Advertisment

Partiyalar Qarabağa köçəcəkmi?-Sədrdən açıqlama

İşğaldan azad edilmiş Qarabağda şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu proses siyasi partiya və ictimai təşkilatların da Qarabağda fəaliyyət göstərməsi məsələsini gündəmə gətirir.

Bəs partiyalar Ağdamda, Xankəndidə və digər azad edilmiş şəhərlərdə öz ofislərini açacaqlarmı? Əslən Qarabağdan olan siyasətçilər doğma torpaqlara köçərək fəaliyyətlərini orada davam etdirməyi düşünürlərmi?

Herbiand.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, partiyanın mərkəzi qərargahının paytaxtda yerləşməsi ümumi qəbul olunmuş təcrübədir:

“Bununla belə Ağdamda və Xankəndidə də partiya qərargahlarının açılması mümkündür. Yəni Türkiyədə də belədir, Avropada da. Partiyanın mərkəzi ofisi paytaxtda olmalıdır. Onu görə də bizim də mərkəzi ofisimiz Bakıdadır.

Amma Ağdamda da bizim şöbəmiz var, kifayət qədər də uğurla fəaliyyət göstərir. Bu şöbə əvvəllər də fəaliyyət göstərib və Quzanlıda yerləşib. Hazırda isə Ağdamda yaşayan partiya üzvlərimizin bir hissəsi şəhərə köçüb və doğma yurdlarına qayıdıb”.

Akif Nağının sözlərinə görə, müvafiq yer ayrılacağı təqdirdə Ağdam şəhərində qərargahın açılması zərurəti yaranacaq. Partiya sədri deyib ki, Xankəndidə də üzvlər var, amma orada hələlik partiyanın yerli strukturu formalaşmayıb:

“Bələdiyyə seçkilərində biz Xankəndi üzrə namizədimizi müəyyənləşdirmişdik. Orada bələdiyyə olsaydı, seçkilərə qatılacaqdıq. Xankəndi, Xocalı və işğaldan azad edilmiş digər ərazilərdə hələlik yerli strukturlar formalaşmayıb. Bu vəziyyət partiya qərargahlarının yaradılmasını çətinləşdiri.

Amma həmin bölgələrdə partiyanın üzvləri var. Xankəndi, Ağdam, Xocalı və Laçında yaşayan şəxslər üzv olmaq üçün partiyaya müraciət edir. Həmin şəxslər hazırda qeyri-rəsmi olaraq partiyanın nümayəndələri kimi fəaliyyət göstərirlər”.

Akif Nağı deyib ki, gələcəkdə Ağdamın ölkənin paytaxtına çevrilməsi ideyası reallaşarsa, partiya ilk olaraq mərkəzi qərargahı ora köçürməyə hazırdırlar.

Məhəmməd Əliyev

Herbiand.az