Müasir teatr və kino məkanında hər kəs fərqli rollarla tamaşaçı qarşısına çıxır. Amma səhnənin işıqları sönəndə, aktyor öz daxili dünyası ilə baş-başa qalır. Qonağımız sənət fəlsəfəsi və obrazlara fərqli yanaşması ilə seçilən aktyor Niftalı Namazlıdır.

Biz onunla roldan-rola keçən insanın daxili aləmindən, teatrın bugünkü missiyasından və səhnədən tamaşaçıya uzanan mənəvi körpüdən danışdıq.
-Niftalı bəy, aktyorluq çoxları üçün sadəcə alqış və məşhurluqdur. Bəs sizin pərdəarxası dünyanızda bu sənət nəyi ifadə edir?
-Aktyorluq insanın özündən qaçıb başqasının taleyinə sığınması deyil, əksinə, hər rolda özündən bir parça tapmasıdır. Alqışlar sönəndə geriyə qalan tək şey o obrazın səndə buraxdığı mənəvi izlər olur. Mənim üçün sənət rahatlıq deyil, bir daxili narahatlıqdır.
-Bu gün tamaşaçını təəccübləndirmək çətindir. Səhnədən o görünməyən enerjini və səmimiyyəti qarşı tərəfə ötürməyin formulu nədir?
-Əgər sən səhnədə yalan danışırsansa, ən arxa cərgədə oturan tamaşaçı belə bunu hiss edir. Formulu sadədir: səhnədə oynamaq yox, yaşamaq lazımdır. Rolun içində ağrıyanda da, sevinəndə də səmimi olmalısan. İllüziya yaratmaq olar, amma mənəviyyatı saxtalaşdırmaq olmaz.
-Klassik teatr məktəbi ilə müasir dramaturgiyanın qovşağında dayanan bir aktyor kimi, bu gün teatrımız cəmiyyətə nəyi pıçıldayır?
-Teatr heç vaxt qışqırmamalıdır, o həmişə insanın ruhuna pıçıldamalıdır. Klassik əsərlər bizim bünövrəmizdir, müasir yanaşmalar isə bu günün dilidir. Teatr cəmiyyətin güzgüsü olmaqla bərabər, həm də onun vicdanıdır. Biz səhnədən insanlara rəqəmsallaşan dünyada insan qalmağın yollarını xatırlatmalüyıq.
-Bir aktyor olaraq hələ də kəşf etmədiyiniz, daxilinizdə ssenarisini yazdığınız o ən böyük rol hansıdır?
-Hər yeni rol mənim üçün açılmamış bir kitabdır. Amma ən böyük rol hələ qarşıdadır – o roldur ki, tamaşaçı zalı tərk edəndə evə sakitcə gedə bilməsin, bütün gecəni öz içindəki suallarla vuruşsun. Bax, elə bir obrazın axtarışındayam.
Murad Muradlı
Herbiand.az