Advertisment

İkinci Qarabağ müharibəsinin başlanmasından 6 il ötür

İkinci Qarabağ müharibəsinin başlanmasından 6 il ötür.

 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Bu qərardan sonra Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda isə qismən səfərbərlik elan edildi.

44 gün davam edən Vətən müharibəsində - 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Azərbaycan Ordusunun əks -hücumu qarşısında aciz qalan Ermənistan müharibənin dayandırılması üçün Rusiyaya müraciət etsə də, Moskvanın təşəbbüsü ilə imzalanan üçtərəfli müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin keçmiş Dağlıq Qarabağın ətrafındakı ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

Qeyd edək ki, həmin razılaşmaya əsasən, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları azad edildi.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra, 2 dekabr 2020-ci ildə Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam imzaladı.

Vətən müharibəsindəki şanlı qələbəmiz xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid oldu. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün - 27 sentyabr - Anım Günündə deyil, həmişə ehtiramla yad edir.

Prezident İlham Əliyevin “Anım Günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncamda da qeyd edilir ki, "Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir”.

Bu şanlı Qələbəni xalqımıza yaşatmış hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olundu.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyuldu.

Vətən müharibəsindən sonra qələbənin məntiqi davamı olaraq, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin döyüş meydanındakı qələbəsi diplomatiyada da davam etdi. Müxtəlif ölkələrin “qara piar” kampaniyasına, qızışdırıcı mövqe tutmasına rəğmən Azərbaycan beynəlxalq arenada uğur qazanacaq addımlar atdı. Beləliklə, 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında birgə bəyannamə imzalandı. Bu sənədə əsasən, Azərbaycanın tələbləri nəzərə alınmaqla sülh sazişinin paraflanması aparıldı.

Azərbaycan dövlətinin son 5 ildə ard-arda qazanılan qələbələrinin arxasında 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi və bu savaşda canından-qanından keçən şəhidlərimiz var.

Allah Azərbaycanın bütövlüyü uğrunda canıdan keçən bütün şəhidlərə rəhmət eləsin!

Teleqraf