24 oktyabr 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi, leytenant Məmmədov Ayxan Rəfail oğlunun şəhadətinin altıncı ildönümü münasibətilə Şərur rayonunun Xanlıqlar kəndində anım tədbiri keçirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyətinin üzvləri, şəhid ailələri və müharibə əlilləri iştirak ediblər.
Anım mərasimində şəhidin Vətənə sədaqətlə xidmət etdiyi qısa, lakin mənalı ömür yolundan, döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqdan söz açılıb. Bildirilib ki, torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.
Ayxan Rəfail oğlu Məmmədov 14 sentyabr 1998-ci ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. İlk təhsilini doğma kəndindəki Zülfüqar Hüseynov adına tam orta məktəbdə alan Ayxan 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016–2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Leytenant hərbi rütbəsinə layiq görülən gənc zabit xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edən Ayxan Məmmədov torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. O, 21 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Doğulub boya-başa çatdığı Xanlıqlar kəndində dəfn edilən igid leytenantın xatirəsi bu gün də doğmalarının, eləcə də onu tanıyanların qəlbində yaşayır.
Ayxan Məmmədovun Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Anım tədbirinin sonunda vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidlərimizin ruhuna dualar oxunub, Ayxan Məmmədovun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bəxtiyar Əliyev