Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sazişə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə qarşı xarici hərbi təcavüz digər üzv dövlətlərə qarşı hücum kimi dəyərləndiriləcək. Bu razılaşma fonunda İranın da sözügedən müdafiə platformasına qoşulması ehtimalı gündəmə gəlib.
Bəs Tehran belə bir ittifaqda təmsil oluna bilərmi? İranın “Məkkə Sazişi”nə qoşulması nə dərəcədə mümkündür və bu addım Yaxın Şərqdə geosiyasi qüvvələr balansına necə təsir göstərə bilər?

Siyasi şərhçi Tural İrfan Herbiand.az-a açıqlamasında deyib ki, İranın “Məkkə Sazişi”nə qoşulması hüquqi-siyasi baxımdan mümkün olsa da, praktiki cəhətdən bunun səmərəli nəticə verəcəyi inandırıcı görünmür: “İttifaqa üzv olan müsəlman ölkələrinin xarici siyasəti, xüsusilə ABŞ və İsraillə münasibətləri İranın siyasi və ideoloji mövqeyindən ciddi şəkildə fərqlənir. Bu fərqlər isə Tehranın ittifaq daxilində ortaq mövqe formalaşdırmasını çətinləşdirə bilər”.
Siyasi şərhçi hesab edir ki, İranın ittifaqa qoşulması ilk növbədə özünə müəyyən siyasi və diplomatik üstünlüklər qazandıra bilər: “Lakin bu addımın digər üzv dövlətlərə və bütövlükdə Yaxın Şərqdəki problemlərin həllinə fayda verəcəyi şübhəlidir.
İranın ideoloji yanaşması və regional siyasəti bu kimi birliklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Tehran müxtəlif dövrlərdə müsəlman ölkələri arasında yaradılan əməkdaşlıq platformalarında məzhəb amilini ön plana çıxarıb və özünü lider mövqeyində təqdim etməyə çalışıb. İranın Livan, Suriya, İraq və Yəməndəki təsir imkanları da region ölkələri arasında ciddi fikir ayrılıqlarına səbəb olan amillərdəndir. Bu təsir dairələri ittifaqa üzv olan bəzi dövlətlərin maraqları ilə ziddiyyət təşkil edir. İranın mövcud siyasi-ideoloji xəttində dəyişiklik etmədən belə bir ittifaqa qoşulması təşkilatın fəaliyyətinə zərbə vura bilər. Tehran ittifaq daxilində də ümumi maraqlardan daha çox öz siyasi məqsədlərini ön plana çıxarmağa çalışa bilər”.
Tural İrfan hesab edir ki, İranın ittifaqa qoşulması ölkəmiz üçün müəyyən çətinliklər yarada bilər: “Xüsusilə Azərbaycanın İsraillə münasibətləri fonunda Tehranın ittifaq daxilindəki mövqeyi əlavə siyasi həssaslıqlara səbəb ola bilər. İranın hazırkı xarici siyasət kursu və regiondakı qarşıdurmalarda tutduğu mövqe dəyişmədiyi təqdirdə, bu ölkənin ittifaqa üzvlüyü ya təşkilatın fəaliyyətində ciddi fikir ayrılıqları yaradacaq, ya da İranın qısa müddətdə həmin birlikdən uzaqlaşmasına gətirib çıxara bilər. Fərqli ideoloji baxışlara və xarici siyasət prioritetlərinə malik dövlətlərin bir ittifaqda birləşməsi yalnız ortaq məqsədlərə xidmət etdiyi halda səmərəli ola bilər. İranın mövcud mövqeyini qoruyaraq bu birliyə qoşulması isə Məkkə İttifaqının gələcək fəaliyyəti və regional əməkdaşlıq perspektivləri baxımından suallar doğurur”.
Yunis İsrəfilov