Advertisment

Vətən müharibəsi şəhidi Elvin Teymurovun əziz xatirəsi ehtiramla yad edilib-FOTOLAR

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Babək rayonunun Nehrəm qəsəbəsində Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri Elvin Teymurovun anım günü münasibətilə məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Anım tədbirində çıxış edənlər Elvin Teymurovun Vətənə sədaqətindən, döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açıblar. Bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

Şəhidlərin döyüş yolunun gənc nəslə çatdırılmasının, onlarda Vətənə məhəbbət və milli-mənəvi dəyərlərə bağlılıq hissinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının birliyi, ordumuzun gücü və əsgərlərimizin misilsiz qəhrəmanlığı tarixi Qələbəmizi təmin edən əsas amillərdən olub.

Bu Qələbənin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların Vətən uğrunda göstərdikləri fədakarlığı gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Şəhid ailələrinə diqqət və qayğının göstərilməsinin əhəmiyyəti də qeyd olunub.

Şəhidin ailə üzvləri Elvin Teymurovun həyatından, Vətənə bağlılığından və onunla bağlı unudulmaz xatirələrindən danışıblar. Tədbir iştirakçıları qəhrəman şəhidimizin xatirəsini ehtiramla yad edərək onun igidliyinin hər zaman qürur mənbəyi olacağını bildiriblər.

Qeyd edək ki, Elvin Teymurov 20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. 2005–2016-cı illərdə Elşad Əliyev adına Nehrəm qəsəbə 2 saylı tam orta məktəbində təhsil alıb.

2017–2018-ci illərdə müddətli həqiqi hərbi xidmət keçib, 2020-ci ilin may ayından isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib.

Vətən müharibəsi zamanı Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən, 22 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Nehrəm qəsəbə qəbiristanlığında dəfn olunub.

Bəxtiyar Əliyev