Advertisment

Naxçıvan Dövlət Tarix Muzeyində Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Tarix Muzeyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilib.
Milli dövlətçilik tarixinin, müstəqilliyin bərpasının tarixi-siyasi əhəmiyyətinin və Azərbaycanın inkişaf yolunun müzakirəsinə həsr olunan tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktor əvəzi Lalə Hüseynova giriş sözü ilə çıxış edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Müstəqilliyimiz və ucalan Azərbaycan”, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva isə “Müstəqil Azərbaycan keçmişdən gələcəyə” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd edilib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ölkəmizin dövlət müstəqilliyinin bərpasını hüquqi cəhətdən təsbit edib. 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq iradəsini, suveren dövlət qurmaq əzmini və milli dövlətçilik tarixinin davamlılığını ifadə edən əlamətdar tarixdir.
Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin qorunması, eləcə də Azərbaycanın keçmişdən gələcəyə uzanan inkişaf yolu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində müstəqillik ideyasının tarixi kökləri və milli yaddaşın qorunmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Mövzunun muzey mühitində təqdim edilməsi tarixi faktların və mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirin sonunda iştirakçılar Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyası ilə tanış olublar.


Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü