Advertisment

Fransada hakerin 4,1 milyon məlumatı ələ keçirdiyi bildirilir

Fransada Kommunist Partiyası (PCF) və “Əyilməz Fransa” (LFI) partiyasından sonra Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Renaissance” partiyası da kiberhücum iddiası ilə gündəmə gəlib. “Chimeraz” təxəllüsü ilə fəaliyyət göstərən haker oktyabrın 24-də partiyaya aid 4,1 milyon məlumatı ələ keçirdiyini iddia edib.

Herbiand.az xəbər verir ki, məlumat sızmaları üzrə ixtisaslaşmış “French Breaches” saytının yazdığına görə, hakerin əlində “Renaissance” seçicilərinə aid çoxsaylı məlumatlar, o cümlədən minlərlə ünvan, seçicilərlə bağlı statistik göstəricilər, GPS koordinatları, siyasi vəzifələr, adlar, soyadlar və seçki kampaniyalarının təşkili ilə bağlı məlumatlar var.

Lakin “Renaissance” partiyası bu iddiaları təkzib edib. “Le Parisien” qəzetinə açıqlamasında partiya bildirib ki, aparılan yoxlamalar onun sistemlərinə və məlumat bazasına hər hansı müdaxilənin baş verdiyini göstərmir. Partiyanın bəyanatına görə, heç bir şəxsi məlumat açıqlanmayıb.

“Renaissance”ın bildirdiyinə əsasən, hakerin əldə etdiyini iddia etdiyi məlumatlar açıq mənbələrdə, o cümlədən Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) resurslarında və partiyanın fəallar üçün nəzərdə tutulmuş platformasında mövcuddur.

Beləliklə, “Chimeraz” bir neçə gün ərzində üç siyasi partiyanı hədəf aldığını iddia edib. Eyni hakerin hücumuna məruz qaldığını bildirən LFI də məlumatların sızmasının ictimaiyyətə açıq məlumatların toplanması ilə bağlı olduğunu açıqlamışdı.