Advertisment

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchizatı gücləndirilir – Emin Həsənli

2020-ci ildə bütün dünya Azərbaycan Ordusunun gücünün, yüksək döyüş qabiliyyətinin və peşəkarlığının şahidi oldu. Azərbaycan əsgərinin qəhrəmanlıq əzmi, yüksək mənəvi-psixoloji hazırlığı və Vətənə bağlılığı bütün dünyaya nümayiş etdirildi. Artıq dünyanın qabaqcıl ölkələrinin hərbi akademiyalarında Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar, o cümlədən birgünlük antiterror əməliyyatı öyrənilir, təhlil olunur və araşdırılır.

İstər Rusiya-Ukrayna müharibəsində, istərsə də Yaxın Şərqdə baş verən münaqişələrdə Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların təcrübəsindən istifadə edildiyinin müxtəlif nümunələrini görürük.

Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib.

O bildirib ki, dünyada silah və hərbi texnologiyalar sürətlə inkişaf edir, yeni silah sistemləri istehsal olunur. Azərbaycan Ordusunun da müasir silah və texnika ilə təminatı istiqamətində mühüm və ardıcıl işlər həyata keçirilir. Həm Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni silah sistemləri istehsal olunur, həm də dünyanın qabaqcıl ölkələrindən müasir silah və hərbi texnikalar alınaraq ordumuzun silahlanmasına daxil edilir.

“Hesab edirəm ki, bu istiqamətdə həyata keçirilən işlər artıq ardıcıl və məqsədyönlü xarakter alıb. Dövlətimizin və Ali Baş Komandanımızın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun döyüş hazırlığının daha da yüksəldilməsi, müasir silah və texnika ilə təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycan dövləti qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə icrası üçün ordumuza hər cür maddi və mənəvi dəstəyi göstərir”, - deyə hərbi ekspert vurğulayıb.

AZƏRTAC