“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 1 noyabr 2026-cı il tarixdə Ordubad rayonunun Darkənd kəndində Vətən müharibəsi şəhidi Məmmədəliyev Saday Rza oğlunun anım günü qeyd olunub.
Şəhidin əziz xatirəsinə həsr olunmuş tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hərbçilər, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Saday Məmmədəliyevin döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən və göstərdiyi şücaətdən söz açıblar. Vurğulanıb ki, Saday kimi igid oğulların qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Daha sonra məktəblilər Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndiriblər.
Bəxtiyar Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi




