Şuşa Humanitar Kollecinin 16 müəllimi işsiz qalıb. Onların sözlərinə görə, dərs yükünün az olması səbəbindən 16 müəllim işdən azad edilib.
Bu barədə müəllimlər Gununsesi.info -ya müraciət edib.
Kollecin fortepiano müəllimi Kamilə Səkixanlı bildirib ki, onun 41 illik pedaqoji təcrübəsi var və pensiyaya çıxmasına cəmi 4 il qalıb. Buna baxmayaraq, dərs yükünün az olması əsas gətirilərək işdən çıxarılıb:
“41 ildir müəllim işləyirəm. Pensiyaya çıxmağıma cəmi 4 il qalıb. Lakin kollecdə yeni direktor təyin olunduqdan sonra işdən çıxarıldıq.
Yeni direktor əvvəlcə orta təhsilli müəllimlərin ixtisara salınacağını bildirdi. Sonra isə səbəbin təhsil deyil, dərs yükünün az olması olduğunu dedi. Bildirildi ki, mənim dərs saatlarım alınaraq ali təhsilli müəllimlər arasında bölüşdürüləcək.
Ümumilikdə 16 müəllim işdən çıxarılıb. Mən də onların arasındayam. 41 illik iş təcrübəm və pensiyaya çıxmağıma cəmi 4 il qalması nəzərə alınmır. 62 yaşımda harda necə iş tapacam?
Bundan başqa, mən şəhid qızıyam, üçüncü qrup əlilliyim var və himayəmdə 9 yaşlı uşaq var. Əlillik statusum implantla əlaqədardır. Buna baxmayaraq, işləmək qabiliyyətim var və işimi davam etdirmək istəyirəm.
Məsələ ilə bağlı nazirə də məktub yazmışam. Nazir müraciətimlə tanış olduqdan sonra direktorla danışmağımı və məni işdən çıxarmağın mümkün olmadığını çatdırmağımı dedi. O, pensiyaya az müddət qalmış müəllimlərin vəziyyətinin nəzərə alınmasının vacibliyini bildirdi.
Mən də direktor Mehriban müəlliməyə yaxınlaşaraq nazirin sözlərini çatdırdım. Bildirdim ki, kollecdə pensiyaya çıxmasına iki, üç və dörd il qalmış üç müəllim var. Heç olmasa, həmin müəllimlərin vəziyyəti nəzərə alınmalı və işdə saxlanılmalıdırlar.
Digər müəllimlər də bu qərara etiraz edirlər. Onlar pensiyaya az müddət qalmış müəllimlərin işdə saxlanılmasını istəyirlər.
Direktor isə yalnız dərs yükünün az olmasını əsas gətirir. Halbuki biz öz ixtisasımız üzrə müəllim kimi çalışmışıq və həmin ixtisas üzrə qəbul olunmuşuq.
Bu məsələ əvvəlki direktorun vaxtında da gündəmə gəlmişdi. Bütün aidiyyəti qurumlara müraciət etmişik. Müraciətlərimizin çatdığı barədə məlumat alsam da, indiyədək heç bir tutarlı cavab almamışıq.
Mən 41 il bu sahədə çalışmışam. İndi pensiyama cəmi 4 il qalmış işsiz qalmışam. Şəhid qızı olmağım, əlillik statusum və himayəmdə azyaşlı uşağın olması da nəzərə alınmayıb. Kollec rəhbərliyindən və aidiyyəti qurumlardan vəziyyətimin araşdırılmasını, hüquqlarımın qorunmasını və işdən çıxarılma qərarına yenidən baxılmasını istəyirəm”.
Məsələ ilə bağlı Şuşa Humanitar Kollecin direktoru Mehriban Qaasımova ilə əlaqə saxladıq.
Gununsesi.info-ya açıqlamasında Mehriban Qasımova bildirdi ki, əvvəlki illərdə yeni ixtisaslar açılmadığı, tələbə sayı və dərs saatları azaldığı üçün bəzi müəllimlər ixtisara düşüb:

“Bəli, müəllimlərin ixtisara düşməsi doğrudur. Amma burada heç bir qərəz yoxdur. Nazirlikdən göndərilən məktuba əsasən, hər bir müəllim 500 saat dərs yükü ilə təmin olunmalıdır.
