Türkiyənin məşhur aktrisası, teleaparıcı Burcu Kara ətraf mühiti çirkləndirənlərə kəskin etirazını bildirib. İlin bir hissəsini doğulduğu Bursa vilayətinin İznik rayonundakı kənd evində, təbiət qoyunda keçirən aktrisa İznik gölünün sahilində toplanmış məşiət tullantını təmizləyib.
Sahildəki mənzərədən kədərlənən Burcu Kara insanların təbiətə qarşı laqeyd və məsuliyyətsiz münasibətinə sərt reaksiya verib.
Aktrisa sosial media hesabında paylaşım edərək təbiəti və heyvanları sevməyən insanları vicdansız adlandırıb. O, insanların yalnız özlərini deyil, gələcək nəsilləri də düşünməli olduğunu vurğulayıb.
“İnsanların eqoistliyini anlaya bilmirəm. Gələcək nəsillərin taleyinə biganə qalmamalıyıq. Təbiəti və heyvanları sevməyən insan mənim nəzərimdə insan deyil!” – deyə, aktrisa bildirib.
İznik gölünün suyunun hər gün çəkildiyini qeyd edən Burcu Kara bildirib ki, hazırkı vəziyyət yaxşı gələcək vəd etmir: “Tezliklə sahilində gəzməyə bir gölümüz, altında kölgələnəcəyimiz bir ağacımız belə qalmayacaq.
Necə oldu ki, bu qədər laqeyd bir xalqa çevrildik? Bu torpaqlar asanlıqla qazanılmayıb. Sizin kimi vicdansızlar üzündən əcdadlarımızın sümükləri sızlayır!”-deyə o, paylaşımında vurğulayıb.
Aydın