədə ciddi yanaşılsın. Yəni İslam hüququnda hər şey bu cür doqmatik prinsiplərə əsaslanmır və digər dünyəviliklə, yaxud da təhsil sistemi ilə üz-üzə gətirib insanları və yaxud da müəyyən zümrəni ziddiyyətə təşviq etmir. Əksinə, İslam dini kompromis dinidir, humanizm dinidir və reforma açıq olan bir dindir”.
Tural İrfan təəssüflə bildirib ki, son dövrlərdə, ümumiyyətlə elə orta əsrlərdən sonra İslam dinində müxtəlif mühafizəkar qruplar reform olunmasının, zamana uyğunlaşdırılmasının, bəzi hökmlərin qarşısını aldıqlarına görə də bu gün bəzi bu cür ziddiyyətlər və anlaşılmazlıqlar meydana gəlir.
“Amma mən qeyd edim ki, bunlar hamısı hədər cəhdlərdir və əsassız məsələlərdir. Şübhəsiz ki, hicabın vacib olması ilə yanaşı dünyəvi təhsil sistemində insanların təhsil alması da nəzərə alınmalıdır və eyni zamanda orada nəzərdə tutulmuş geyim formalarının məhz Azərbaycan Respublikasının qanunlarına və tələblərinə uyğunluğu nəzərə alınmalıdır.
Burada dinlə təhsil sistemini üz-üzə qoymağın özü də bir təxribat xarakteri daşıyır. Əslində burada heç bir ziddiyyət yoxdur. Şübhəsiz ki, şagirdlərin də, xüsusən uşaq yaşında hicaba bürünməsi və yaxud da digər dinlərə və inanclara mənsub olan uşaqların, şagirdlərin öz inanclarına uyğun olaraq atributlardan istifadə etməklə təhsil müəssisələrinə gəlməsi, bu, dünyəvi təhsil sisteminin qayəsini pozmaq deməkdir ki, din də bunun əleyhinədir.
Ona görə də qanunlara tabe olmaq lazımdır və şübhəsiz ki, təhsil müəssisəsinin tələblərinə riayət etdikdən sonra hər kəs öz məişətində, həyatında, öz ailəsində öz inancını yaşada bilər, öz xüsusi milli geyimindən və yaxud da dini hesab etdiyi geyimindən istifadə edə bilər. Ancaq bu, tək təhsil sistemində deyil.
Ümumiyyətlə dünyada və bizim ölkəmizdə də müxtəlif sahələrdə, təhsil müəssisələrində də və eyni zamanda fəaliyyət sahələrində də xüsusi uniformaların vacib tələb olaraq irəli sürüldüyü məqamlar çoxdur. Mən burada hərbi xidməti xüsusi olaraq vurğuladım ki, məhz bir nümunə kimi. Həmin yerdə insanlar, inanclı şəxslər də, inancsız şəxslər də qaydalara müvafiq olaraq eyni üsulda, eyni formada geyimdən istifadə etməlidirlər. Unutmayaq ki, təhsil də məcburi olduğu üçün məhz bu nöqteyi-nəzərdən həmin təhsil müəssisələrinə getmək önəmlidir. Eyni zamanda burada dinin də buna qarşı kəskin mövqeyinin olmadığını izah etmiş olduq”-deyə, o, bildirib.
Yunis İsrəfilov