Kollecimiz publik hüquqi şəxsdir. Bu səbəbdən tələbə sayımız minimum 650 nəfər olmalıdır. Mən kollecə təyin olunandan 10 ay keçir.
Bununla yanaşı, kolleclərdə dərs demək üçün müəllimlərin ali təhsilli olması tələb olunur. Orta ixtisas təhsilli müəllimlər musiqi məktəblərində və ümumtəhsil məktəblərində dərs deyə bilərlər. Hazırda tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində islahatlar aparılır.
İxtisara düşən müəllimlərimizin 25, 30, hətta 40 illik iş stajı var. Mən özüm də onların işdən ayrılmasını istəməzdim. Hər birinə böyük hörmətim var. Lakin fortepiano ixtisası üzrə Bakı Musiqi Akademiyasını, Milli Konservatoriyanı və İncəsənət Universitetini bitirmiş, peşəkar musiqiçilər yetişdirən müəllimlərimiz var. Tələbə sayımız az olduğuna görə mövcud dərs saatlarını ilk növbədə ixtisas müəllimləri arasında bölüşdürmüşük.
Bu məsələ ilə bağlı dəfələrlə Nazirliyə müraciət edərək müəllimlərin ixtisara düşə biləcəyi barədə məlumat vermişəm. Təəssüf ki, dərs saatlarımız bütün müəllimlərə çatmadı. Hətta bir ali təhsilli müəllimimizin dərs yükü cəmi bir saat idi. Digər müəllimimiz isə öz ərizəsi ilə işdən ayrılmışdı. Əgər o da işdən çıxmasaydı, ali təhsilli müəllimimizin də ixtisara düşməsi mümkün idi.
Hazırda kollecdə dərs yükü kifayət qədər deyil. Buna görə də bəzi müəllimlərlə əmək müqaviləsinə xitam vermək məcburiyyətində qaldıq. Bununla belə, ixtisardan sonra bir ay ərzində həmin müəllimlərə əməkhaqlarının müəyyən hissəsi ödənilib, Müəllimlər Günü münasibətilə onlara mükafat da verilib.
Burada heç bir şəxsi münasibət və ya qərəz yoxdur. Hazırda kollecdə islahatlar davam edir. Attestasiyadan keçə bilməyən müəllimlərimiz də var. Onların bəzilərinin pensiya yaşı da çatıb. Dərs saatımız olsaydı, həmin müəllimləri də dərslə təmin edərdim. Mənim heç biri ilə şəxsi problemim yoxdur.
İxtisara düşənlər yalnız orta ixtisas təhsilli müəllimlər olub. Ali təhsilli müəllimləri dərs yükü ilə təmin etmişəm. Orta ixtisas təhsilli müəllimlərə də dərs saatı çatsaydı, təbii ki, onlara da dərs verərdim.
Son illərdə fortepiano ixtisası üzrə cəmi üç tələbə qəbul olunub. Bu qədər az tələbə ilə dərs saatlarını hansı müəllim arasında bölüşdürmək mümkün idi?
Bundan başqa, kollecdə bir laborant işdən ayrılmışdı. Mən Tünzalə, Rəna və Sevinc xanımlara laborant vəzifəsində işləməyi təklif etdim. Bildirdim ki, işçi ehtiyacımız var və bu vəzifədə çalışa bilərlər. Lakin onların heç biri təklifimi qəbul etmədi. Daha sonra həmin vəzifəyə başqa işçi götürdük və hazırda çalışır.
Bir daha qeyd edirəm ki, ixtisara düşən 16 müəllimin hər birinə hörmətim var. Onlar hazırda mənə qarşı narazı olsalar da, hər biri mənim üçün dəyərlidir. İmkanımız və dərs saatımız olsaydı, heç birinin işdən ayrılmasını istəməzdim”.