Advertisment

Zəfər və Qürur Salnaməsi: Tarixi Yazdıran İgidlərin Qanı, Xalqın Dəmir İradəsi

Azərbaycan torpağının hər qarışı şhidlərimizin müqəddəs qanı, qazilərimizin unudulmaz igidliyi və xalqımızın əyilməz iradəsi ilə yoğrulub. Tarix elə qüdrətli səhifələrə malikdir ki, oradan səslənən hər bir nida xalqın milli qürurunu, əsrlər boyu yaşatdığı azadlıq eşqini və haqq səsini əks etdirir. Azərbaycan xalqının şanlı yaddaşında payızın ilk ayı — sentyabr artıq sadəcə təqvim yarpağı deyil, ədalətin bərqərar olduğu, illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımıza üçrəngli bayrağımızın əbədi olaraq sancıldığı qürur məbədidir. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində Ermənistanın xaincəsinə irəli sürdüyü əsassız ərazi iddiaları, havadarlarının açıq dəstəyi ilə yurdumuza uzanan yağı əlləri xalqımızı ağır, lakin sarsılmaz sınaqlarla üz-üzə qoydu. Beynəlxalq təşkilatların, o cümlədən illərlə fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk Qrupunun ikili standartları fonunda BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Lakin Azərbaycan heç vaxt bu haqsızlıqla barışmadı; mərd xalqımız öz gücünə arxalanaraq qələbəyə gedən müqəddəs yolu məhz dəmir birliyi ilə açdı.

Bu haqsızlıqlar xalqımızı parçalamaq əvəzinə, daha sıx yumruq kimi birləşdirdi. 2016-cı ilin aprel döyüşləri düşmənə Azərbaycan əsgərinin polad iradəsini və yumruğunun gücünü göstərən ilk sərt xəbərdarlıq oldu. Zamanın axınına nəzər saldıqda, 2018-ci ilin may ayında Naxçıvan istiqamətində reallaşdırılan məşhur Günnüt əməliyyatı Azərbaycan Ordusunun qüdrətini bir daha bütün dünyaya bəyan etdi. Şərur rayonunun Günnüt kəndi, ətrafdakı strateji yüksəkliklər – Ağbulaq, Qızılqaya, Qaraqaya dağları və Dərələyəz mahalının Arpa kəndi ətrafındakı minlərlə hektar ərazi düşməndən azad edildi. Bu parlaq qələbə ordumuzun döyüş əzmini zirvəyə qaldırdı.

2020-ci ilin iyulunda qəhrəman generalımız Polad Həşimovun və igid zabitlərimizin şəhadəti isə ürəklərdə sönməz bir qisas odu yandırdı, bütün ölkəni ayağa qaldırdı. Həmin günlərdə hər bir azərbaycanlı özünü Ali Baş Komandanın əmrinə müntəzir olan əsgər saydı, minlərlə vətənpərvər gənc hərbi komissarlıqlara axışaraq könüllü şəkildə cəbhəyə üz tutdu. Bu, xalqın, ordunun və dövlətin əbədi birliyinin təntənəsi idi.

Tarixə qızıl hərflərlə yazılan 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi məhz həmin müqəddəs ruhun nəticəsində Zəfərlə taclandı. İllərlə düşmənin keçilməz sandığı sədlər oğullarımızın canı, qanı bahasına, misilsiz fədakarlıqlar hesabına darmadağın edildi. Azərbaycan əsgəri ölümün gözünə dik baxaraq, sinəsini sipər edib zəfəralverən iradə ilə irəli atıldı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı isə hərbçilərimizin peşəkarlığı ilə yanaşı, qanımızdakı vətən eşqinin necə yenilməz olduğunu sübut etdi.

Postmünaqişə dövründə də Azərbaycan Ordusu sərhədlərimizin təhlükəsizliyini qorumaq üçün qətiyyətli addımlarını qətiyyətlə davam etdirdi. 2022-ci ilin mart ayında həyata keçirilən Fərrux əməliyyatı nəticəsində Xocalı rayonunun Fərrux dağı və strateji yüksəklikləri qeyri-qanuni ünsürlərdən təmizləndi. Həmin ilin avqust ayında isə düşmənin növbəti hərbi təxribatına cavab olaraq qəhrəman ordumuz tərəfindən uğurlu “Qisas” əməliyyatı reallaşdırıldı, Qırxqız və Sarıbaba yüksəklikləri nəzarətə götürüldü.

Lakin havadarlarına güvənən erməni tərəfi bu tarixi dərsdən nəticə çıxarmadı. 2023-cü ilin sentyabrına qədər qondarma rejimə maliyyə və silah axdıran İrəvan rəhbərliyi yeni avantüralara əl atdı. Sentyabrın 19-da törədilən xain terror aktı nəticəsində mülki vətəndaşlarımız və hərbçilərimiz şəhid oldu. Bu qanlı təxribat səbr kasasını daşdırdı və haqq səsimiz bir daha gurladı. Hərb tariximizin şah əsəri kimi, 2023-cü il 19-20 sentyabr tarixlərində cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı rəşadətli ordumuz qanunsuz erməni silahlı birləşmələrini sərrast zərbələrlə məhv etdi. Ağ bayraq qaldırmağa məcbur edilən separatçılar təslim oldu, qondarma xunta rejiminin fəaliyyətinə birdəfəlik son qoyuldu.

Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda dalğalanan üçrəngli bayrağımız hər birimizə fəxarət bəxş edirsə, bu, hər şeydən əvvəl canını Vətənə fəda edən şəhidlərimizin müqəddəs ruhu, qazilərimizin döyüşlərdə göstərdiyi unudulmaz igidlik və onların dərdini şərəflə daşıyan ailələrinin əyilməz səbri sayəsindədir. Şəhidlərimizin tökülən hər damla qanı, qazilərimizin döyüş meydanında yazdığı dastanlar bu torpağın əbədi olaraq Azərbaycanın ayrılmaz parçası olduğunu bütün dünyaya sübut etdi. Zəfər bizimdir, haqq bizimdir, qürur mənbəyimiz isə hər zaman canından keçən qəhrəman övladlarımız və onların əziz xatirəsini uca tutan bütöv Azərbaycan xalqıdır!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi