8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunu, qəhrəmanlığını və azadlıq iradəsini təcəssüm etdirən tarixi gündür. Bu möhtəşəm Qələbə yalnız hərbi uğur deyil, həm də illərlə həsrətində olduğumuz torpaqlara qovuşmağın, milli birliyimizin və dövlətçilik gücümüzün təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər ədəbiyyatımızda da yeni yaradıcılıq mərhələsinin əsasını qoyub. Şəhidlərin qəhrəmanlığı, əsgərlərin döyüş yolu, Qarabağ həsrəti və Böyük Qayıdış mövzuları şair və yazıçıların əsərlərində geniş əksini tapır. Bu baxımdan, Zəfər Günü Azərbaycan ədəbiyyatında həm tarixi yaddaşın qorunması, həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz Herbiand.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan ədəbiyyatı üçün də yeni mövzular və yaradıcılıq imkanları açıb. Onun sözlərinə görə, bu tarixi hadisənin, şəhidlərin qəhrəmanlığının və xalqımızın mübarizə əzminin bədii əsərlərdə əks olunması gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır:
“Zəfər Bayramı xalqımızın tarixində müstəsna əhəmiyyətə malik hadisədir. Hesab edirəm ki, bu mövzu hələ uzun illər ədəbiyyatımızın əsas istiqamətlərindən biri olacaq. Əminəm ki, 40-50 il sonra da yazıçılarımız möhtəşəm Zəfərimizdən yazacaq, onun qəhrəmanlarını, tarixi əhəmiyyətini və milli yaddaşımızdakı yerini gələcək nəsillərə çatdıracaqlar. Çünki Zəfər yalnız keçmişdə qazanılmış hərbi uğur deyil, həm də bu günümüzü və gələcəyimizi müəyyənləşdirən mənəvi güc, milli özünüdərk və vətənpərvərlik məktəbidir. Bu qələbə gənc nəsli daim ruhlandırmalı, onları yeni hədəflərə və nailiyyətlərə səsləməlidir.
Mən yaradıcılıq istiqamətimə sadiq qalaraq bundan sonra da tarixi romanlar yazacağam. Artıq üç kitabdan ibarət “Qara Yusif” romanını da tamamlamışam. Hesab edirəm ki, xalq keçmişini nə qədər dərindən öyrənərsə, gələcəyə bir o qədər inamla addımlayar. Tariximizdəki qəhrəmanlıq nümunələrini, şəxsiyyətlərin həyat yolunu və mübarizəsini tanıtmaqla gənclərdə yeni qəhrəmanlıq ruhu formalaşdırmaq mümkündür. Bu günün gəncləri də həmin tarixi örnəklərdən güc alaraq öz dövrlərinin qəhrəmanlarına çevrilməlidirlər.
Əsas məsələ cəmiyyət və dövlət qarşısında dayanan hədəflərin düzgün müəyyənləşdirilməsi, gənc nəslin bu hədəflərdən xəbərdar olması və onların reallaşdırılması istiqamətində səfərbər edilməsidir. Dövlətin inkişaf strategiyası olmalı, gənclər də həmin strategiyanın məqsəd və prioritetlərini mənimsəyərək öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar. Hər kəs çalışdığı sahədə peşəkarlığını artırmalı, həmin sahənin inkişafına töhfə verməli və onun təbliği istiqamətində fəal olmalıdır. Zəfərin əsl mahiyyəti də yalnız əldə olunan qələbəni xatırlamaq deyil, bu tarixi uğurdan güc alaraq yeni nailiyyətlərə imza atmaqdır”.
Məhəmməd Əliyev