Advertisment

Kontr-admiral Rafiq Əsgərov: Silahlı Qüvvələrdə elə bir xidmət sahəsi yoxdur ki, orada Heydər Əliyevin məzunları olmasın

 Tabeliyində olan zabit və əsgərləri mərdanə bir ruhda yetişdirən komandir həmişə qalib olur, nikbinləşir və nadir hallarda içindən yaralana bilər. Bu, hərbçiliyin pozulmaz qanunudur. Komandir həm öz söz və mühakimələrində, həm də bütün xidməti işlərində fərqli əzəmət, mənəvi ucalıq göstərərsə, ədalətli mövqedə duraraq nümunəvi vətənçilik əməlləri ilə seçilərsə, demək, əsl komandirdir. Bu müqəddəs yolda hərbi qanun-qaydalara yaxşı əməl edən kəs az büdrəyər. Əldə edilmiş təcrübələr sübut edir ki, hərbçi üstünlüyü təkcə hərbi peşəkarlıq məziyyətlərində əks edilmir, hətta sıra yerişində, ünsiyyət tərzində, əmr nəfəsli baxışlarında, ana yurdun müdafiəsi ilə bağlı arzu və istəklərdə özünü büruzə verir. Milli ordu quruculuğu sahəsində xüsusi xidmətləri ilə öncül mövqe tutmuş çox dəyərli kontr-admiralımız Rafiq Əsgərov həmin yüksək keyfiyyətləri ilə seçilən komandirlərimizdən biri kimi daim sevilməkdədir. Nahaq yerə demirlər ki, münbit şəraitdə çox bar gətirən ağac başını torpağadək aşağı əyər, meyvəsi dərildikdə isə onun başı ucalar. Kontr-admiral Rafiq Əsgərov ucalıqda ömür sürən bir eloğlumuzdur.

      Ötən keşməkeşli tariximizdən bizə yaxşı bəllidir ki, ana yurdumuza namuslu xidmət etmək Rafiq Əsgərovun mənəvi mükafatı olmuşdur. Varlığında sönməz vətənçilik harayı cövlan edirdi. Hərbi davranış və rəftar etolonu onun tərəfindən bir dəfə də pozulmamışdır. 2008-ci ildən ehtiyata buraxılsa da, müzəffər ordumuzla birgə nəfəs alır, daim milli hərb sənətimizin gücünə güc qatır. Gənc hərbçi nəslimizə dəyərli məsləhətlərini verir, təcrübi sınaqlarına istinadən öz tövsiyələrini söyləyir. Ona görə də istefada olan nurani kontr-admiralımız Rafiq Əsgərov xalqımızın gözəgəlimli bir hörmət hədəfidir. 

      Ötən hərb tariximiz yaxşı xatırlanır. Kontr-admiralımız Rafiq Əsgərov əsl hərbçi qanı daşıyaraq keşməkeşli hərbi xidmət illərində hər kəsə nəsib olmayan zirvələri fəth etmişdir. Komandir olduğu kollektivlərdə cəsur ürəkləri məftun edərək örnəkli komandir qələbəsi qazanmışdır. Zaman ağır zaman idi. Bu səbəbdən də hər qələbə asanlıqla əldə edilmirdi. Mənfi təsirlərə baxmayaraq Rafiq Əsgərov zəruri hallarda ülvi məqsədlərə yetişmək məqsədilə kifayət qədər qan-tər axıtmış və ordu quruculuğunun axarlı inkişaf yoluna öz töhfəsini vermişdir.

    Rafiq Əsgərovun doğum məkanı Lerik rayonunun Andurdərə kəndidir. Sovet əyyamında azərbaycanlılara qarşı gizli formada ayrı-seçkilik mövqeyi tutulduğuna görə hərbçiliyə doğru gedən yolumuz bağlanmışdı. Yalnız inadlı cəhdlər hesabına bəzən arzularımız çin olurdu. Nə qədər çətin başa gəlsə də, Rafiq Əsgərov dağ vüqarlı bir igid kimi hərbçi sənətinə yiyələnə bilmişdir. Ona görə ki, vətən sevgisi dərsini uşaq cağlarından mənimsəmişdir. Söz yox ki, bu sevdaya ilahi məhəbbətli atası Kərbəlayı Hacıağa kişi səbəb olmuşdu. Faşizmə qarşı qanlı-qadalı döyüşlərdə mərdanə vuruşan, 1944-cü ilin aprelində ağır yaralanan və Kemerovo şəhərində müalicə olunaraq 2-ci qrup müharibə əlili statusu qazanmış müqəddəs amallı Kərbəlayı Hacıağanın ərsəyə gətirdiyi bir oğul, təbii ki, hünər və cəsarət tələb edən sənət sahibi olmalıydı. Övladına dəyərli əxlaq dərsi keçən anası Şahnaz xanım isə qəhrəman ana statusu qazanmışdı. Rafiq Əsgərov ata öyüdünü, ana nəsihətini heç vaxt unutmamış və ləyaqətli övlad kimi yetişmişdi. Rəhmətlik general-leytenant Valeh Bərşadlı vaxtilə 85 illik yubileyi ilə əlaqədar Kərbəlayı Hacağaya göndərdiyi təbrik məktubunda yazmışdı ki, “sən ulu dağların yenilməz qartalısan. Sənin kimi ləyaqətli ata Rafiq Əsgərov kimi oğlu ilə daim fəxr edə bilər.”   

