Advertisment

Mayor Rahib Babayevin əziz xatirəsi doğma Naxçıvanda anılıb-FOTOLAR

Bu gün qəhrəman mayor Rahib Babayevin əziz xatirəsi doğma Naxçıvanda anılıb.

Anım tədbirində dövlət və hökumət nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, polis əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə mayor Rahib Babayevin Vətən qarşısındakı xidmətləri, döyüş yolu və göstərdiyi qəhrəmanlıq bir daha xatırlanıb, şəhidimizin ailəsinə dərin hörmət və ehtiram ifadə olunub.

Şəhidin qardaşı Bilal Babayev tədbirdə çıxış edərək qardaşını itirməyin onun üçün ağır olduğunu, eyni zamanda belə bir qəhrəmanın qardaşı olmaqdan qürur duyduğunu bildirib.

Mayor Rahib Babayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin üç övladı yadigar qalıb.

Rahib Babayevin qızı atasından qürurla danışaraq deyib: “Atam şəhid olmamışdan əvvəl də qəhrəman idi, indi də qəhrəmandır. Mən fəxr edirəm ki, onun qızıyam”.

Mayor Rahib Babayevin Vətən uğrunda yazdığı qəhrəmanlıq dastanı yaddaşlardan silinməyəcək, onun döyüş yolu gələcək nəsillər, xüsusilə də gənclər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.

Ruhun şad olsun, cənab mayor!

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi