Advertisment

Yeni Zelandiya müdafiə qüvvələri rəhbərinin istefasının səbəbi açıqlanıb

Yeni Zelandiya müdafiə qüvvələrinin rəhbəri, aviasiya marşalı Toni Devis vəzifəsini tərk edir. Onun istefasının səbəbi bölmə komandiri vəzifəsində çalışdığı müddətdə yaranan və vaxtında məlumat vermədiyi "uyğunsuz münasibətlər"idir.

Herbiand.az bildirir ki, Devis şəxsi səbəblərdən ayrıldığını və keçmişdə qərarların qəbulunda etdiyi səhvlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü deyib.

Marşal komandanlıq vəzifəsində çalışarkən və bunu etmək imkanı olduğu halda münasibətləri açıqlamadığına görə peşman olduğunu etiraf edib. İndi o, ailəsinə diqqət yetirmək niyyətindədir və şəxsi həyatına hörmət edilməsini xahiş edir.

Deviz artıq öz qərarı ilə bağlı müdafiə naziri Pol Qoldsmitə məlumat verib. Nazir onun istefasını dəstəkləyərək "dürüstlük məsələsi" adlandırıb.

Onun yerinə müvəqqəti olaraq müavini Met Uilyams təyin edilib.

Bəxtiyar CƏFƏRLİ