Advertisment

Türkiyədə mütəşəkkil cinayətkar dəstələrin 64 üzvü yaxalanıb

Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı keçirilən əməliyyatlar zamanı 64 şübhəli yaxalanıb. Herbiand.az xəbər verir ki, bu barədə qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial platformasında məlumat verib.

Yerlikaya şübhəlilərdən 36-sının həbs edildiyini, 26 nəfərin məhkəmə nəzarəti altında olduğunu və qalan 2 şəxs barəsində istintaqın davam etdiyini bildirib.

Türkiyəli nazir vətəndaşların kredit fırıldaqçılığı, silah qaçaqmalçılığı, yanacaqla bağlı saxtakarlıq və mütəşəkkil cinayətkar qrupların üzvləri tərəfindən törədilən təhdidlər kimi cinayətlərdən zərər görməsinin qarşısının alındığını vurğulayıb. O qeyd edib: “Şübhəlilər Baş Prokurorluq və Jandarma Komandanlığı ilə koordinasiya şəraitində keçirilən əməliyyatlar zamanı müxtəlif vilayətlərdə yaxalanıb. Onlar, həmçinin Balıkəsirdə kazinolara borc pul verərək və onları borc sənədlərini imzalamağa məcbur edərək vətəndaşları şantaj ediblər. Bundan başqa, Diyarbəkirdə yanacaq fırıldaqçılığı faktları aşkarlanıb. Ordu vilayətində vətəndaşlarımızı saxta çeklər verərək aldadıblar. Kilisdə 6136 saylı Qanunu pozmaq və silah qaçaqmalçılığı cinayətləri törədilib. Şanlıurfada cinayətkarlar özlərini prokuror, polis, əsgər və dövlət məmuru kimi təqdim edərək vətəndaşları aldadıblar. Niydedə sakinlərə yüksək faiz dərəcələri tətbiq edən şəxslər sələmçiliklə məşğul olublar. Prokurorluqlarımız onların barəsində araşdırmalara başlayıb. Əməliyyatlarda iştirak edənləri təbrik edirəm. Məqsədimiz şəhərlərimizin təhlükəsizliyini və vətəndaşlarımızın dincliyini təmin etməkdir. Heç bir mütəşəkkil cinayətkar qrupun millətimizin rahatlığını pozmasına icazə verməyəcəyik”.