Vətən müharibəsi şəhidi, leytenant Ümid Fərman oğlu Məmmədovun əziz xatirəsi ehtiramla yad edilib.
Anım zamanı şəhidin Vətən qarşısındakı xidmətlərindən, şərəfli hərbi yolundan, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışılıb.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdə şəhidlərimizin misilsiz qəhrəmanlığı mühüm rol oynayıb. Onların əziz xatirəsini yaşatmaq və döyüş yollarını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Ümid Məmmədov 14 mart 1999-cu ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 2005–2013-cü illərdə Nehrəm qəsəbə 3 saylı tam orta məktəbində, 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilini davam etdirib.
Leytenant Ümid Məmmədov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhun şad olsun qəhrəman.
Bəxtiyar ƏLİYEV