     Rafiq Əsgərov Bakı şəhər 221 saylı orta məktəbin məzunudur. 1967-ci ildən 1972-ci ilədək S. M. Kirov adına Ali Hərbi Dənizçilik Məktəbini bitirdikdən sonra öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışaraq zəngin təcrübə qazanmışdır. Haqlı olaraq deyirlər ki, təcrübə tələbkar müəllim kimidir: əvvəcə imtahana, sınağa çəkir, sonra qiymətləndirir.   

Məsul vəzifələrdə yalnız “yaxşı” və “əla” qiymətlər alaraq öz zabit şərəfinin ləkələnməsinə yol verməmiş, kamil hərbi dənizçi postuna yiyələnmişdir. Hələ dövlət müstəqilliyimiz elan edilməzdən əvvəl keçmiş Sovet İttifaqı Hərbi Dəniz Donanmasının ali baş komandanı, donanma admiralı, Sovet İttifaqı Qəhrəmanı Çernavinin vəkili olarkən doğma Azərbaycanımızda yeni iş yerlərinin açılması, zəruri avadanlıqların alınması, habelə ekologiyanın qorunması üçün həm real, həm də təsadüfən yaranmış imkanlardan istifadə etmişdir.  

    Rafiq Əsgərov müzəffər ordumuzun il təməl daşını qoyan zabitlərdən biridir və daim bu tarixi missiyasından fəxarət duyur. O əvvəlcə müstəqil dövlətimizin Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi – komandan müavini, sonra isə Hərbi Dəniz Qüvvələrinin komandanı – Müdafiə nazirinin müavini vəzifələrində xidmət etmişdir. 1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Qüvvələrinin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi zamanı hərbi gəmilərin Azərbaycan balansına qəbul edilməsində Rafiq Əsgərov mühüm rol oynamışdır. Həmin mübahisəli bölüşmə prosesində Rusiya müəyyən bəhanələr söyləyərək aldadıcı əməllər törədirdi. Daşnak nəfəsli bəzi rus kadrları Bakı bazasında yerləşdirilmiş müasir gəmiləri açıq dənizə çıxararaq Mahaçqalaya aparmış və geri qaytarmamışlar. Rafiq Əsgərov bu sayaq taktiki hiylələrin qarşısını almışdı. Başqa sözlə desək, Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin yaradılmasında, maddi-texniki bazasının qorunub saxlanılmasında və döyüşə hazır vəziyyətə gətirilməsində onun xüsusi əməyi olmuşdur. Ana yurdumuzun ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə iştirak etmək məqsədilə dəniz piyada taborunun yardılması üçün gecəli-gündüzlü ağır günlər yaşamışdır. Bu tabor Ağdam və Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 1994-cü il aprelin 19-da cəbhə bölgəsinə göndərilmiş və qarşıya qoyulan döyüş tapşırıqlarını fədakarcasına yerinə yetirmişdir. Bünövrəmiz yaxşı qoyulduğuna görə indi Azərbaycan tükənməz dəniz gücünə malikdir.

