Advertisment

Texnologiyanın “qırmızı xətti”: Süni intellekt hansı peşələri əvəz edə bilməz?

Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı insanların gündəlik həyatına və peşə fəaliyyətinə ciddi təsir göstərməyə başlayıb. Artıq süni intellekt əsaslı robotlar vasitəsilə xarici dil öyrənənlər, tibbi məsləhətlər alanlar, hətta xəstəlik əlamətlərinə uyğun müalicə və dərman tövsiyələri əldə edənlər var. Bu texnologiyalar bir çox sahədə insan əməyini asanlaşdırmaqla yanaşı, gələcəkdə bəzi peşələrin mövcudluğunu da sual altına qoyur. Xüsusilə müəllimlik, həkimlik və digər ixtisasların süni intellekt tərəfindən əvəzlənməsi ehtimalı cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bəs süni intellekt gələcəkdə müəllim və həkim kimi peşə sahiblərini sıradan çıxara bilərmi, yoxsa insan amili bu sahələrdə hər zaman əvəzolunmaz olaraq qalacaq?

Təhsil eksperti Elmin Nuri Herbiand.az-a açıqlamasında süni intellektin müasir cəmiyyətdəki rolu, onun əmək bazarına təsiri, imkanları və sərhədləri haqqında diqqətçəkən məqamlara toxunub.

Ekspert bildirib ki, hazırda süni intellektin təsir dairəsi yalnız təhsil, həkim resepti yazmaq və ya dil öyrənməklə məhdudlaşmır:

“Bu gün süni intellektin dikt etmədiyi sahə demək olar ki, qalmayıb. Təhsilə və ya dil öyrənməsinə təsir kimi anlayışlar bu məsələnin yüngül tərəfidir. Süni intellekt həyatın bütün sahələrinə yönəlib və məsələyə bu prizmadan yanaşmaq lazımdır. Yalnız birbaşa əl əməyi tələb edən klassik peşələr — bərbər, çilingər, odunçu və s. kimi sahələr, eləcə də həqiqi yaradıcı sənət onun təsirindən kənarda qalır. Düzdür, artıq mahnı bəstələyən, şeir yazan süni intellekt alətləri var, lakin bunlar sadəcə imitasiyadır. Dünyanın ən supergüclü süni intellekti belə zəif bir şairin qələmə alacağı canlı emosiyalı şeiri yaza bilməz”.

Elmin Nuri süni intellektə nəzarət mexanizmlərinin vacibliyini və bunların tətbiq olunacağını vurğulayıb:

“Düşünürəm ki, bunun üçün nəzarət mexanizmi tapılacaq və tapılmalıdır da. Xatırlayırsınızsa, təxminən yarım il bundan əvvəl tibb və hüquqi tövsiyələr istiqamətində süni intellektdən məsləhət almağa müəyyən məhdudiyyətlər qoyuldu. Hər şey insanın əlindədir. İnsan öz yaratdığı texnologiyaya elə alqoritm və məhdudiyyətlər qoşa bilər ki, bu, digər sahələrə mənfi təsir etməsin. Bu gün kimsə öz materialını təqdim etməkdən çəkinir, haqlı olduğu halda belə “bu, süni intellekt materialıdır” deyirlər. Lakin əmin olun ki, hələlik süni intellekt indiki durumda çox ciddi təhlükəyə çevrilmədiyi üçün kəskin neqativ hallar yaşanmır. Əgər belə bir neqativlik artarsa, mütləq onun adekvat əks cavabları da olacaq”.

Ekspert süni intellektin yaratdığı ən böyük sosial-iqtisadi reallığın işsizlik təhlükəsi olduğunu diqqətə çatdırıb:

“Müzakirə olunmayacaq reallıq ixtisarlarla bağlıdır. Bununla barışmaq lazımdır. Süni intellektin ən böyük zərərli tərəfi insanları işsiz qoymaq olacaq. Lakin bu zərərin digər tərəfində fayda da var: o, insanın işini daha yaxşı həyata keçirir, iş adamlarını daha çox qane etməyə kömək edir. Müəyyən ixtisaslara-tərcüməçiliyə, hazırlıq kurslarına və bəzi kadr ehtiyaclarına tələbat azalacaq. Amma bu heç vaxt yüz faiz təcriddən ibarət olmayacaq. Yenə də dünyada dil öyrənənlər olacaq, digər işlər görüləcək.

Məsələn, resept yazmaq məsələsini götürək. Mən təhsil eksperti kimi səmimi deyirəm ki, dünyada marağın ən çox artdığı və durmadan yüksəldiyi sahə tibbdir. Əgər süni intellekt tibbi tam əvəz edə bilsəydi, dünyanın inkişaf etmiş supergücləri tibb təhsilinə bu qədər böyük önəm verməzdilər. Deməli, hələ hər şey öz qırmızı xəttinə qədər inkişaf edə biləcək”.

 

Yunis İsrəfilov