Advertisment

Ukraynanın Aİ-dən kənar müttəfiqləri maliyyə yardımını 5 dəfə azaldacaq

Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrin 2027-ci ildə Ukraynaya ayırmağı öhdələrinə götürdükləri maliyyə yardımının həcmi əvvəlki illə müqayisədə təxminən 5 dəfə azalacaq.

Britaniyanın “Financial Times” qəzetinin məlumatına görə, bu barədə Avropa Komissiyasının proqnozunda bildirilib.

Məlumata əsasən, Aİ-dən kənarda olan müttəfiqlər 2026-cı ildə Ukraynaya 19 milyard avro ayırmağı öhdələrinə götürdükləri halda, 2027-ci il üçün bu məbləğ cəmi 4 milyard avro təşkil edir.

Yaranmış vəziyyətlə əlaqədar Avropa Komissiyasının rəsmiləri Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsi üçün alternativ mexanizmləri nəzərdən keçirirlər.

Müzakirə olunan variantlar arasında birgə borc qiymətli kağızlarının buraxılması da yer alır.

Bununla yanaşı, Brüssel Ukraynanın ehtiyacları üçün əlavə maliyyə vəsaitlərinin səfərbər edilməsi məqsədilə London, Tokio, Ottava və digər paytaxtlarla danışıqları intensivləşdirir.

APA