      Ordu yaranışında ilk təməl daşını qoymaq hər kəsə qismət olan hünər sayılmır. Xüsusən Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində çalışmaq çox böyük məsuliyyət və bacarıq tələb edirdi. Vətəncanlı Rafiq Əsgərov hərbi dənizçilər üçün bir uğurlu uduşa dönmüşdü. Dərin hərbi bilik, sağlam inanc, yüksək hərbi əxlaq və bəsirətli zəka sahibi kimi müşkül məsələlərin çarəsini tez tapırdı. Bu barədə söz düşəndə səmimi şəkildə deyir ki, komandanın bacarıq və nüfuz məsələsi hərbi idarəetmə işində mühüm rol oynayır. Real nüfuz gerçək rəğbət doğurur. O zaman istər təcrübə, istərsə də hörmət şkalasında birinci yeri tutan komandan öz nüfuzunu necə itirə bilərdi?! Bir qayda olaraq bu və ya digər çətin hərbi tapşırığın, qəfil verilən əmrlərin icrası prosesində fədakar fəaliyyət göstərirdi. Qeyri-ixtiyari bir halda hər hansı mənfi istisnalar yaransa da, hərbi əxlaq qaydalarına zidd hərəkətlərə qətiyyən yol verilmirdi. Hərbi dənizçiliyin bütün incəliklərinə yaxşı bələd olan komandan lap yeri gələndə açıq-aşkar bir biçimdə yox, təklikdə özünə təsəlli verir, müəyyən qədər tənqidi yanaşırdı. İcra edilən bütün işlərə görə verilən qiymətləndirmə zamanı haqq-ədalət kölgə altında qalmırdı. Rafiq Əsgərov əngəlli məqamlarda bir hikmətli kəlamı tez-tez misal çəkərdi: deyərdi ki, gəlin hər kəsin haqqına hörmət bəsləyək, yaxşı bilin ki, günəş itər qaranlıq düşər, haqq itər həcmərclik düşər və son nəticədə bəşəri sevgi yox olar.

     C. Naxçıvanski adına hərbi litseyin inkişaf yolunda da kontr-admiral Rafiq Əsgərovun öz dəst-xətti var. Hərbi litseyin həm rəis müavini, həm də rəisi vəzifələrində tutarlı nəticələr qazanmışdır. Demək olar ki, təxminən 7 il ərzində onun fərqli əməli işləri sayəsində bu mühüm təhsil ocağımız inkişaf baxımından ehtimal edilən vaxtı xeyli qabaqlamışdır. Kontr-admiral Rafiq Əsgərov müsahibələrinin birində “Azərbaycanın ordu quruculuğu prosesində litseyin nə kimi rolu olmuşdur” sualına əldə edilən uğurlu faktları sadaladıqdan sonra ümumən belə cavab vermişdir: ”Əgər C.Naxçıvanski adına hərbi litsey möhtərəm prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyev tərəfindən yaradılmasaydı, indi ordumuz bugünkü yüksək səviyyədə olmazdı. Bu gün minlərlə məzunumuz ordu quruculuğuna öz töhfəsini verir. Silahlı Qüvvələrdə elə bir xidmət sahəsi yoxdur ki, orada Heydər Əliyevin məzunları olmasın.”  

     Kontr-admiral Rafiq Əsgərovun fədakar və nümunəvi xidməti yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Orden və medallarının sayı 16-dan çoxdur. 2008-ci ildə təxminən 3 ay Müdafiə nazirinin müşaviri vəzifəsində xidmət etdikdən sonra ehtiyata buraxılmışdır. Rafiq Əsgərov qürurla deyir ki, “müzəffər ordumuzun təməl doktrinası məhz ulu əcdadlarımızın yaratdığı klassik hərb sənəti dəyərlərinə əsasən zənginləşir. Biz ulu babalarımızın layiqli davamçılarıyıq. Mətin ordumuz öz döyüş gücünün memarıdır. Doğrudan da, təməl yaxşı qoyulanda istənilən hədəfə yetişmək üçün hər cür çətinliyi dəf etmək mümkün olur.”

     16 fevral sevimli kontr-admiralımız Rafiq Əsgərovun doğum günüdür. Onun qəlbi daim ana yurdumuzun qəlbi ilə bir döyünür. Təkcə öz silahdaşları, təcrübəli və yaşlı hərbçilər arasında deyil, bütün yurdsevər insanların yanında günəş kimi yeni hüsnkarlıqla şölə saçır. Bu il ömrünün 75-ci baharını yaşayacaq. Arzu edirik ki, heç vaxt beli bükülməsin, ürəyi titrəməsin, gözü arxada qalmasın. Üzümüzə gələn yeni illərdə xoşbəxtliyin ən gözəl nümunələri ona qismət olsun, ömrü daim bərəkət versin, qəmi az, sevinci bol olsun, bəxtəvərliyin nərdivanlarını rahat bir tərzdə qalxa bilsin və həmişə üzügülər olsun!

İbrahim MƏSİMOĞLU

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant