Qlobal iqtisadiyyatda tektonik çatların yarandığı və güc balansının geri dönülməz şəkildə dəyişdiyi tarixi bir dönəmin şahidiyik. İllərdir qlobal bazarlara diktə edən, sənayenin və modernləşmənin beşiyi sayılan Avropa artıq köhnəlmiş bazar prinsipləri, astronomik enerji xərcləri və ağır bürokratiya girdabında boğularaq sürətlə geriləyir.
Qoca qitənin sənaye sütunları sarsılarkən, Şərqdə dövlətin mütləq strateji planlaşdırılması, aqressiv subsidiyalaşdırma və texnoloji dominantlıq sayəsində qarşısıalınmaz bir Çin sənayesi doğur. Bu, sadəcə iki tərəf arasında rüsum və ya tarif müharibəsi deyil; bu, bazar iqtisadiyyatının dövlət kapitallı yeni nəsil sənaye modeli qarşısında geri çəkilməyə məcbur olduğu yeni qlobal reallıqdır.
Avropanın öz sənayesini proteksionizm və süni gömrük sədləri ilə xilas etmək cəhdləri isə bu qaçılmaz çökmə prosesini durdurmağa çalışan çarəsiz bir çırpınışdan başqa bir şey deyil.
İqtisadçı ekspert Əyyub Kərimli Herbiand.az-a açıqlamasında bildirib ki, Avropa-Çin ticarət qarşıdurması: qlobal iqtisadiyyat yeni mərhələyə qədəm qoyur.

“Avropa ilə Çin arasında artan ticarət gərginliyi əslində iki fərqli iqtisadi modelin rəqabətinin nəticəsidir. Çin dövlətin strateji planlaşdırması, genişmiqyaslı subsidiyalar və güzəştli maliyyələşmə mexanizmləri hesabına öz sənayesinin beynəlxalq bazarlarda rəqabət üstünlüyünü artırır.
Avropa İttifaqı isə daha çox bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə əsaslanır. Hesab edirəm ki, Avropanın öz sənayesini qorumaq məqsədilə müəyyən proteksionist tədbirlərə əl atması iqtisadi baxımdan başadüşüləndir.
Çünki dövlət tərəfindən subsidiyalaşdırılan Çin məhsulları ilə Avropa istehsalçılarının eyni şərtlərlə rəqabət aparması bir sıra sahələrdə çətinləşir. Xüsusilə avtomobil sənayesi, elektromobillər, günəş panelləri və yüksək texnologiyalar sektorunda bu problem daha qabarıq görünür. Lakin burada mühüm bir məqam var.
Yüksək gömrük rüsumları qısamüddətli dövrdə yerli istehsalçıları qoruya bilsə də, uzunmüddətli perspektivdə istehlak qiymətlərinin artmasına, inflyasiya təzyiqinin güclənməsinə və beynəlxalq ticarətin zəifləməsinə səbəb ola bilər”.
Ekspert hesab edir ki, qarşılıqlı tarif məhdudiyyətləri ticarət müharibələrinin daha geniş miqyas alması riskini artırır: “Fikrimcə, Avropa yalnız tarif siyasətinə arxalanmamalıdır. Avropa sənayesinin əsas problemi həm də yüksək enerji xərcləri, istehsalın maya dəyəri və bəzi texnoloji istiqamətlərdə rəqabət qabiliyyətinin zəifləməsidir.
Bu səbəbdən innovasiyalara investisiyaların artırılması, istehsalın modernləşdirilməsi və sənaye siyasətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bununla belə, baş verənləri qlobal azad ticarətin tamamilə sona çatması kimi qiymətləndirmək düzgün olmazdı. Əslində, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur. Əvvəllər beynəlxalq ticarətdə əsas meyar məhsulun qiyməti və keyfiyyəti idisə, indi iqtisadi təhlükəsizlik, strateji müstəqillik və dövlətlərin sənaye siyasəti də ön plana çıxır.
Bu qarşıdurmanın Azərbaycan üçün də müəyyən iqtisadi nəticələri ola bilər.
Qlobal istehsal və təchizat zəncirlərinin yenidən formalaşması ölkəmizin tranzit-logistika imkanlarını genişləndirə, Orta Dəhlizin əhəmiyyətini artıra və yeni investisiyaların cəlb olunmasına şərait yarada bilər.
Nəticə etibarilə, hesab edirəm ki, XXI əsrin əsas iqtisadi mübarizəsi azad ticarətlə proteksionizm arasında deyil, dövlət dəstəyi ilə formalaşan rəqabət üstünlükləri və bazar prinsipləri arasında gedəcək. Bu prosesdə uğur qazanan ölkələr yalnız öz bazarlarını qoruyanlar deyil, eyni zamanda innovasiya, məhsuldarlıq və texnoloji inkişaf hesabına rəqabət qabiliyyətini artıranlar olacaq.
Məhəmməd Əliyev